Türkiyə dilemma qarşısında... Dünya

Türkiyə dilemma qarşısında...

Ərdoğan "heç vaxt icazə verməyəcəyik deyir", Qərb isə Türkiyəni müharibəyə sürükləyir. Türkiyə dilemma qarşısında qalıb.
Türkiyədə parlament seçkilərində AKP-nin təkhakimiyyətlilik istəyi gerçəkləşməyəndən sonra koalision hökumət müzakirələri davam edir. Ortada nəticə yoxdur və hər şey Türkiyənin ziyanına işləyir. Lakin bu gün ölkənin tək problemi kimin hakimiyyətə gəlməsi, yaxud kimlərlə koalisiya qurulması deyil. İkinci və əsas problemin yanında bəlkə də birincisi çox kiçik görünür.
Qərb, konkret Amerika kürdlərin Aralıq dənizinə çıxışını təmin etməyə çalışır və bu, Türkiyənin regional güc olmasını şübhə altına alır, neoosmançılıq fəlsəfəsini alt-üst edir və bu, bölgənin köklü dövlətlərinin heç birinə sərf etməyən kürd dövlətinin qurulmasına aparır.
Hazırda Türkiyə ilə sərhəddə yerləşən Şimali Suriyanın tamamilə kürdlərin əlinə keçmək təhlükəsi var. Belə ki, İraq kürd muxtariyyətinin nəzarətində olan Şimali İraq sərhədindən Suriyanın Kobani vilayətinə qədər olan ərazilər kürdlərin nəzarətindədir. Kürdlər həmçinin Afrin kontonuna nəzarət edir. Kobanidən Afrin kontonuna qədər olan ərazilərin böyük qismi İŞİD-in, kiçik bir zolağı isə mülayim Suriya müxalifətinin əlindədir. Hələbin Azaz vilayətini əhatə edən bu ərazilər Türkiyə ilə sərhəddir. Türkiyəni burada Öncüpnar sərhəd-keçid məntəqəsi ayırır. Türkiyə bu kiçik dəhlizlə Suriya müxalifətinə öz yardımlarını verir.
Plan: Əsas məqsəd xəritədə göy rəngində qeyd olunan kiçik dəhlizin Suriya müxalifətinin əlindən alınması və Türkiyə ilə əlaqənin kəsilməsidir. Bu, müxalifətdən çox, Türkiyəyə böyük zərbə ola bilər. Çünki İŞİD-in nəzarət etdiyi və müxalifətin olduğu ərazilər kürdlərin əlinə keçərsə, Şimali İraqda Afrin kontonuna qədər bütün Şimali Suriyaya kürdlər nəzarət edəcək. Bu, Türkiyənin cənub sərhədlərinin kürdlərin nəzarətinə keçməsidir. Lakin hər şey təkcə ərazilərə nəzarətdən ibarət deyil.
Kürdlər bura nəzarəti ələ alarsa, nələr baş verə bilər?
1. Kürdlər Aralıq dənizinə açıq çıxış əldə edir. Beləliklə, Şimali İraqda kürdlərin nəzarət etdiyi neft ehtiyatları "kürd dəhlizi" adlanan bu ərazilərdən keçərək Aralıq dənizinə, oradan da Avropa bazarlarına çıxarılır.
2. Şimali İraq nefti rəsmi Bağdadın əli ilə Avropa bazarlarına çıxarılır. Razılaşmaya görə, Bağdad hökuməti neftin satışından əldə olunan gəlirlərin 17 faizini kürd muxtariyyətinə verir. Lakin plan baş tutarsa və kürdlər Aralıq dənizinə çıxış əldə edərsə, Bağdad hökumətinə ehtiyac qalmayacaq. Beləliklə, kürdlər neft satışından əldə olunan gəlirlərin 100 faizini əldə edəcək və mərkəzi İraq dövlətindən asılılıq ləğv olunacaq. Bu, kürd dövlətinin qurulması planının tərkib hissəsidir.
3. Bu, eyni zamanda, ABŞ-ın enerji planının gerçəkləşməsidir. Belə ki, kürd muxtariyyəti Bağdad hökumətindən qurtulmaq üçün neft ehtiyatlarını Türkiyə ərazisindən keçərək, Azərbaycanın da əsas payçı olduğu Bakı-Ceyhan boru kəməri ilə Avropa bazarına çıxmaq tezisini irəli sürürdü. Bu, kürdlərin asılılıqda saxlanılması üçün Ankaraya sərf edir. Lakin Amerika Türkiyəni bu enerji planından kənarda saxlamaq məqsədini güdür.
İndiyə qədər ABŞ Şimali İraq neftini üç xətlə ixracını nəzərdə tuturdu. Birincisi, İraq ərazisindən boru kəməri çəkməklə İsrail limanlarının birinə çıxarmaq və tankerlərlə daşımaq. Digər ikisi isə Suriya limanlarına çıxararaq oradan ixrac etmək. Türkiyə hər üç variantda kənarda qalır. Lakin birinci variantda kürd muxtariyyətinin İraq hökumətindən asılılığı yenə də qalır. Bu həm də ABŞ-İraq münasibətlərinin yaxşı olduğu dövrdə ortaya çıxan ideya idi. Lakin indiki situasiya fərqlidir. Suriya ərazisində nəzərdə tutulan digər iki variant isə Bəşər Əsəd hakimiyyətinə sərfəlidir. Hazırda bu da ABŞ-a sərf etmir. Şimali İraqda Aralıq dənizinə qədər əraziləri əhatə edəcək "kürd dəhlizi" yaranacağı təqdirdə isə bunların heç birinə ehtiyac qalmır. Türkiyə yenə də bu layihədən kənarda qalır və əlavə itkilərlə üzləşir. Amerika gələcəkdə İran neftini də bu ərazidən daşımağı düşünür.
4. Türkiyə bununla ərəb ölkələrinə olan çıxışını itirir və beləliklə, gələcəkdə gerçəkləşdirilməsi nəzərdə tutulan neoosmanizm ideologiyasının praktikaya keçidi mümkün olmur.
5. Bu həm də Türkiyənin Yaxın Şərqdəki proseslərə müdaxiləsini zəiflədir və regional güc amilini azaldır.


