Güney Azərbaycan milli hökuməti və onun fəaliyyəti - 13-cü yazı  Güney Azərbaycan

Güney Azərbaycan milli hökuməti və onun fəaliyyəti - 13-cü yazı 

Bu 1828-ci ildən İran şahlarının, XX əsrin 20-ci illərindən isə Pəhləvi sülaləsinin caynağına keçirilmiş bir məmləkətin - Güney Azərbaycanın milli azadlıq mübarizəsində qazandığı tarixi qələbə

1905-1911-ci illər Səttarxan hərəkatı (Məşrutə inqlabı) və 1920-ci ildə Şeyx Məhəmməd Xiyabaninin başçılığı altında yaradılmış Milli Əncüməndən sonra 1945-ci il dekabrın 12-də (21 Azər) S.C.Pişəvərinin rəhbərliyi altında Azərbaycan Milli hökumətinin yaradılması XX əsr Güney Azərbaycan milli azadlıq hərəkatının zirvəsi hesab olunur. Bir il ərzində bu hökumətin həyata keçirdiyi tədbirlər və gördüyü işləri mübaliğəsiz demək olar ki, Pəhləvi rejimi on illərlə həyata keçirə bilməmişdi və bilməzdi. Bu həqiqəti müxtəlif əqidəyə mənsub olan müəlliflər öz yazılarında dəfələrlə təkrar etmişlər.
Azərbaycan Milli Məclisi 1945-ci il dekabrın 12-də (21 Azər) keçirdiyi iclasında S.C.Pişəvəriyə Azərbaycan Milli Hökumətini (AMH) təşkil etməyi tapşırdı. S.C.Pişəvəri Məclisin sonrakı iclasında Milli hökumətin tərkibini aşağadakı kimi Məclisin müzakirəsinə təqdim etdi: Baş nazir (vəzir) - Seyid Cəfər Pişəvəri, Daxili İşlər naziri - Salamulla Cavid, Xalq qoşunları naziri - Cəfər Kaviyan, Kənd təsərrüfat naziri - doktor Mehtaş, Maarif naziri - Məhəmməd Biriya, Səhiyyə naziri - doktor Urəngi, Maliyyə naziri - Qulamrza Ilhami, Ədliyyə naziri - Yusif Əzima, Poçt-teleqraf naziri - Mirzə Rəbi Kəbiri, Ticarət və İqtisad naziri - Rza Rəsuli.
Yuxarıdakı tərkib Məclis tərəfindən təsdiqlənəndən sonra Zeynalabdin Qiyami Ali Məhkəmənin rəisi, Firudun İbrahimi isə Baş prokuror vəzifələrinə təyin olunmuşdular.
Azərbaycan Milli hökumətinin fəaliyyətinin başlanğıcında ciddi çətinlik törədən məsələlərdən biri Güney Azərbaycanın ikinci böyük şəhəri Urmiyanın (Rzaiyyə) Tehrana tabe, düşmən əlində qalması idi. Azərbaycan Milli hökuməti öz fəaliyyətinin ilk günündən məsələni danışıqlar yolu ilə, sülhə getməklə həll etmək niyyətində olduğundan, imkan daxilində hərbi toqquşmadan çəkinməyə çalışırdı. «Bilirdik ki, iş davasız, döyüşsüz ötüşməyəcək... Çalışırdıq silah işlətməkdə əvvəlinci olmayaq. Bizi silahlı dəstə yaratmağa məcbur edən Tehran hökumətinin irticaçı ruhiyyəsini bilməyimiz idi» (S.C.Pişəvəri).
Azərbaycan Milli hökumətinin təşkilindən keçən bir həftə ərzində əhalinin yaxından köməkliyi və iştirakı ilə fədai dəstələri tərəfindən Qaradağ mahalı, Ərdəbil, Xalxal, Kəleybər və Miandab rayon və şəhərləri ətraf kəndləri ilə birlikdə şahpərəstlərdən azad edildi. «Aparılan əməliyyatlar zamanı İran ordusunun 5983 nəfər əsgər və zabiti tərksilah edilmiş, onlardan 4 top, 1000 mərmi, 205 pulemyot, 3577 tüfəng, 22 tapanca, 6 tank, 2 minomyot, 300 mina, 470 min patron alınmışdı. Təkcə Rizaiyyə və Ərdəbil jandarm polklarında 2800 nəfərə yaxın jandarm tərksilah edilmiş, onlara məxsus 565 tüfəng, 31 min patron fədailər tərəfindən müsadirə edilmişdi». Əli hər yerdən üzülən Tehran hökuməti öz ümidini Urmiyadakı (o vaxtkı Rzaiyyə) ağır silahlarla və bir neçə tankla təchiz olunmuş 4-cü ostan Qarnizonuna bağladı. Təbrizdə qardaş qırğını salmağa müvəffəq olmayan Tehranın irticaçı qüvvələri qanlı səhnəni Urmiyada yaratmaq istədilər. Bunun üçün 4-cü əyalət (ostan) sayılan Qərbi Azərbaycanın qubernatorunu əvəz edən və Urmiyyə hərbi qarnizonunun başçısı polkovnik Zənginəyə hər cür kömək və şirnikləndirici vədlər verildi.
