Rusiya 2005-ci ilə qayıdacaq Dünya

Rusiya 2005-ci ilə qayıdacaq

Cavid

2016-cı ildə Rusiyada yoxsulluğun səviyyəsi 2005-ci ilin göstəricilərinə qayıdacaq.
Bu barədə Rusiya hökuməti yanında analitik mərkəz, Rusiya Prezidenti yanında Rusiya Xalq Təsərrüfatı və Dövlət Xidməti Akademiyası, Makroiqtisadi Analiz və Qısamüddətli Proqnozlaşdırma Mərkəzi və Ümumdünya Bankına istinadən "Kommersant" yazıb.
Ekspertlərin apardığı araşdırmaların nəticələrinə görə, kasıb təbəqə 2016-cı ildə ölkə əhalisinin yarısını təşkil edə bilər. Rusiya hökuməti yanında analitik mərkəz və Rusiya prezidenti yanında Rusiya Xalq Təsərrüfatı və Dövlət Xidməti Akademiyası xəbərdarlıq edir ki, gələcəkdə kasıbların Rusiya əhalisinin 30-50 faizini təşkil etməsi gözlənilir.
Bildirilir ki, dövlət və şirkətlərdə son illərdə artan istehlak modelinin saxlanılması üçün resurslar yoxdur və sərvətlərin yenidən paylaşdırılması üçün effektiv alətlər yaradılmayıb.
Maliyyə Tədqiqatları üzrə Milli Agentliyin (NAFİ) dekabrın 23-də açıqladığı sorğu nəticələri nümayiş etdirib ki, rusiyalıların əksəriyyəti qiymətlərin artımına görə, mallara və xidmətlərə xərclərini məhdudlaşdırmağa məcbur olub. "İctimai Rəy" Mərkəzinin (FOM) daha əvvəl dərc etdiyi tədqiqata görə, vətəndaşların 49 faizi 2015-ci ildə maddi durumun pisləşdiyini təsdiq edib.
Rusiya Statistika Xidmətinin noyabr ayında açıqladığı məlumatına görə, əhalinin real maaşları 10,9 faiz azalıb. 2015-ci ilin üçüncü rübündə kasıb insanların sayı 17,9 milyon insan (əhalinin 12,4 faizi) təşkil edib. Əmək Nazirliyi isə 2015-ci il rusiyalıların real gəlirlərinin 4-5 faiz düşməsini gözləyir.
Yeri gəlmişkən, Amerikanın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların müddətini 6 ay uzatması və daha 34 nəfəri "qara siyahıya" əlavə etməsi şimal qonşumuzun milyardlıq layihələrini də sual altına qoyur.
Türkiyə mətbuatı xəbər verir ki, sanksiyalar səbəbindən Rusiya artıq Çinlə iqtisadi müqavilələrə üstünlük verir. Lakin iki ölkə arasında imzalanan 400 milyard dollarlıq təbii qaz razılaşmasının reallaşdırılıb-reallaşdırılmayacağı bilinmir.
Bundan əlavə iqtisadi böhran, neftin qiymətinin düşməsi, rublun məzənnəsinin ucuzlaşması səbəbindən ölkə daxilində tikilməsi planlaşdırılan 17 milyard dollarlıq "Altay" və 20 milyard dollarlıq "Sibirin Gücü" boru xətləri təxirə salınıb.
Rusiyanın böyük əhəmiyyət verdiyi enerji layihələrindən biri də "Türk Axını" təbii qaz boru xətti idi. Hansı ki, bu layihə də Türkiyə ilə münasibətlərin gərginləşməsi nəticəsində gündəmdən düşdü.
"Şimal Axını-2" təbii qaz boru xəttinə gəlincə, layihənin də reallaşdırılması artıq sualdır. "Qazprom"la Almaniyanın enerji şirkətləri E.ON və Avstriyanın enerji şirkəti OMV arasında sentyabr ayında razılaşma imzalansa da Polşa, Slovakiya və Ukrayna kimi Şərq Avropa ölkələri layihənin icrasına qarşıdırlar.
Bu arada söylənildi ki, Rusiya şirkətləri Xəzərdəki neft-qaz yatağında işlərini dayandırıb.
Qərbin Rusiyaya tətbiq etdiyi texnoloji sankasiyalar səbəbindən "LUKOYL", "Gazprom" və "Kazmunayqaz" neft-qaz şirkətləri Xəzərdəki "Mərkəz" yatağında qazma-burma işlərini dayandırıblar.
Bu haqda "RİA Novosti" məlumat yayıb.
""Mərkəz" yatağı Rusiya şirkətlərinə aid olmadığından, biz buruq üçün avadanlıq ala bilmirik. Bir yataqda isə qurğu inşa etmək məntiqli deyil. Ona görə də "Gazprom"la işlərə bir az fasilə verməyi qərara aldıq.
Sanksiyalar götürülənə və buruq qurğuları sərbəst olanadək gözləyəcəyik", - "LUKOYL"un prezidenti Vahid Ələkbərov Qərbin Rusiyaya tətbiq etdiyi texnoloji sanksiyalardan danışarkən bildirib.
Qeyd edək ki, "Mərkəz" strukturu Xəzərin mərkəz hissəsində, Rusiya lə Qazaxıstan arasındakı sərhəddə yerləşir. Oradakı işləri "TsnetrKaspneftqaz", "Gazprom" müəssisələri və Qazaxıstanın "Kazmunayqaz" şirkəti ilə "LUKOY" birlikdə görürdülər.
2008-ci ildə həmin ərazidə 169,1 milyon ton neft-qaz kondensat ehtiyatının olduğu aşkarlanıb.