Türkiyə Rusiya təyyarəsini vurdu Dünya

Türkiyə Rusiya təyyarəsini vurdu

"ABŞ Rusiya ilə Türkiyəni bölgədə qarşı-qarşıya gətirmək istəyir"
Dünən Türkiyənin Suriya ilə sərhəddindəki Hatay vilayətində qardaş ölkənin hava məkanını pozan Rusiya hərbi təyyarəsi vurulub.
Həmin ərazidə türkmənlər yaşayır. Şahidlər bildiriblər ki, qəzaya uğrayan təyyarə Yamadi kəndində suriyalı qaçqınların yaşadığı çadır düşərgəsinə düşüb. Təyyarə Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "F-16" qırıcıları tərəfindən vurularaq yerə salınıb. Pilotlar katapult edərək təyyarədən çıxa biliblər.
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahından verilən açıqlamada isə bildirilir ki, Rusiya təyyarəsinə edilən xəbərdarlıqlara baxmayaraq, sərhəddi pozmaqda davam edib: "Sərhəddi pozan təyyarəyə 5 dəqiqə ərzində 10 dəfə xəbərdarlıq edilib. Xəbərdarlığa məhəl qoyulmadığından iki F-16 qırıcı təyyarəmiz sərhəddin pozulmasına müdaxilə edib".
Rusiya Müdafiə Nazirliyi təyyarənin Rusiya aviasiyasına məxsus olduğunu bildirib. Nazirlik Su-24 təyyarəsinin Suriya Ərəb Respublikasının ərazisində olduğunu və sərhədi pozmadığını bildirib: "Təyyarə 6000 metr yüksəklikdə olarkən vurulub. Havada olduğu müddət ərzində Türkiyə hava sərhədini pozmayıb və bu fakt sübut olunacaq".
Vurulan döyüş təyyarəsi ilə bağlı Baş nazir Əhməd Davudoğluyla Silahlı Qüvvələrin Baş Qərargah rəisi Hulusi Akar və Xarici İşlər naziri Firudin Sinirlioğlu arasında telefon danışığı olub.
Davudoğlu NATO və əlaqədar ölkələrlə əlaqə qurulması barədə tapşırıq verib.
Türkiyə hava sərhədini pozduğu üçün Türkiyə hərbi təyyarələri tərəfindən vurulan Rusiyaya məxsus "Su24" hərbi təyyarəsinin katapult edən pilotlarından birinin Suriya türkmənlərinin əlində olduğu xəbəri yayılıb.
"CNN Türk"ün Türkiyə-Suriya sərhədindəki Hatay vilayətindəki müxbiri Xədicə Dəmircan 2 rus pilotdan birinin tapıldığını və Bayırbucak bölgəsində türkmənlərin əlində olduğunu bildirib. Rusiya hərbi helikopterləri hazırda pilotları tapmaq üçün həmin bölgə üzərində uçuşlar həyata keçirir.
Kremlin Rusiya Su-24 təyyarəsinin Türkiyə tərəfindən vurulmasına reaksiyası özünü çox gözlətməyib. Kremlin mətbuat katibi Dmitri PeskovSuriya-Türkiyə sərhədində baş vermiş hadisəni ciddi insident adlandırıb.
"Hələlik Müdafiə Nazirliyimizdən təyyarəmizin düşmə səbəbləri barədə heç nə eşitməmişik. Dəqiq bilirik ki, təyyarə Suriyanın hava məkanında olub", - deyə o vurğulayıb.
Peskov qeyd edib ki, Rusiya Müdafiə Nazirliyinin bəyanatında təyyarənin vurulduğu iddia olunur. Ona görə də, məlumatın dəqiqləşdirilməsinə qədər Rusiyanın reaksiyasını müzakirə etmək faydasızdır: "Bu barədə tam məlumat olmadan danışmaq düzgün deyil".
