Ərdoğanın siyasətinin uğursuzluqlarının səbəbləri Dünya

Ərdoğanın siyasətinin uğursuzluqlarının səbəbləri

Türkiyə hələ bir neçə il əvvəl regionun yüksələn ölkələrindən biri kimi təqdim olunmuşdu. Bəs sonra nə oldu?

Cavid

Qısa müddət əvvəl Türkiyənin xarici siyasəti hamının dilində idi. Türkiyənin məqsədi "qonşularla sıfır problem" siyasəti ilə həm qonşu dövlətlərlə əlaqələri gücləndirmək, həm də tədricən dominant regional qüvvəyə çevrilmək idi. Bu da ölkə daxilində demokratikləşdirmə və iqtisadi islahatlar və regiondakı münaqişələrdə Ankaranın vasitəçiliyinin təmin edilməsinə yönləndirilmiş diplomatiya vasitəsilə yumşaq gücün artırılmasının klassik bir nümunəsi idi. "Foreignpolicy" yazır ki, bu gün uğursuz olduğunu gördüyümüz bu siyasət, xüsusilə Suriyada olmaqla, ərəb baharında baş verən qəfil dəyişikliyin, daxili və xarici siyasətdə yol verilən səhvlərin qurbanıdır. Şimali İraqın regional kürd hökuməti istisna olmaqla, Türkiyənin, demək olar, bütün qonşuları ilə əlaqələri pozulub. Eyni zamanda ABŞ, Avropa İttifaqı və Rusiya ilə də gərginliklər kəskin şəkildə artıb. Bu gün Ankaranın nüfuzunun olmasının əsas səbəbi onu Suriya və qaçqın böhranına yaxınlaşdıran coğrafiyası və diplomatik əməliyyatlarda güc tətbiq etməyə hazır olmasıdır.
Türkiyə və ərəb baharı
Hələ ərəb baharından əvvəl Türkiyənin xarici siyasətinin yanlış olduğuna dair göstəricilər var idi. Yeddi illik mühafizəkar hakimiyyətdən sonra 2009-cu ildə Türkiyə diqqətəlayiq nailiyyətlər əldə etdi: sürətli iqtisadi artım, İstanbulun beynəlxalq mərkəzə çevrilməsi, ölkə daxilində demokratikləşmə və güclü hərbi quruluşun daxili qaydalara müəyyənləşdirilməsi. Ərdoğanın Ədalət və İnkişaf Partiyası (AKP) bu nailiyyətlər nəticəsində seçkilərdə dəfələrlə qələbə qazandı.
Xüsusilə də 2007-ci il seçkilərindən sonra ölkədə mövqeyini gücləndirən Ərdoğan daha çox risk almağa başladı. Ərdoğanın 2009-cu ildə Dünya İqtisadi Forumunda İsrailin Qəzza bölgəsindəki hücumlarını qınaması ilə ölkələr arasındakı münasibətləri kəskinləşdi. Bundan sonra ərəb dünyasında Ərdoğan və Türkiyəyə rəğbət kəskin şəkildə artdı, ərəblər turizm və investisiya imkanları üçün Türkiyəyə axın etməyə başladılar. Bundan sonra Qəzza bölgəsinə humanitar yardım aparan gəmilərə edilən hücum nəticəsində doqquz türkün həlak olması ilə İsraillə münasibətlər daha da pisləşdi.
Ərəb baharının başlaması eyni zamanda ABŞ və Türkiyənin yaxınlaşmasına səbəb oldu. Misir prezidenti Hüsnü Mübarəki devirmək üçün eyni vaxtda ictimai bəyanatlar verən bu ölkələr daha sonra da Azad Suriya Ordusunu silahla təchiz etmək üçün birgə fəaliyyət göstərdilər. Türkiyə bir daha regionda İslam və demokratiyanı Ərdoğanın şəxsində və AKP-də müvəffəqiyyətlə birləşdirən nümunəvi bir ölkə oldu. 2010-cu ildə Türkiyənin "müsəlman dünyasının böyük demokratiyası" və "regiondakı digər müsəlman ölkələr üçün mühüm nümunə" olduğunu elan edən Obama 2012-ci ildə yaxın əlaqələri olduğu beş lider arasında Ərdoğanın da adını çəkmişdir.
