21 Azərə gedən yol - 8-ci yazı  Güney Azərbaycan

21 Azərə gedən yol - 8-ci yazı 

ADF-nin yaranması ərəfəsində Güney Azərbaycanda sosial-iqtisadi durum

İXP-nin yaradılmasında, onun ilk dövr fəaliyyətində böyük təşkilatçılıq zəhməti olmuş S.C.Pişəvəri və onun silahdaşları partiyanın xətt-hərəkətindəki əyinti və qüsurları görüb onun Azərbaycan xalqının dərdlərinə əlac edə bilməyəcəyini yəqinləşdirdikdən sonra Azərbaycanda yeni tipli milli və demokratik məfkurəli siyasi bir təşkilata ehtiyac olduğunu anladılar. Bu düşüncə ADF yaranana qədər Güney Azərbaycanda fəaliyyət göstərən «Azərbaycan cəmiyyəti», «Demokratiya ocağı», «Azadlıq cəbhəsi», «Anti-faşist cəmiyyət», «Fəhlə və zəhmətkeşlərin həmkarlar İttifaqı» və s. milli-demokratik ruhlu təşkilat və cəmiyyətlərdə fəaliyyət göstərən milli qüvvələrin qabaqcıl dəstələrinə mənsub olan adamları da, o cümlədən 1943-1944-cü illərdə Tehranda çıxan «Ajirçiləri» də düşündürürdü.
Azərbaycan Demokrat Firqəsinin yaradılması ideyasını büs-bütün xaricə (Bakı və Moskvaya) bağlamaq istəyənlərin yanlışlığı onların həmin dövrdə Güney Azərbaycandakı vəziyyətin real mahiyyətini və məzmununu bilməməsindən, buradakı insanların arzu və istəklərini, çəkilən əzab, əziyyət və zəhmətləri kölgədə qoyub, təsiredici amilləri həlledici səbəb kimi göstərmələrindədir.
Son illərdə həqiqətə söykənən bir sıra arxiv sənədləri əsasında yazılmış əsər və məqalələr, eləcə də Azərbaycanda, İranda, ABŞ və Avropa ölkələrində çap olunmuş bəzi kitablar, sənədlər, memuar və xatirələr 1941-1946-cı illərdə Güney Azərbaycandakı xalq hərəkatının bəzi kölgəli məsələlərini aydınlaşdırmaqda, bu mövzunun öyrənilməsində və tədqiqatçılara, o cümlədən bizə də kömək edib.


