“Koalisiya danışıqları bitdi” Dünya

“Koalisiya danışıqları bitdi”

Qabil Hüseynli: "Türkiyə üçün çox çətin bir dövr başlayır"

Ankarada Türkiyənin Baş naziri, Ədalət və İnkişaf Partiyasının (AKP) sədri Əhməd Davudoğlu ilə Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı arasında görüş olub.
Böyük Millət Məclisinin (TBMM) binasında keçirilən görüşdə koalisiya hökuməti qurulması və ya hökumət qurmaq mümkün olmazsa, erkən seçkilərə hansı şəkildə gedilməsi müzakirə olunub. Görüşdən hər hansı nəticə əldə edilməzsə, Ə.Davudoğlu hökuməti formalaşdırmaq üçün aldığı səlahiyyəti Prezidentə geri verəcək.
Qeyd edək ki, hökuməti qurmaq üçün Konstitusiyada nəzərdə tutulan müddət avqustun 23-də başa çatır. Həmin tarixdən sonra ya TBMM-nin, ya da Prezidentin erkən seçkilər haqqında qərar qəbul edəcəyi gözlənilir. Ümumiyyətlə, artıq Türkiyədə erkən seçkilərin keçiriləcəyi daha real görünür. AKP sədri Əhməd Davudoğlu da deyib ki, yenidən seçkiyə getmək zərurəti yaranıb. Onun sözlərinə görə, koalisiya hökuməti qurmaq üçün şərait yoxdur: "Türkiyə Böyük Millət Məclisinin qərarı ilə erkən seçkiyə getməyə üstünlük verirəm".
Baş nazir bildirib ki, CHP ilə görüşlər açıq və şəffaf keçib: "İki fərqli siyasi yolu olan partiya kimi dərin fikir ayrılıqlarımızın olduğu hamıya məlumdur. Əsasən xarici siyasət və təhsillə bağlı fikir ayrılıqlarımız var. CHP-yə müddətli bir islahatçı hökumət qurulması və ölkəni seçkidən əvvəl hökumətsiz qoymamaq üçün təklif irəli sürdük. Artıq CHP ilə koalisiya hökuməti qurmaq üçün heç bir şans qalmayıb".
Çox maraqlıdır ki, CHP sədri Kamal Kılıçdaroğlu indiyədək onlara koalisiya təklifi gəlmədiyini bildirib. Onun sözlərinə görə, sadəcə, seçim hökuməti təklifi gəlib: "Mən Türkiyənin tarixi bir fürsəti qaçırdığını düşünürəm. Davudoğlu bizə 2 təklif edib: qısamüddətli bir seçim hökuməti və ya "biz azlıq hökuməti qursaq, bizi kənardan dəstəkləyə bilərsinizmi?"
K.Kılıçdaroğlu vurğulayıb ki, Türkiyənin çox ciddi problemləri var, ən azı 4 il müddətinə davam edəcək koalisiya hökumətinin qurulması lazımdır: "Biz bu fikirlərimizi qarşı tərəfin diqqətinə çatdırdıq. Ancaq AKP üç ay ərzində müəyyən məsələləri həll etməyi, proqramı müəyyənləşdirməyi, daha sonra da seçkiyə getməyi təklif edirdi".
Politoloq Qabil Hüseynli bildirib ki, AKP lap əvvəldən koalisiya qurulmasında maraqlı olmayıb. Onun sözlərinə görə, koalisiya qurmaq üçün ayrılan böyük bir hissəsi AKP ilə CHP arasında sırf nəzəri-siyasi məsələlərin müzakirəsinə həsr olunub: "Bir aya yaxın davam edən danışıqların yekununda Davudoğlu və Kılıcdaroğlu görüşdü. Hamı gözləyirdi ki, həmin gün Türkiyədə yeni bir hökumətin qurulması bəyan ediləcək. Amma əvəzində tərəflərin görüşlərinin bir-birinə uyğun gəlmədiyi, buna görə də koalisyon hökumət qurmağın mümkün olmayacağı bəyan edildi. Kılıcdaroğlu isə dedi ki, onlara bu müddət ərzində koalisiya qurulması təklif olunmayıb. Dedi ki, ən müxtəlif məsələlərlə başımızı qatıblar".
Q.Hüseynli qeyd edib ki, AKP-nin MHP ilə görüşmək niyyəti yox idi: "Böyük etiraz dalğasını görəndən sonra bildirdilər ki, MHP ilə də görüşəcəklər və onunla da koalisyon hökumət qurmaq barədə fikir mübadiləsi aparacaqlar. MHP ilə bu gün (dünən-red.) keçirilən görüşdən sonra Türkiyədə yeni koalisiyalı hökumət qurulması müddətinin başa çatması nəzərdə tutulmalıdır. Bax, beləcə bir nəfərin, yəni ölkə Prezidenti Ərdoğanın bilavasitə istəklərinə uyğun olaraq AKP koalisiyalı hökumət qurulması ideyasını, sadəcə, çərənçiliyə və söz alış-verişinə çevirdi. Nəticə etibarilə ölkədə siyasi böhran daha da dərinləşdi".
Politoloq bildirib ki, bundan sonra AKP ölkədə yeni seçkilər elan etmək üçün mütləq parlamenti toplamalıdırlar: "Parlamentdə ehtiraslar yenidən qızışacaq. Ehtiraslar qızışdıqdan sonra Prezident yeni seçkilərin keçirilməsi barədə sərəncam verə bilər. Buna görə də indi Türkiyə üçün çox çətin bir dövr başlayır. AKP yeni seçkilər keçirib, müəyyən kvalifikasiyalara, müəyyən seçki oyunlarına əl ataraq təkbaşına iqtidar olmaq istəyir, digər partiyalar isə buna müqavimət göstərir. Bu, ölkədə şiddətli siyasi böhran yaradacaq və İŞİD-ə qarşı mübarizə aparıldığı, PKK-nın fəallaşdığı bir dövrdə Türkiyə dövlətçiliyinə heç cür kömək etməyəcək. Bir sözlə, bu gün Türkiyədə yaranmış vəziyyətin belə bir istiqamətə doğru inkişaf etməsinin əsas günahkarı AKP-dir".