Necə oldu ki, Suriya hər şeyi dəyişdi?
2011-ci ildə üsyan başlayana qədər Suriya Türkiyənin "qonşularla sıfır problem" siyasətinin ən uğurlu nümunəsi idi. AKP-nin hakimiyyətə gəlməsindən qısa müddət sonra Suriya diktatoru Bəşər əl-Əsəd və Ərdoğan sıx işgüzar və hətta şəxsi əlaqələr qurdu. Türkiyənin 1998-ci ildə Suriyanı PPK-nı dəstəklədiyinə görə hədələdiyini nəzərə alsaq, bu, əlamətdar bir hal idi. İsrail və Suriya arasında dolayı yolla danışıqlar başladılmasına kömək edən Ərdoğan BMT-nin ABŞ və Fransanın rəhbərliyi ilə Suriya qoşunlarının Livandan çıxarılması üçün göstərdiyi cəhdə qarşı BƏƏS rejimini dəstəkləməyə davam etdi.
Suriyada dinc etirazlar başladıqdan sonra Ərdoğan Əsədin də Misir və Tunis liderləri ilə eyni vəziyyətə düşməməsi üçün ilk addımını atdı və Əsədə çox da ciddi olmayan islahatlar keçirməyi məsləhət gördü, ancaq bu addım nəticəsiz oldu. Əsədin hərbi qüvvələrinə etirazları amansızcasına yatırtmaları üçün səlahiyyət verməsi ilə Ərdoğan keçmiş müttəfiqi və dostuna arxa çevirdi. Ərdoğanın bu qərarı verməsinə bir sıra amillər təsir göstərdi: Əsədin onun məsləhətini dinləməməsi, Əsədin onsuz da bu vəziyyətdən çıxa bilməcəyinin düşünülməsi, onun yeni Suriyanı formalaşdıra biləcəyi düşüncəsi və son olaraq 2011-ci ildə müqəddəs Ramazan ayında sünni etirazçılara qarşı zorakılığın kəskin şəkildə artması. Ərdoğan Əsədin hakimiyyətdən devrilməsinə çağıraraq onun vəzifədən getməsinə yalnız bir neçə ay qaldığını bəyan etdi.
Əsəd isə asanlıqla hakimiyyətdən getməyəcəkdi. Ərdoğan Əsədin yerinə sünni bir müttəfiqin gəlməsini istəyir, Əsəd isə hakimiyyətdən getməmək üçün əlindən gələni edirdi. Beləliklə, Türkiyə lideri təkbaşına fəaliyyətə keçməyə qərar verdi. Ərdoğanın günahsız insanların rejim qüvvələrinin əlində kütləvi şəkildə qırılmasına baxmayaraq Obamanın müdaxilə etmək istəməməsindən məyus olduğunu bildirməsi ilə ABŞ-la da ciddi fikir ayrılığı yarandı.
Ərdoğanın Əsədlə münasibətlərinin pozulması eyni zamanda məzhəbçi sünni siyasətinin başlanğıcından xəbər verirdi. Türkiyənin xarici döyüşçüləri ölkə sərhədindən şimali Suriyaya keçmələri üçün təşviq etmə siyasəti də müxalifətin radikallaşmasına kömək etdi və Ankaranın ABŞ və Avropa tərəfdaşları ilə gərginliyi artırdı. Türkiyə hökuməti bu xarici döyüşçülərin çoxunun əl-Qaidə ilə əlbir olan əl-Nüsrə cəbhəsi kimi cihadçı qruplara qoşulacağını bilirdi. Ancaq yenə də onlara mane olmadı, çünki ölkədəki "mötədil" üsyançılar Əsəd rejiminə son qoya bilməmişdilər. Bəzilərinin döyüşlərdə bərkidiyi və öz məqsədləri uğrunda ölümə belə hazır olan cihadçı döyüşçülərin digər üsyançıların bacarmadığını edə biləcəyi düşünülürdü.