* * *

40-cı illərin ortalarında Güney Azərbaycanda milli ruhlu, aydın məramlı, müxtəlif təbəqələri, fərqli baxışları öz sıralarına toplamağı bacaran kütləni vahid hədəfə yönəltmək qabiliyyətində olan bir təşkilata böyük ehtiyac duyulurdu. Nə İXP, nə də yuxarıda adlarını çəkdiyimiz cəmiyyətlər, təşkilat və birliklər bu ehtiyacı yetərincə təmin edə bilmədilər. Ölkə faktiki olaraq iki yol ayrıcında qalmışdı: «Ya mövcud vəziyyətlə razılaşıb şərtsiz olaraq irticaya təslim olmaq, ya da xalqın narazılığını və mübarizə ruhiyyəsini nəzərə alıb, onları təşkilatlandırıb, irtica qüvvələrinə qarşı səfərbər etmək lazım idi. 3-cü yol yox idi! 1941-ci ildən 1945-ci ilin payızınadək keşməkeşli, mürəkkəb və nəticəsiz mübarizə Azərbaycan azadxahlarını yorduğu halda, onlara vahid bir təşkilatın zəruriyyətini hiss etdirmişdi». ADF-nin yaranması ərəfəsində Güney Azərbaycanda təkcə siyasi durum deyil, iqtisadi vəziyyət də bir çox cəhətdən ağır və dözülməz idi.
1945-ci ilin əkin mövsümündə təbii bəla çəyirtkələrin görünməmiş şəkildə əkin sahələrinə hücumu və nəticədə hasil olacaq taxılın və digər dənli bitkilərin zavala məruz qalması taxıl cəhətdən onsuz da korluq çəkən Güney Azərbaycan əhalisini daha ağır imtahana çəkdi. Təbii fəlakət Tehranı nəinki narahat etmirdi, əksinə, o bu aclıq və qıtlıqdan Güney Azərbaycana qarşı bir təzyiq vasitəsi kimi istifadə etməyə çalışırdı. Aclıq və qıtlıqdan əziyyət çəkən əhalinin dövlətin adına ünvanladığı çoxlu sayda şikayət və ərizələr Mərkəzi hökümət tərəfindən Təbrizə gəlmiş general Cahanbaninin başçılıq etdiyi nümayəndə heyətinə təqdim olunsa da, nəticəsiz qalmışdı. Xammalın və texniki avadanlığın gətirilməsinə göstərilən süni maneələr Təbriz, Urmiya, Miyandab (Qoşaçay), Xoy, Ərdəbil və s. şəhərlərdəki sənaye müəssisələrinin və manufakturaların çox vaxt bağlanmasına səbəb olur və ya tam gücü ilə işləyə bilməsinə imkan vermirdi. «Pəşminə», «Büstan», «Şayan» kimi toxuculuq fabrikləri, «İran gön-dəri zavodu» istehsalı dayandırmaq məcburiyyətində qaldılar. Həmin dövrdə Azərbaycanın valisi olmuş Dadvər 1945-ci ilin mayında Tehranda keçirilən mətbuat konfransında etiraf etməyə məcbur olmuşdu ki, «İqtisadi böhran və işsizliyin baş verməsi ilə əlaqədar olaraq Azərbaycan fabrik-zavodlarında yaranmış çətinliklərlə dövlət maraqlanmır. Əməli layihələr hazırlanıb Tehrana göndərilsə də, təəssüflər olsun ki, heç bir cavab verilmir».
1945-ci ilin baharında Məhəmmədrza şahın dəstəyi ilə baş nazir vəzifəsinə gəlmiş Möhsün Sədr (Sədrəl-əşrəf) öz kabinə üzvləri ilə birlikdə şahın sarayında təşkil olunmuş görüşdə iştirak etmiş və orada Azərbaycandakı vəziyyət xüsusi müzakirə olunub. Bu görüşdən sonra Azərbaycandakı ağır sosial-iqtisadi vəziyyətə toxunulmamış, ancaq bu bölgədəki siyasi durumla bağlı tədbirlər paketi hazırlanmışdı. Bu tədbirlərdən biri Azərbaycan xalqına qarşı qəddarlığı və şovinist əhval-ruhiyyəsi ilə fərqlənən Möhtəşəmi Təbrizə vali təyin edildi. Möhtəşəminin Təbrizə gəlişi ilə əlaqədar Təbrizdə və Azərbaycanın digər yerlərində siyasi vəziyyət daha da kəskinləşdi. Dövlət məmurlarının, jandarma və polis qüvvələrinin azadlıq istəyən millətə qarşı zorakılıq və özbaşınalığı həddini aşdı.
Qacarlar hakimiyyəti dövründə İranın sayseçmə əyalətləri sayılan Təbriz, Urmiya, Ərdəbil və s. bölgələr Pəhləvi xanədanlığı dövründə məmləkətin hər cəhətdən geri qalmış ucqarlarına çevrilmişdi. Bu haqda həmin dövrdə çap edilmiş qəzet, jurnal səhifələrində deyim, yazı və etiraflar yetərincə çoxdur. İranın mərkəz şəhərlərində dəmir və şose yolları, tünellər, limanlar, imarət və sarayların çoxu azərbaycandan iş dalınca cənuba üz tutan azərbaycanlıların ağır zəhmət və əməyi ilə salınmış, təkmilləşmiş və istifadəyə hazır vəziyyətə gətirilmişdi. Mərhum Mirzə Kuçikxan demiş «Tehran abad olmaq üçün bütün İran bərbad edilmişdi». Həmin dövrü də Güney Azərbaycandakı vəziyyəti ürək ağrısı ilə təsvir edən S.C.Pişəvəri «Bizi öz halımıza qoysunlar» adlı məqaləsində deyirdi: «Azərbaycan Tehrandan bir şey istəyir: onu öz halına qoysalar kifayətdir. Ona imkan versələr, öz əli ilə öz işlərini idarə etsin, bəsdir. Tehran bizi fələc və məəttəl edib. Göz acmağa yol vermir. Xırda iş görmək istəsək, nəfəsimizi kəsir, əl-qolumuzu bağlayır. Hər gün bir oğrunu ostandar, fərmandar ünvanı altında böyük bir çamadan verib üstümüzə göndərir. Təzə və iti bir ülgüc ilə min dəfələrlə qırxılmış başımızı qırxmaqdan utanmırlar».
