Ankara teraktını xüsusi xəfiyyə təşkil edib? Dünya

Ankara teraktını xüsusi xəfiyyə təşkil edib?

Fərhad Mehdiyev: "Bombanı xüsusi təlim keçmiş biri hazırlayıb"

Cavid

Türkiyədə baş verən teraktla bağlı müxtəlif ehtimallar səsləndirilir. Bu barədə bir neçə gün öncə Ankarada xeyli insanın ölümü ilə nəticələn terror hadisəsindən danışarkən politoloq Fərhad Mehdiyev deyib. Politoloq sözügedən olayla bağlı üç mümkün ehtimalın hallandırıldığına diqqət çəkib: "Birinci ehtimal: partlayışı İŞİD-in Türkiyə qanadı həyata keçirib. Diqqət edilsə, bənzər bir hadisə Suruçda da baş vermişdi, eyni qrupa, yəni HDP-yə qarşı idi. Kontr-arqument kimi iddia etmək mümkündür ki, İŞİD bu cür partlayışlara başlayıbsa, maraqlıdır, ələvilərin ideologiyası və yaşamı İŞİD-in dəyərlərinə bu qədər böyük ziddiyət təşkil etdiyi halda onda niyə həmin məzhəbə qarşı bu cür teraktlar təşkil edilmir? İkinci ehtimal: həm Suruç, həm də 10 oktyabr partlayışını Milli İstihbarat Təşkilatı (MİT) həyata keçirib. Suruç teraktından sonra DİN-in heç bir tədbir almaması, mitinqə gələnlərin yoxlanılmaması bu barədə söz-söhbətə yol açıb. Ancaq əks-arqument kimi bu fikir səslənə bilər ki, partlayışdan sonra hökumət günahlandırılırsa, əslində, yaranmış durum onun xeyrinə olmayacaqdısa, belə olan halda MİT niyə buna getsin? Üçüncü ehtimal: hadisənin arxasında AKP hökumətinə zərbə vurmaq, habelə Türkiyədə daha böyük çaxnaşma yaratmaq istəyən xarici xüsusi xidmət orqanlarının - KQB-dən tutmuş SİA, İran, Türkiyə ordusunda bəzi qüvvələrə qədər – dayanmasıdır. Əlbəttə ki, sadalanan bu versiyaların nə dərəcədə düzgün ola biləcəyini ancaq istintaqı aparan orqanlar aydınlaşdıracaq. Lakin əldə olan bəzi faktlara görə artıq nəticələr çıxarmaq mümkündür". Politoloq Ankara teraktının xüsusi kəşfiyyat orqanları tərəfindən törədilməsi ehtimalının daha güclü olduğunu bildirib: "Əvvəla, bomba professional formada hazırlanmış və çox yüksək məhvetmə gücünə sahib idi. İnsanların sıx olduğu yerdə 97 nəfərin ölməsi bunu sübut edir. Bombanı xüsusi təlim keçmiş biri hazırlayıb. Yəni bunu sıradan bir İŞİD döyüşçüsü və ya Türkiyədəki bir radikal islamcı hazırlaya bilməzdi. Bu cür bombaların İraqda, Pakistan və Əfqanistanda istifadə edildiyini görmək mümkündür. İkinci fakt Suruçdakı qətliamdan sonra polisin 10 oktyabrda təhlükəsizlik tədbilərini gücləndirməməsidir. AKP hökumətinin bu partlayışı planlamasını düşünmək absurddur. Çünki bu cür əməllər siyasilər tərəfindən təşkil edildikdə tez-gec ortaya çıxır və məsuliyyətdən yayınmaq mümkün olmur. Lakin hökumətin səhlənkar davrandığını demək mümkündür. HDP-nin Diyarbəkir mitinqindəki təxribatından sonra təhlükəsizlik tədbirləri mütləq qaydada gücləndirilməli idi. Ən inandırıcı ehtimal teraktın arxasında xarici xüsusi xidmət orqanlarının durmasıdır. Lakin onlar da işlərini təmiz görür, ortada mümkün sübutlar saxlamır. Görünür, terakt HDP-yə yönəlsə də, seçkilərdə HDP-nin topladığı səslərin artmasına hesablanıb. Artıq kürdlərin çoxluq təşkil etdiyi cənub-şərq vilayətlərində seçicilərin çoxunun AKP-yə deyil, HDP-yə səs verəcəyi barədə sorğu nəticələri ortaya çıxmaqdadır". Qeyd edək ki, oktyabrın 10-da Türkiyənin paytaxtı Ankarada Dəmiryolu stansiyasına gedən körpünün altında partlayış baş verib. Son məlumata görə, partlayış nəticəsində 97 nəfər həlak olub, 246 nəfər yaralanıb.