Beləliklə, on minlərlə xarici döyüşçünün Suriyada yığışmasının nəticələri özünü göstərməyə başladı. Onların bir çoxu İslam dövlətinə yönələrək bu qruplaşmanı bugunkü gücünə çatdırdı. 2013-cü ilin mayında Obama Ərdoğanı cihadçılara, xüsusilə də, əl-Nüsrə cəbhəsinə dəstəyi dayandırmağa və onların Türkiyə sərhədi vasitəsilə keçidinə mane olmağa çağırdı. Ancaq o vaxta qədər artıq Türkiyə daxilində bu günə qədər də ölkənin təhlükəsizlik qüvvələrini narahat edən cihadçı quruluş formalaşmışdı.
Kürd məsələsi
Suriyanın xaosa düşməsinin ən mühüm nəticəsi Suriya kürdlərinin gücləndirilməsi oldu. Ardıcıl Suriya rejimləri tərəfindən hüquqları əllərindən alınan və təzyiq göstərilən kürdlər çoxluq təşkil etdikləri yerlərdə ərazi iddiaları irəli sürmək üçün ölkənin parçalanmasından istifadə edə bildilər və tezliklə ABŞ kimi güclü bir müttəfiq qazandılar: 2014-cü ilin oktyabrında kürdlərin əlində olan Kobani şəhərinə daxil olan İslam dövləti ABŞ Hərbi Hava Qüvvələrinin müdaxiləsi ilə geri çəkildi.
Ancaq bu müttəfiqliyin əvəzi Türkiyə hökuməti oldu. Suriyanın Demokratik Birlik Partiyası (PYD) PKK-nın müttəfiqidir. Vaşinqton bu iki təşkilat arasında sıx əlaqə olmasına baxmayaraq, PYD və PKK-nı fərqləndirdiyini bildirir. PKK-dan fərqli olaraq, PYD-nin adı ABŞ-ın terrorist qruplaşmalar siyahısında yoxdur və İslam dövlətinə qarşı mübarizəsində Amerikanın hərbi dəstəyini də alıb. PYD ilə əlaqələri gücləndirən ABŞ-ın Ankaraya yeganə güzəşti Türkiyənin Cenevrədə Suriya ilə bağlı keçirilən sülh danışıqlarına PYD-nin dəvət edilməməsi ultimatumlarına əməl etməsi olub.
Qeyd edək ki, Suriya kürdlərinin Kobanidəki qələbəsi Türkiyənin kürd əhalisi ilə sülh prosesinə ağır zərbə oldu. Həmin vaxt PYD-ni İslam dövlətindən daha böyük bir bəla hesab edən Ərdoğan və partiyası Amerikanın Kobaniyə müdaxiləsini kəskin şəkildə tənqid etdi. 2015-ci ilin fevralında Ərdoğan Xalqların Demokratik Partiyası (HDP) və PKK ilə əldə edilmiş razılaşmadan imtina etdi. Yeni sənədlər göstərir ki, əsas qırılma nöqtəsi Ərdoğanın Suriya kürdlərinin İraqda olduğu kimi Türkiyənin cənub sərhədində muxtar vilayət yaradacaqlarından ehtiyat etməsi olub.
Ötən ilin yayına qədər PKK tərəfindən və PKK-ya qarşı aparılan müharibə intiqam hissi ilə yenidən başladı. 7 iyun tarixində keçirilən seçkidən bəri 256-ya qədər təhlükəsizlik işçisi öldürülüb; PKK tərəfdən də ölənlərin sayı yüksəkdir.
