Ermənistanda müxalifət lideri həbs edilib Dünya

Ermənistanda müxalifət lideri həbs edilib

Ermənistan Milli Təhlükəsizlik Xidməti "Vətən və şərəf" müxalifət partiyasının lideri Qarnik Marqaryanı saxlayıb.
Partiya lideri 2015-ci ilin sonunda qaldırılan cinayət işinin araşdırılması çərçivəsində saxlanılıb.
Saxlanılan digər şəxs isə "Yeqvardskaya idman ayaqqabısı fabriki" şirkətinin əsas səhmdarı Vladimir Arakelyandır. Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları cinayət işinin hər iki fiqurantının mənzillərində axtarışlar aparıb.
Qarnik Marqaryan istefada olan milli təhlükəsizlik və daxili işlər xidmətinin polkovnikidir. O, 1993-cü ilə qədər Ermənistan Daxili İşlər Nazirliyinin baş idarəsinə başçılıq edib. Qarnik Marqaryan 1990-cı illərdən ölkənin ictimai-siyasi həyatında fəal iştirak etməyə başlayıb.
Xatırladaq ki,noyabrın 25-də Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları polislə birlikdə əməliyyat keçirərək İrəvanın ətrafındakı evlərdən birində silahlı dəstəni zərərsizləşdirib. İstintaqın məlumatına görə, cinayətkar qruplaşma respublikanın dövlət idarələrini tutmağı və prezident Serj Sarkisyanın təyyarəsinə hücum etməyi planlaşdırırdı.
Məlumata görə, əməliyyat yaxşı planlaşdırılmışdı, ancaq qruplaşmanın rəhbəri Artur Vardanyan görüşməməli olan insanlarla görüşərək səhvə yol verib.
Dekabrın 19-da isə Ermənistan müdafiə nazirinin keçmiş müavini Vaan Şirxanyan həbs edilib. İstintaq onun Artur Vardanyan tərəfindən yaradılan cinayətkar qruplaşmada iştirakı və fəaliyyətindən şübhələnir. Ümumilikdə cinayətkar qruplaşmanın 30 üzvü həbs edilib. Sözügedən qruplaşmanın 5 yarımqrupdan təşkil olunduğu bildirilir.