BMT-nin Cenevrədəki ofisinin rəsmi nümayəndəsi Əhməd Fauzi bu gün keçirdiyi brifinqdə bildirib ki, Rusiya hərbi təyyarəsi ilə bağlı baş verən insident Suriyada terrorçuluğa qarşı mübarizə ilə bağlı vəziyyəti çətinləşdirə bilər.
"Rusiya təyyarəsinin Türkiyə tərəfindən vurulduğundan xəbərim var. Bu, bölgədə vəziyyəti çətinləşdirə bilər", - deyə Əhməd Fauzi qeyd edib.
O, BMT Təhlükəsizlik Şurasının terrorçuluğa qarşı qətnamə qəbul etdiyini xatırladıb: "Belə mübarizə insan hüquq normalarına uyğun aparılmalı, insan haqlarının müdafiəsinə və qanunlara əsaslanmalıdır".
NATO Su-24 təyyarəsinin Türkiyə tərəfindən vurulması ilə əlaqədar təcili iclas çağırıb.
Böyük Britaniya Xarici İşlər Nazirliyinin sözçüsüTürkiyə-Suriya sərhədi yaxınlığında Rusiya hərbi təyyarəsi ilə bağlı baş verən hadisəni "çox ciddi incident" kimi dəyərləndirib: " Rusiya təyyarəsi Türkiyə-Suriya sərhədi yaxınlığında vurulub. Biz hadisənin detallarını təcili araşdırırıq. Məlumdur ki, bu, çox ciddi insidentdir. Hadisə bağlı daha çox məlumat alana qədər şərh vermək düzgün olmaz".
Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının keçmiş kəşfiyyat rəisi, istefada olan general-polkovnik İsmayıl Haqqı Pekin APA-nın Tükiyə müxbirinə açıqlamasında bildirib ki, hadisəni ətraflı şəkildə təhlil etmək lazımdır: "Bayırbucak bölgəsindəki 2 təpədə Suriyanın rəsmi dövlətinə qarşı vuruşan mücahid qüvvələri-çeçenlər və uyğurlar var. Rusiya havadan, Suriya ordusu isə qurudan irəlilədikcə oradakı cihadçılar təlaşa qapılırlar. Bu hadisədə ABŞ Rusiya ilə Türkiyəni bölgədə qarşı-qarşıya gətirmək istəyir. Türkiyə də bu oyuna gələrək NATO-nun köməyinə müraciət edir. Rusiya təyyarəsinin vurulduğu bölgə ABŞ-İsrail koridorudur, bunu unutmamaq lazımdır".
Onun sözlərinə görə, digər tərəfdən, bölgədəki Lazkiyə-Dəməşq yolunun Suriya dövlətinin nəzarətindən çıxarılması istənilir, elə isə o coğrafiya da Suriya üçün həyati dərəcədə əhəmiyyətlidir: "Kaş Türkiyə başqalarının təhrikinə qapılaraq, o təyyarəni vurmayaydı, çünki Rusiyanın bunu unudacağını zənn etmirəm. Xatırlayın, 2008-ci ildə Gürcüstan Cənubi Osetiyaya hücum edərkən Rusiya oraya müdaxilə etdi. Keçən il Ukraynada cərəyan edən proseslərdə radikal addım ataraq Krımı özünə birləşdirdi. Hazırda Türkiyə ilə Rusiya arasında münasibətlərin inkişafını istəməyən və Avrasiya bölgəsində Rus-Türk əməkdaşlığına qarşı çıxanlar Suriya ərazisində iki ölkəni qarşı-qarşıya gətirməyə çalışır. Xatırlayın, Çin raketlərinin Türkiyəyə verilməsini nəzərdə tutan tender G-20 Zirvə toplantısından 1 gün qabaq ləğv edildi. Rus təyyarəsinin vurulmasından 1 gün sonra - sabah ABŞ Baş qərargah rəisinin birinci müavini Türkiyəyə gəlir. Bunları təsadüfi saymaq mümkün deyil. Türkiyə ilə Rusiya soyuqqanlı hərəkət edərək dərhal mütəxəssislərdən ibarət müştərək komissiya qurmalı və təyyarənin vurulmasının səbəblərini dəqiq şəkildə araşdırmalıdır. Bu hadisənin Rusiya ilə Türkiyə arasında düşmənçilik yaradacağına və iki ölkənin bölgədə münaqişəyə girəcəyinə inanmıram".