Plan işə düşdü və Ankara düyməyə basdı


ABŞ-ın "kürd dəhlizi" planı birbaşa İŞİD-in əli ilə işə salındı. Qeyd edək ki, Əsədin devrilməsi üçün 2011-ci ildə başladılan ssenari və İŞİD faktorunun ortaya çıxması, ardınca bu terror qruplaşmasının İraqa girməsi və bölgədə bir çox prosesin iştirakçısına çevrilməsinin arxasında Amerikanın dayandığı artıq məlum məsələdir.
"Kürd dəhlizi" planı Şimali Suriyada Telabyad bölgəsinin İŞİD tərəfindən boşaldılması ilə başladı. Təxminən bir ay öncəyə qədər bu ərazi İŞİD-in nəzarətində idi və kürdlərin nəzarətində olan Heseke vilayəti ilə Kobanini bir-birindən ayırırdı. Belə demək mümkünsə, Şimali İraq sərhədlərindən başlayaraq Telabyada qədər olan ərazilər PKK-nın Suriya qolu olan PYD-nin nəzarətində, Telabyad İŞİD-in, Kobani kürdlərin, buradan Suriya müxalifətinin sahib olduğu ərazilərə qədər olan bölgə yenə İŞİD-in əlində idi. Yəni Şimali Suriyaya kürdlər, İŞİD, Türkiyənin dəstək verdiyi Suriya müxalifəti olmaqla üç qrup nəzarət edir. "Kürd dəhlizi"nin yaranması yolunda bir yox, iki əngəl var idi. İŞİD bir ay öncə heç bir döyüşsüz, qarşıdurmasız Telabyaddan sakit şəkildə çıxdı. Kürdlər bura daxil olmaqla Kobani ilə aralarındakı əngəli qaldırdılar. Daha sonra ikinci əngəli aradan qaldırmaq qalırdı. Bunun üçün İŞİD Suriya müxalifətinin nəzarət etdiyi ərazilərə qədər olan əlindəki bölgədən çıxmalıdır. Təbii ki, bunu sakit formada yox, məhz PYD-nin müdaxiləsinə əsas yaratmaqla etmək mümkün idi. Ötən ayın ortalarında İŞİD Kobaniyə hücum edərək PYD ilə ciddi qarşıdurmaya getdi və yüzlərlə ölənlər oldu. Bu kürdlərin İŞİD-ə qarşı hücuma keçməsinə əsas yaratdı. Əgər bu baş versəydi çox güman ki, İŞİD geri çəkiləcək və Türkiyə üçün mühüm olan ərazilər qədərki bölgəni PYD-yə təslim edəcəkdi. Beləliklə, "kürd dəhlizi"nin qarşısındakı əngəl götürüləcək, Afrin kontonuna birləşərək Aralıq dənizinə çıxış üçün sadəcə kiçik bir ərazini işğal etmək qalacaqdı və bunun reallaşma ehtimalı daha böyük idi.
İŞİD Kobaniyə hücum edərək PYD-nin müdaxiləsinə əsas yaradanda Ankara düyməyə basdı. İŞİD-lə PYD arasında Fərat çayı sahilində döyüşlər şiddətləndiyi zaman kürdlərin çayı keçmək ehtimalı yüksəldi və bu vaxt Türkiyə Milli Təhlükəsizlik Şurası toplandı. Rəsmi Ankaranın açıqladığı qırmızı cizgilərində PYD-nin Fərat çayını keçməməsi əsas amildir. Türkiyə Şimali Suriya ilə sərhədə qoşun yeritdi və bəyan etdi ki, kürdlər Fərat çayını keçəcəyi təqdirdə dərhal müdaxilə edəcək. Məhz bundan sonra bölgədə sakitlik yarandı. Lakin bunun nə vaxta qədər belə davam edəcəyi şübhə altındadır. Çünki ABŞ-ın "kürd dəhlizi" planını indiyə qədər bu bölgə üçün qurulan bütün ssenarilərin onurğa sütunu hesab oluna bilər.
İndi Türkiyə dilemma qarşısında qalıb. PYD qırmızı xətti keçəcəyi təqdirdə Türkiyə ordusu müdaxilə edəcək. Bu, ABŞ-ın Türkiyənin müharibəyə çəkmək planına xidmət edir. Hansı ki, bu plan əvvəldən mövcuddur. Misal üçün, Suriya ərazisində Türkiyənin eksklavı olan Süleyman şah türbəsi bunu üçün ən səmərəli yol idi. İŞİD Hələbdə yerləşən bu türbəyə müdaxilə edəcəkdi və Türkiyə bununla müharibəyə girəcəkdi.
Türkiyə mediasının sonradan ortaya çıxardığı ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş direktoru David Petraeusun iştirakı ilə planlaşdırılan ssenari diqqət çəkir.
"2014-cü il sentyabrın 13-də İŞİD Kobaniyə hücum etdi. Eyni gün HDP-nin həmsədri Səlahəddin Demirtaşa Vaşinqtondan dəvət gəlib. İŞİD Kobanini ələ keçirdikdən bir neçə gün sonra Demirtaş ABŞ-a gedib. Demirtaş Türkiyəyə qayıtdıqdan sonra, Türkiyə hökumətinin İŞİD-ə silah göndərdiyini və həmin silahlarla kürdləri öldürdüyünü bildirib. Türkiyə Süleyman Şah Türbəsini köçürmək məcburiyyətində qalıb, əks halda, ikinci bir "Çuval hadisəsi" baş verəcək və Türkiyə ordusu Suriyaya hərbi müdaxilə etməli olacaqdı. Petraeusun rəhbərlik etdiyi bölük Suriya əsgərlərinin geyimində Süleyman Şah Türbəsinə hücum edəcəkdilər. Bu hadisədən sonra Türkiyənin döyüşə girməsi qaçılmaz olacaqdı. Ancaq Petraeusun bu əməliyyatı barədə informasiya sızdırıldı. Türk tərəfi tələni gördü və geri çəkildi. Petraeus bunu öyrənəndə dəli oldu. İnformasiyanı sızdıran adamı tapmaq üçün bir neçə şübhəlini öldürdü. Türk casusun edam edilib-edilmədiyini bilmirəm. Amma əməliyyat barədə informasiyanı sızdıran bir türk idi", - deyə "Takvim" qəzetinə danışan müəmmalı mənbə bildirib.
Göründüyü kimi, Türkiyəni bütün vasitələrlə müharibəyə çəkmək istəyirlər. Süleyman şah türbəsi planında Ankara önə keçdi. Lakin bu dəfə vəziyyət fərqlidir. Çünki Ankara kürdlərin bu dəhlizə yiyələnməsinə göz yumacağı təqdirdə, böyük geostrateji itki ilə üzləşəcək. Məhz buna görə də Suriya ilə sərhədə ordu yeridilib. Türkiyəni bu bölgədə oyuna salmaqla hədəflənən məqsədlər də bu ölkəni uçuruma aparır.