Urmiya fədailərinin köməyinə gəlmiş ətraf rayonların fədailəri Urmiyadakı kazarmanı mühasirəyə alanadək, polkovnik Zənginənin əmrilə Urmiyada və ətraf kəndlərdə onlarca vətənpərvərə divan tutulmuşdu. Onlarla adam edam edilmiş, evlərinə od vurulmuşdu, ona görə ki, onlar ADF-nin üzvü olmuşlar. «Sədaye-Urmiya» («Urmiyanın səsi») qəzeti həmin dövrün hadisələrini xatırlayaraq yazırdı: «Rzaiyyədəki hərbi qarnizonun komandanı və qubernator əvəzi polkovnik Zənginə bu şəhərdə terror dəstgahı düzəltmişdi. Elə gün olmurdu ki, adamlar onun əmri ilə qətlə yetirilməmiş olsun. Məlum olur ki, hər kəs «mən demokratam» desəydi, dərhal qətlə yetirilirdi». Qarnizonun yerləşdiyi ərazinin hər tərəfdən mühasirəyə alındığını görən Zənginə tankları fədailərin üstünə sürdürdü. Ailəsini hadisələrdən xeyli əvvəl şəhərdən çıxarıb xarici ölkənin konsulluğunda yerləşdirən Zənginə özünə də son ayaqda orada yer etmişdi. Bu xəbər qarnizon zabit və əsgərlərinə çatdırıldıqda, onların çoxu kazarmadan qaçmağa can atmış, bir hissə isə fədailərin üzərinə hücuma keçmək əmrini yerinə yetirməkdən boyun qaçırmışdı.
Zənginənin komandanlığı altında olan qarnizon 17-18 dekabrda tam mühasirəyə alındı. Çıxış yolunu ancaq təslim olmaqda görən qarnizon 19 dekabr 1945-ci ildə təslim olmaq məcburiyyətində qaldı. Bununla da İran adlanan ölkənin daxilində yerləşən qədim Azərbaycan torpaqlarının tam olmasa da, Zəngandan Culfaya qədər, Astaradan Maku və Salmasa qədər kənd və şəhərləri Tehranın əsarətindən azad oldu. Bu 1828-ci ildən İran şahlarının, XX əsrin 20-ci illərindən isə Pəhləvi sülaləsinin caynağına keçirilmiş bir məmləkətin - Güney Azərbaycanın milli azadlıq mübarizəsində qazandığı tarixi qələbə idi.
Hadisələrin iştirakçısı və canlı şahidi olmuş mərhum M.Çeşmazərin yazılarında Azərbaycanın azad olmuş qəsəbə, rayon və şəhərlərinin xronoloji ardıcıllığı belə verilir: 18 noyabr Nəmin, 25 noyabr Zəngan, 26 noyabr Germi, 27 noyabr Astara və Biləsuvar, 1 dekabr Xoy və Maku, 3 dekabr Salmas, 5 dekabr Marağa, 9 dekabr Mərənd və Meşgin, 12 dekabr Təbriz, 13 dekabr Kəleybər və Miyandab, 19 dekabr (28 Azər) Urmiya şəhəri Fədailər tərəfindən azad olmuşdu. Azad edilmiş bölgələrdə Fədai dəstələrinə başçılıq etmişlər: Təbrizdə Cəfər Kaviyan, Marağada Mirzə Kəbi Kəbiri, Sərabda Qulamrza Cavidan, Miyanada Qulam Danişyan, Ərdəbildə Əbdül¬məcid Məhəmmədvənd, Mərənddə Mir Kazım Ələm, Xoyda Nurullaxan Yekani, Urmiyada Məhəmməd Əmin Azadvətən, Zənganda Qulam Hüseynxan Osanlı, Miyandabda Qulu Sübhi, Üsgidə Yadulla Kələntəri, Fərzi Dehqan və s.
***
Azərbaycan Milli hökumətinin fəaliyyəti AMM-nin təqdim etdirdiyi proqram layihəsində əks olunmuşdu. Milli hökumətin bir illik fəaliyyəti bu proqramının icrasına yönəlmişdi. Sinfi mübarizədən imtina edib xüsusi mülkiyyətə dövlət mülkiyyəti qədər hüquq verən AMH əslində 1918-1920-ci illərdə Quzey Azərbaycandakı cümhuriyyətdən sonra Azərbaycanda yaradılmış yeni bir demokratik üsuli-idarə idi. ADF rəhbərliyi altında fəaliyyət göstərən AMH-nin bütün qərarları və icra etdiyi iş proqramı xalqın mənafeyinə, ölkənin tərəqqi və abadlığına, maarif və mədəniyyətin sivil istiqamətə yönəltmək məramına xidmət etmişdi. Nəzərə almaq lazımdır ki, AMH fəaliyyəti Tehran rejimi və onun arxasında duran imperialist qüvvələrin fitnəkarlığı və pozuculuğu, digər tərəfdən başı «neft sevdası» ilə qızışmış Sovet rəhbərliyinin ardıcıl təzyiqləri şəraitində icra edilmişdi. Bu baxımdan AMH-ə və ADF rəhbərliyinə düşündüklərinin çoxunu sərbəst həyata keçirməyə imkan verilməmişdi.