Qeyd edək ki, Rusiya siyasətçiləri baş verən hadisəni ənənəvi olaraq aşırı aqressiya ilə qarşılayıblar. Rusiya Dövlət Dumasının vitse-spikeri, "Ədalətli Rusiya" fraksiyasının deputatı Nikolay Leviçev Rusiyanın Türkiyə ilə hava əlaqəsinin kəsməsini təklif edib. Nikolay Leviçev "Rosaviasiya"nın rəhbəri Aleksandr Neradkoya Rusiya təyyarələri üçün terror təhlükəsinin artması ilə əlaqədar Rusiya və Türkiyə arasında hava əlaqəsinin kəsilməsi ilə əlaqədar müraciət ünvanlayıb.
"Türkiyə hava limanlarında terror təhlükəsinə qarşı kompleks tədbirlər görülməyənədək Rusiya və Türkiyə arasında hava əlaqəsinin dayandırılmasının mümkünlüyünü nəzərdən keçirməyinizi xahiş edirəm", - deyə müraciətdə qeyd olunub.
Rusiyalı deputat "Turkish Airlines" aviaşirkətinin hazırda terror təhlükəsinin yüksək olduğu digər Türkiyə şəhərlərindən, o cümlədən İstanbuldan reyslər həyata keçirdiyini xatırladıb: "Türkiyə aeroportlarından Rusiyanın müxtəlif şəhərlərinə reyslər həyata keçirilir. Türkiyə hakimiyyətinin İŞİD-ə qarşı münasibətinin mənfi olmadığı şəraitdə döyüşçülərin Türkiyə aeroportlarına sızması ehtimalı yüksəkdir. Bu da Rusiya təyyarələri üçün terror təhlükəsini artıra bilər".

Türkiyənin Rusiya təyyarəsini vurması ilə bağlı hadisəni şərh edən politoloq Tofiq Abbasov deyib ki, təyyarə insidenti Türkiyə-Rusiya münasibətlərinin gərginlik potensialını artıracaq.
Onun sözlərinə görə, Kreml mövqelərini qorumaq istiqamətində istənilən addımı ata bilər: "Suriya böhranı ətrafında ta əvvəldən iki ölkə tərs-mütənasib yanaşma sərgiləyirdi. Moskva İŞİD-ə qarşı hərbi əməliyyatlara başladıqdan sonra iki ölkə arasındakı anlaşılmazlıqlar bir qədər də dərinləşdi. Moskva Ankaranı İŞİD-lə əlaqələrdə günahlandıraraq bildirir ki, Davudoğlu hökuməti məxfi şəkildə şəriətçilərə maliyyə, silah-sursat və logistik dəstək göstərir. Təbii ki, Ankara bu kimi ittihamları rədd edir. Buna baxmayaraq, həm də Qərb mənbələri Türkiyə ilə Səudiyyə Ərəbistanı və Qətərin ikibaşlı oyun oynamasına işarə edirlər. Məhz İŞİD-in güclü müqavimət potensialına malik olması bölgə dövlətlərinin "İslam dövləti"ndən öz xeyirləri üçün yararlanma anlamına gəlir ki, bu kontekstdə bəzi güc mərkəzlərinin Türkiyəyə iddiaları artır. Sırf texniki baxımdan vurulmuş təyyarə Suriyanın hava hüdudlarını tərk etməyibsə, onda Moskva Ankaraya qarşı tədbir görməyi vacib sayacaq. Çünki Kremlin ABŞ qarşısında öz planı var və Putin administrasiyası bildirir ki, o da Amerika səviyyəsində olan fövqəlgücdür və mövqelərini qorumaq istiqamətində istənilən addımı ata bilər".