a) Türkiyə Suriyada müharibəyə girəcəyi təqdirdə ilk növbədə maliyyə və ordu baxımdan itkilərə məruz qalacaq. Bu, dövlətin zəifləməsi ilə nəticələnə bilər.
b) Dünyada Türkiyənin imici korlanacaq və müdaxilə edən dövlət olaraq qəbul olunacaq. Onsuz da kürdləri müdafiə edən dünya gücləri bu dəfə Ankaranı ittiham etmək üçün yaxşı əsas tapacaq.
c) Türkiyənin Suriyada kiminlə müharibə aparacağı da sual altındadır. Yəni bir tərəfdən, kürdlər, digər tərəfdən İŞİD əsas qüvvə olaraq ortaya çıxarılacaq. Hər iki qüvvənin də arxasında Amerika dayanır. Belə ki, Vaşinqton Suriya torpaqlarında kürdlərin və İŞİD-in əli ilə Türkiyəyə qarşı müharibə aparacaq. Bu Türkiyə dövlətini uçuruma apara bilər. Necə ki, ötən əsrin 80-ci illərində SSRİ Əfqanıstanda "tanımadığı düşmənə" qarşı apardığı müharibədən "sağ" çıxa bilmədi və daha sonra dövlət olaraq dağıldı. Türkiyə də eyni proseslə qarşılaşa bilər.
d) Türkiyəni müharibəyə cəlb etməkdə ilkin məqsəd AKP hökumətinin, konkret Ərdoğanın iqtidardan getməsidir. Əgər müharibə olacaqsa, zəifləyən Türkiyə AKP-ni dəstəkləməyəcək. 7 iyun seçkilərində 40 faiz səs toplayaraq zəiflədiyini etiraf edən AKP buna gedəcəksə, daha acı nəticələrlə üzləşə bilər.

Asif Nərimanlı