İrandakı etirazlardakı bölünmə: Etnik azlıqlar niyə küçələrə çıxmır - RƏY Güney Azərbaycan

İrandakı etirazlardakı bölünmə: Etnik azlıqlar niyə küçələrə çıxmır - RƏY

İranın əksər etnik azlıqları həm Rza Pəhləvini, həm də etirazlara çağırış edən Xalq Mücahidləri Təşkilatını ikrah hissi qarşılayırlar.

Gunaz.tv

Günaz TV "The Jerusalem Post" portalında yayınlanan "İrandakı etirazlardakı bölünmə: Etnik azlıqlar niyə küçələrə çıxmır" başlıqlı analitik yazını təqdim edir.

İranda rejim dəyişikliyi tələbi ilə etirazlar genişlənməkdədir. İnflyasiya səviyyəsi təxminən 50% təşkil edir, lakin maaşlar artmayıb. İşsizlik rekord həddə çatıb. Orta statistik iranlı yoxsulluq həddinin altında yaşayır və əsas qida vasitələrini əldə etməkdə çətinlik çəkir.

Lakin İranın etnik azlıqları - istər Azərbaycanlı, istər kürd, istər Əhvazi ərəbləri, istər Bəluc, istərsə də türkmən - etirazlara kütləvi şəkildə qoşulmur. Zahirən bu, məntiqli deyil, çünki Bəlucistan, Kürdüstan, Güney Azərbaycan və Ərəb Xuzistanı kimi bölgələr yüksək işsizlikdən, böyük yoxsulluqdan, ətraf mühitin çirklənməsindən və ölkənin qalan hissəsi ilə eyni yüksək inflyasiya səviyyəsindən əziyyət çəkir. Əslində, onlar orta statistik bir farsdan daha çox əziyyət çəkirlər.

İran təkcə Güney Azərbaycanı deyil, həm də Kürdüstan, Bəlucistan və Xuzistanı müstəmləkə kimi saxlayır. Onilliklərdir ki, fərqli etnik qruplara aid bölgələr iqtisadi cəhətdən sıxışdırılıb, onların geniş təbii sərvətləri rejim tərəfindən sömürülüb, yerli əhali isə yoxsul qalıb.

Cavad Abbasi qeyd edib ki, “Güney Azərbaycan təkcə coğrafi mövqeyinə görə deyil, həm də zəngin təbii sərvətlərinə, o cümlədən mis, qızıl, molibden, dəmir filizi, nadir mineral ehtiyatlarına, münbit kənd təsərrüfatı torpaqlarına, şirin su ehtiyatlarına və əhəmiyyətli enerji potensialına görə mühüm mövqe tutur. Bu sərvətlər uzun müddətdir ki, mərkəzi dövlət tərəfindən yerli razılıq və ya ədalətli yenidən investisiya qoyuluşu olmadan istehlak edilir və bununla da daxili müstəmləkəçilik güclənir.”

İqtisadi məsələdən başqa, İran rejimi onilliklərdir İranın etnik azlıqlarına qarşı sistematik olaraq ayrı-seçkilik edir. Onları ana dilində təhsil almaq və işləmək hüququndan məhrum edir, həbs edir, edam edir, işgəncə verir və sistematik şəkildə zülm edir.

Buna baxmayaraq, fars siyasi nəzəriyyəçisi Rza Parçizadə bildirir ki, İranın etnik azlıqlarının bu etirazlara qoşulmamasının əsas səbəblərindən biri etirazların Tehranda Rza Pəhləvini dəstəkləyən şüarlarla başlamasıdır.

“Bu məsələ, Rza Pəhləvinin atası və babasının hakimiyyəti altında əcdadları müxtəlif yollarla sıxışdırılan bir çox etnik azlıqlar üçün dərin problemdir. Üstəlik, Pəhləvinin hazırkı tərəfdarlarının böyük bir hissəsi etnik azlıqların tələblərinə qarşı düşmən mövqedədir və bu da həmin etnik qruplarıdaha çox özgələşdirir və qıcıqlandıır.” - deyə o bildirib.