Azərbaycan Milli Məclisinin 1945-ci il 13 dekabr tarixli iclasında təsdiq olunmuş Azərbaycan Milli hökumətinin 20 maddədən ibarət olan iş proqramı öz dövrünə görə o qədər geniş və əhatəlidir ki, burada ondan geniş bəhs açmaq mümkünsüzdür. Odur ki, görülmüş işlərin müxtəsər şərhi ilə kifayətlənməliyik.
Azərbaycan muxtariyyətinin dünyaya tanıtdırılması, demokratik əsaslarla əncümən seçkilərinə başlamaq və əncümənləri təşkil etmək, şəhər və kəndlərin abadlaşdırılması, yerlərdə dövlət vəzifələrinə vətənpərvər və vicdanlı adamları irəli çəkmək, ədalətli vergi qanunu tətbiq etmək, fədai dəstələrinin və xalq qoşunlarının təchizatına və təliminə fikir vermək, tədrisin və bütün ölkədə yazışmaların ana dilində aparılmasına, savadsızlığın ləğv edilməsinə nail olmaq və milli darülfünunun açılmasını tezləşdirmək, iqtisadi tədbirlər sırasında ədalətli torpaq islahatının keçirilməsi, ərbab-rəiyyət münasibətlərinin nizama salınması, dayanmış istehsal müəssisələrinin işə salınması və yeni sənaye obyektlərinin inşası, milli sahibkarlığın dəstəklənməsi və təşviq edilməsi, infrastrukturun nizama salınması və onun ahəngdar işinin təmin edilməsi, işsizliyi aradan qaldırmaq üçün təsirli tədbirlərin həyata keçirilməsi, mütərəqqi iş qanunu və sığortanın tətbiqi, səhiyyə xidmətinin yaxşılaşdırılması, Azərbaycanda yaşayan milli azlıqlara azərbaycanlılarla bərabər hüquq verilməsi və onların milli dil, mədəniyyət, adət-ənənələrinin inkişafına dövlət səviyyəsində qayğı göstərilməsi, İran hökumətinin Azərbaycanın milli mənafeyinə zidd olmayan qərar və qanunlarının tanınması və s. bütün bunlar hamısı Azərbaycan Milli hökumətinin fəaliyyət proqramının əsasını təşkil etmişdi. Bunların hər biri ayrıca bəhsin mövzusudur. Bununla belə deməmək mümkün deyil ki, iqtisadiyyat və quruculuq, milli mədəniyyətin inkişafına göstərilən qayğı, ilk növbədə Azərbaycan türkcəsinin rəsmi dövlət dili elan edilməsi və bütün Azərbaycanda bu qanunun həyata keçirilməsi, Təbrizdə dövlət universiteti, dram teatrı və filarmoniyanın açılması, şair və yazıçılar birliyinin, bəstəkar və memarlar cəmiyyətlərinin yaradılması, çap işinin yüksək səviyyədə təşkili və i.a. işlər Güneydə əsl mənada iqtisadi dirçəliş və mədəni inqilabdan xəbər verirdi.
İstər «12 Şəhrivər» müraciətində və ADF-nin digər sənədlərində, istərsə də Azərbaycan Milli hökumətinin fəaliyyət proqramında ümdə məsələ Azərbaycana İran daxilində muxtariyyətin verilməsi məsələsi idi. Azərbaycan öz muxtariyyətini başlıca dövlətlərin zəmanəti altında Tehrandan istəyirdi. Bu haqda 21 Azər nehzətindən 17 gün sonra, 1945-ci ilin dekabrın 29-da S.C.Pişəvəri ilə ABŞ-ın Təbrizə təzə gəlmiş konsulu Robert Rossou arasındakı söhbətdə də bəhs olunmuşdu. R.Rossounun «əgər şah sizin muxtariyyətinizi tanısa, Azərbaycan demokratları buna necə baxarlar?» sualına S.C.Pişəvəri: «Təkcə şahın tanıması Azərbaycan Milli Muxtariyyətinin mövcudluğu üçün təminat ola bilməz. Şah öz qərarını sabah ləğv edə bilər. Azərbaycan xalqı öz qanuni tələblərinə həqiqi təminat istəyir ki, bu da bütün demokratik dövlətlərin, o cümlədən Amerika hökumətinin yardımından və müdafiəsindən ibarət ola bilər».

Əkrəm Rəhimli