Ərdoğan düzgün başa düşürdü ki, Kobani blokadası regionda kürdlərin taleyi üçün dönüş nöqtəsi ola bilər. Onun iki seçimi vardı, ya kürdləri qəbul edəcək, ya da təzyiq göstərəcəkdi. Seçim isə ikinci oldu.
Kürdlər Ərdoğanın ölkə daxilində və xaricində mövqeyini sarsıtsalar da, Türkiyə prezidenti Rusiyanın Əsədin adından Suriyaya müdaxilə etməsi qarşısında daha da çarəsiz qaldı. 2015-ci ilin noyabrında Türkiyənin hava məkanına daxil olmuş Rusiya təyyarəsinin vurulması Vladimir Putin tərəfindən iqtisadi, siyasi və hərbi tədbirlərlə qarşılandı. Əslində bu hadisə Ərdoğanın Suriyadakı uğursuzluqları, Rusiya ilə İranın Suriya ordusunu gücləndirməsindən yaranan məyusluğun nəticəsi idi.
Suriyanın təsirləri Türkiyə ilə İran arasında da gərginliyə səbəb olub. Suriya münaqişənin başlamasından 2015-ci ilin sonuna, Rusiyanın birbaşa müdaxiləyə keçməsinə və İranın Qüds Qüvvələrinin rolu daha da aydınlaşana qədər Türkiyə və İranın bu məsələ ilə bağlı fikir ayrılığı davam etdi. Genişmiqyaslı qızıl satışı, Türkiyənin İran qazından asılılığı və İranın bu ixraclar nəticəsində əldə etdiyi xarici valyuta gəlirləri ölkələr arasında gərginliyin dərinləşməsinə mane oldu. Ancaq vəziyyət dəyişməkdədir, çünki qüvvələr izdihamı hadisələrin gedişatını Əsədin lehinə çevirib.
Ərdoğanı indi nə gözləyir?
Ərdoğan indi bir-birinə bağlı üç problemlə üz-üzədir. Prezident ona icraedici səlahiyyətləri prezidentin əlində cəmləşdirməyə imkan verəcək konstitusiya dəyişikliyi yaratmaq istəyir; kürdlərlə münaqişənin güclənməsi onların Türkiyə dövlətindən tamamilə ayrılmasına səbəb ola bilər və Suriyada vəziyyətin pisləşməsi nəinki ölkə daxilində kürd münaqişəsini kəskinləşdirir, eyni zamanda ABŞ-la əlaqələri də zəiflədir. Belə ki, ABŞ da Suriya kürdləri ilə əlaqələrini gücləndirir.
Ərdoğan bu məsələlərin öhdəsindən gələ bilər - xüsusilə də, prezident sisteminin yaradılması ilə bağlı. Ancaq bunun əvəzi Türkiyə cəmiyyəti daxilində və Türkiyə ilə ənənəvi müttəfiqləri arasında parçalanmalar olacaq. Kürdlərlə bağlı yanaşmasının uğurlu olduğundan əmin olan Ərdoğan kürd icmasında bəzilərinin, xüsusilə də, dindarların PKK-ya üz çevirəcəyi ehtimalına bel bağlayır. Ancaq sakinlərinin əksəriyyətinin kürdlər olduğu şəhərlərə dəyən zərbə kürd icmasına böyük təsir göstərə bilər. Başlıca olaraq, İraq və Suriyada olmaqla, beynəlxalq şəraitin dəyişməsi göstərir ki, hərbi qələbə özü ilə ağır nəticələr gətirə bilər.
Məsələnin mahiyyəti budur: Türkiyənin xarici siyasəti artıq Türkiyə ilə yox, Ərdoğanla bağlıdır. Onun tənqid qəbul etməyən mövqeyi göstərir ki, ölkənin xarici siyasəti onun dünyagörüşünün, istəklərinin və üstünlüklərinin məhsuludur. Ona qarşı gələ biləcək heç kim yoxdur. Bu da Türkiyənin xarici siyasətinin eniş-çıxışlarını izah edir.