Erməni “atletləri” Bakıya gəlməyəcək İdman

Erməni “atletləri” Bakıya gəlməyəcək

Azərbaycan yığmasına yeni atlet cəlb olunub

Bakıda atletika üzrə keçiriləcək beynəlxalq turnirin iştirakçıları dəqiqləşib. Bu barədə apasport.az saytına milli komandamızın baş məşqçisi Məhərrəm Sultanzadə məlumat verib. O bildirib ki, Yeniyetmələrin Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Avropa Təsnifat Turnirində 40 ölkənin idmançısı gücünü yoxlayacaq.
Artıq sifariş tarixi bitdiyindən Ermənistan atletlərinin Bakıya gəlməyəcəyi də dəqiqləşib: "Mayın 30-dan iyunun 2-dək Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək yarışa 800-dək idmançı, 200-dək rəsmi nümayəndə gələcək. Bu, Avropanın Çinin Nanjinq şəhərində baş tutacaq Olimpiadaya yeganə lisenziya yarışı olsa da, ermənilər qeydiyyatdan keçməyiblər. Ölkəmizə gələnlər arasında Avropa Atletika Assosiasiyasının prezidenti Hansyorq Virts də olacaq".
36 növ üzrə baş tutacaq yarışa Azərbaycan millisi 16 atletlə qatılmağı planlaşdırır. Sultanzadə bildirib ki, komandamızdan ən azı 2-si lisenziya gözlənilir: "2010-cu ildə Sinqapurda keçirilən ilk Olimpiadada Azərbaycan atletikada təmsil olunmamışdı. Bu dəfə ən azı 2 vəsiqəyə iddia edirik. 3 təkanla tullanmada Nazim Babayev, şüvüllə tullanmada Yelena Qlatkova, 1500 və ya 3000 m məsafəyə qaçışda Bexaseta Xadiyef özlərini yaxşı tərəfdən göstərməlidirlər. Onlardan, Qlatkova ötən ilin sonlarında millimizin şərəfini qoruyur. Marafonçumuz isə yenidir və Həbəşistan əsillidir. Ona çox böyük ümidlər bəslənilir".
Qeyd edək ki, Nanjinq-2014-ə atletika növündə lisenziyalar qitələr üzrə veriləcək. Burada normativlər əsas götürülməyə də bilər. Məsələn, oğlanların 100 m məsafəyə qaçışında ilk 2 yer Çində iştirak hüququ qazanacağı halda, çəkicatmada 1-9-cu yerlər vəsiqəyə sahib olacaqlar.