Rza Pəhləvi etiraz dalğasından təkan almağa çalışıb

Kanadada yaşayan kürd jurnalist Sirvan Mansuri də bu fikirlə razılaşıb: “İranın etnik icmalarının - kürdlərin, [bəlucilərin], türklərin və ərəblərin son etirazlarda geniş iştirak etməməsinin əsas səbəbi tək bir əsas amilə bağlıdır: Pəhləvi lap başdan etiraz dalğasından təkan almağa çalışdı. O, "Iran International" və "Manoto" kimi televiziya şəbəkələrinin köməyi ilə, dublyaj edilmiş videolar, uydurma kliplər və özünü tanıtmaq üçün hazırlanmış, səhnələşdirilmiş kontentlə birlikdə etirazların gedişatını dəyişdirməyə və onları şəxsi reklamlarına çevirməyə çalışdı.”

Güney Azərbaycanlı dissident jurnalist Əhməd Obalı da həmçinin qeyd edib ki, Pəhləvidən əlavə, Xalq Mücahidləri Qrupu (XMQ) da iranlıları etiraz aksiyalarına çıxmağa çağırıb. Bunlar İranın etnik azlıqlarını nümayişlərə qoşulmaqdan çəkindirən əsas amillərdir.

Obalı qeyd edib ki, iki Azərbaycanlı fəal Vədud Əsədi və Tahir Nəqəvi Evin həbsxanasında uzunmüddətli həbs cəzasına məhkum edilərək aclıq elan edəndə, onlara dəstək olan, həbsxananın qarşısında həmrəylik əlaməti olaraq aclıq aksiyası təşkil edən yalnız başqa bir Azərbaycanlı fəal, 15 il həbs yatmış Abbas Lisani olub.

Obalının sözlərinə görə, “Fars medialarından heç biri onların hekayəsini işıqlandırmayıb və fars məhbuslarından heç biri onların bu eyləminə qoşulmayıb. Bu, sanki o deməkdir ki, etnik azlıqsınızsa, gedin ölün. Sonda Lisani Evin həbsxanasının qarşısında həbs edilib, döyülüb və bir neçə həftə SEPAH-ın həbsxanasında qalıb. Orda onun belini qırmaq istəyiblər. Hazırda onun belə çox ağır durumdadır. O, ayaq üstə güclə dayanır. O, hazırda Evin həbsxanasındadır və fars mediası bu hekayəni işıqlandırmır”.

Lakin Obalı İranın etnik azlıqlarının əsasən evdə oturmasına qarşıdır, o, vurğulayır ki, Pəhləvilər və XMQ küçələrdə İranın etnik azlıqlarının bəyənmədiyi şüarlar səsləndirsələr belə, həmin azlıqlar etirazlara qoşulmaslı və öz şüarlarınıucaltmalıdırlar.

Obalı deyib: “Passiv olmaq Azərbaycanlılara pis təsir göstərəcək. Davam etməyin ən yaxşı yolunu müəyyən etməliyik; İrandakı Azərbaycan rəhbərliyinin 90%-i həbsdədir.”

O, 12 günlük müharibədən sonra İran rejimini devirmək üçün tarixi bir fürsət olduğunu vurğulayıb: “İranın iqtisadiyyatı indikindən daha pis olmayıb, rejim də indiki qədər zəif olmayıb... İranın əlaltıları qeyri-müəyyən vəziyyətdədir, [və] onun hava qüvvələri demək olar ki, yoxdur. Onlar yenidən kefiyyətli komandirlər hazırlamaq üçün çalışırlar. Onlar hələ itirdikləri nüvə alimlərini əvəz edə bilməyiblər...”

Obali əlavə edib: “Nüvə obyektlərinə dəyən ziyan çox ağırdır və onların nüvə fəaliyyəti demək olar ki, sıfırdır. Rejimi devirmək üçün uyğun zaman axtarırıqsa o zaman indidir. Buna görə də, etirazların uğur qazanması üçün Pəhləvi və XMQ-nin kənarda qalması vacibdir.