1945-ci ilin yazında və yayında Güney Azərbaycanda sosial-siyasi və iqtisadi vəziyyətin ağırlaşması ilə bağlı yeni sosial-iqtisadi çətinliklər günbəgün artırdı. Belə mürəkkəb bir zamanda ADF-nin yaradılmasına qarşı İXP rəhbərliyinin bəzi üzvlərində yaranan qısqanclıq Güney Azərbaycandakı milli qüvvələr üçün mövcud çətinlik və müşkülləri artırdı. «Güney Azərbaycan Demokrat firqəsinin yaradılması istiqamətində aparılan işlərdən Tehran tudəçiləri xəbər tutmuşdular. Onlar bütün vasitələrlə bu işi pozmağa çalışırdılar. Avqustun ilk günlərində Xalq partiyası rəhbərlərindən Ə.Avanesyan, Əmirxizi və Hüseyin Nuri (Fələstin mənşəli yəhudi - C.H.). Təbrizə gəldilər. Baş konsulla görüşdə Avanesyan bildirdi ki, Xalq partiyası MK-nın fikrincə, kənd yerlərində mülkədarlara qarşı fəal çıxış etməyin vaxtı artıq çatmışdır. Bir neçə gündən sonra Tehrandan gəlmiş tudəçilər Xalq partiyası kəndli komitələri nümayəndələrinin müşavirəsini keçirdilər və zəngin təbəqəyə qarşı çıxış etmək barədə göstəriş verdilər». İXP-nin Təbrizə gəlmiş rəhbərləri tərəfindən verilmiş bu göstərişin yerlərdəki real vəziyyətlə (kəndlərdəki siyasi və psixoloji durumla) heç cür uzlaşmaması bir tərəfə qalsın, Firqənin yaradılması ərəfəsində əmələ gələ bilən qatma-qarışıqlıq, sabitliyin pozulması dövlətə və irtica qüvvələrinə firqəni qundağındaca boğmağa əlverişli imkan yaradırdı. ADF-nin yaradılması ərəfəsində firqə rəhbərliyinin bütün bəyanat, çıxış və yazılarında sabitliyin yaradılması, qanunlara riayət olunması, provokasiyalara yol verilməməsi, milli qüvvələrə təmkinli və səbirli hərəkət etmək dönə-dönə tövsiyə olunurdu. Belə bir şəraitdə Azərbaycana gəlmiş İXP nümayəndələrinin xalqı yersiz üsyana qaldırmaq və İran Məclisinin (14-cü çağırış) tribunasından İXP rəhbərinin «Qana qan!» çağırışı Azərbaycandakı siyasi durum üçün heç cür münasib deyildi.
ADF müəssisləri və firqənin yaradılmasını vacib sayanlar var qüvvə ilə Təbrizdə və Güney Azərbaycanda sabitliyi qoruyub saxlamağa çalışdıqları bir vaxtda Təbrizə gəlmiş Tudədə «komissarları» - (Ardaşest Ovonesyan və Əmirxizi) bir dəstə solçu tudəçini yerli mülkədarlar əleyhinə qaldırdılar. Liqvan (Təbrizin yaxınlığında) kəndinə gəlmiş «solçu» tudəçilər kəndlilər tərəfindən dəstəklənmədi (döyülüb, geri qayıtdılar). Buna cavab olaraq tudəçi «komissar»lar 2 gün sonra, 1945-ci il avqustun 9-da 100 nəfərlik bir dəstə ilə yenidən Liqvana gəlib qanlı toqquşma törədirlər. Nəticədə 3 nəfər tudəçi və 3 nNəfər Liqvanlı, o cümlədən 90 yaşlı varlı ağsaqqal Hacı Ehtişami, onun böyük oğlu və nökəri qətlə yetirilir... Liqvandakı yersiz qanlı hadisəni törətməklə kifayətlənməyən tudəçi «komissarlar» Liqvanda həlak olanların dəfni ilə bağlı etiraz əlaməti olaraq Təbrizdə bazar-dükanın bağladılmasına və əhalinin küçələrə tökülməsinə cəhd ediblər.
Liqvandakı hadisəni şişirdib az qala beynəlxalq bir terrora çevirməyə çalışan Tehran hakim dairələri hadisəni təhqiq etmək üçün general Cahanbaninin başçılığı altında xüsusi bir istintaq komissiyasını Təbrizə göndərdi. ADF-nin yaranması ərəfəsində Liqvan kəndində törədilmiş hadisə İXP-yə, onun Təbriz təşkilatına şərəf gətirmədi, əksinə onun Azərbaycandakı fəaliyyətinə kölgə salmış oldu. S.C.Pişəvəri Liqvandakı hadisəni qiymətləndirərkən bildirmişdi: «Xalqı kütləvi işlərə hazırlayan bir təşkilatın yürüş edib, orada yaranmış problemi güc ilə həll etməsi düzgün bir siyasət deyildi. Bu mövcud problemi həll etmək əvəzinə tudə partiyası üçün yeni problemlər ortaya çıxartmışdı». Beləliklə, Azərbaycanda milli-demokratik məramlı bir təşkilatın - ADF-nin yaradılmasına həm «sağdan» (Tehran), həm «soldan» (Tudə) yaradılmış maneələr onlar üçün gözlənilən nəticəni verməmişdi.

Əkrəm Rəhimli - Bije