
İranın əksər etnik azlıqları etirazlara çağırış edən vəliəhd şahzadə Rza Pəhləvidən, həm də İran Xalq Mücahidləri Təşkilatından beziblər. Ancaq bu, onların etirazlara qoşulmadığı anlamına gəlmir.
Gunaz.tv
İranda rejim dəyişikliyinə yönəlmiş etirazlar genişlənməkdədir. İnflyasiya təxminən 50 faiz təşkil edir, ancaq əmək haqqı artmayıb. İşsizlik rekord həddə çatıb. Adi iranlılar yoxsulluq həddindən aşağı yaşayır və əsas ehtiyaclarını təmin etmək uğrunda mübarizə aparırlar.
Ancaq İranın etnik azlıq qrupları - istər Azərbaycanlılar, istər kürdlər, istər Əhvazi ərəbləri, istər bəluçlar, istərsə də türkmənlər - kütləvi şəkildə etirazlara qoşulmurlar. Zahirən bu, məntiqli görünmür. Eyni halda Bəlçcistan, Kürdüstan, Cənubi Azərbaycan və ərəb Xuzistanı kimi bölgələr yüksək işsizlikdən, geniş yayılmış yoxsulluqdan, ətraf mühitin məhv edilməsindən və ölkənin qalan hissəsi ilə eyni yüksək inflyasiya dərəcələrindən əziyyət çəkirlər. Əslində, onlar hətta adi fars vətəndaşlarından daha çox əziyyət çəkirlər.
İran təkcə Cənubi Azərbaycanı deyil, həm də Kürdüstan, Bəluçistan və Xuzistanı müstəmləkə edib. Onilliklərdir ki, etnik ərazilər iqtisadi cəhətdən sıxışdırılıb, onların zəngin təbii sərvətləri rejim tərəfindən istismar edilib və yerli əhali yoxsul qalıb.
Cavad Abbasi qeyd edib ki, Cənubi Azərbaycan təkcə coğrafi mövqeyinə görə deyil, həm də zəngin təbii sərvətlərinə, o cümlədən mis, qızıl, molibden, dəmir filizi, nadir minerallar, münbit kənd təsərrüfatı torpaqları, şirin su ehtiyatları və əhəmiyyətli enerji potensialına görə mühüm əhəmiyyət kəsb edir. “Bu ehtiyatlar uzun müddətdir ki, mərkəzi hökumət tərəfindən yerli sakinlərin razılığı və ya investisiyalardan ədalətli gəlir əldə edilmədən çıxarılıb, bu da daxili müstəmləkəçilik nümunələrini gücləndirir.”
İqtisadi məsələdən başqa, İran rejimi onilliklərdir İranın etnik azlıqlarına qarşı sistematik olaraq ayrı-seçkilik edir. Onları ana dilində təhsil almaq və işləmək hüququndan məhrum edərək, həbs və edam edib, işgəncə verib, təzyiq göstərib və sistemli şəkildə repressiya məruz qoyub.
Ancaq fars siyasi nəzəriyyəçisi Rza Pərçizadə vurğulayıb ki, etiraz aksiyalarının Tehranda Rza Pəhləvini dəstəkləyən şüarlarla başlaması İranın etnik azlıqlarının etirazlara qoşulmamasının əsas səbəblərindən biridir. “Bu, atası və babasının hakimiyyəti dövündə müxtəlif yollarla əcdadları repressiyalara məruz qalan bir çox etnik azlıqlar üçün dərin problemdir. Bundan əlavə, hazırda Pəhləvini dəstəkləyən bazanın böyük bir hissəsi etnik azlıqların istək və tələblərinə qarşı çıxır, bu da bu etnik qrupları onlardan daha da uzaqlaşdırır".
Rza Pəhləvi etiraz dalğasına su-istifadə etməyə çalışdı
“İranın etnik qruplarının - kürdlərin, [bəluçların], türklərin və ərəblərin son etirazlarda geniş iştirak etməməsinin əsas səbəbi bir vacib amilə bağlıdır: Pəhləvi lap əvvəldən etiraz dalğasından su-istifadə etməyə çalışıb. O, İran nternathional və Meanoto kimi televiziya şəbəkələrinin köməyi ilə, dublyaj edilmiş videolar, saxta kliplər və onu təbliq etmək üçün hazırlanmış səhnələşdirilmiş məzmunla birlikdə etirazların gedişatını dəyişdirməyə və onları şəxsi təbliğatına çevirməyə çalışıb”,- Kanadada yaşayan kürd jurnalist Sirvan Mənsuri bildirib.
Jurnalist və Günaz TV-nin təsisçisi Əhməd Obali "Jerusalem Post" qəzetinə verdiyi müsahibədə İranın etnik azlıqlarının Rza Pəhləvi və Xalq Mücahidləri Təşkilatı kimi şəxs və cərəyanlara qarşı dərin etimadsızlığının bu qrupların son etirazlarda geniş şəkildə iştirak etməməsinin əsas amillərindən biri olduğunu deyib.
Obali qeyd edib ki, iki tanınmış azərbaycanlı fəal Vədud Əsədi və Tahir Nəqvi Evin həbsxanasında uzunmüddətli həbs cəzasına məhkum edilərək aclıq elan etdikdə, başqa tanınmış Azərbaycan fəalı və 15 ildən çox həbsxanada yatmış Abbas Leisani onlarla həmrəylik əlaməti olaraq həbsxananın qarşısında aclıq aksiyası təşkil edib.
Obalinin sözlərinə görə, “farsdilli media orqanlarının heç biri onların başına gətirilənləri işıqlandırmadı və farsdilli məhbusların heç biri onlara qoşulmadı. Belə anlaşıldı ki, etnik azlıqsansa, ölməyə layiqsən. Nəhayət Lesani Evin həbsxanasının qarşısında həbs edildi, ağır şəkildə döyüldü və bir neçə həftə SEPAH-ın təcridxanasında saxlanıldı. Onlar hətta onun belini və boynunu sındırmağa çalışdılar. Buna görə də o bel nahiyəsindən ciddi zədə alıb və indi güclə ayaq üstə dura bilir. O, hazırda Evin həbsxanasındadır və farsdilli media bu hadisəni işıqlandırmır”.
Ancaq Obali bütün bunlara baxmayaraq, İranın etnik azlıqlarının evdə qalmasına qarşıdır və bildirir ki, Pəhləvi və Xalq Mücahidləri Təşkilatının tərəfdarlarının küçələrdə İranın etnik azlıqlarının bəyənmədiyi şüarlar səsləndirmələrinə rəğmən, azlıqların da aksiyalara qoşulub öz şüarlarını səsləndirmələri məqsədəuyğundur.
Obalı etnik azlıqların etirazlara qoşulmamalarının onların ziyanına olacağına diqqət çəkib: "Passiv olmaq əks nəticə verə bilər. Küçələrdə səsləndirilən şüarlar ürəyimizcə olmasa belə, biz orada olmalı və tələblərimizi irəli sürməliyik".
O, 12 günlük müharibədən sonra İran hökumətinin hazırkı vəziyyətinə toxunaraq, bu dövrü İranda siyasi dəyişiklik üçün "tarixi fürsət" adlandırıb: "İran rejimi iqtisadi, hərbi və siyasi cəhətdən ən zəif mövqeyindədir və indi dəyişiklik üçün lazım olan ideal vaxtdır".
Obali əlavə edib ki, “nüvə obyektlərinə dəyən ziyan çox ciddidir və onların nüvə fəaliyyəti demək olar ki, sıfıra endirilib. İndi bu rejimi devirmək üçün ən yaxşı vaxtdır. Buna görə də, etirazların uğur qazanma şansının yüksək olması üçün Pəhləvi və Xalq Mücahidləri Təşkilatının kənarlaşdırılması vacibdir.”
Reyçel Abraham (14 yanvar 2026)