NATO-nun qorxduğu “İskander” kompleksi Dünya

NATO-nun qorxduğu “İskander” kompleksi

Rusiyanın qorxutma vasitələrindən biridir

Cavid

Moskvanın öz hərbi qruplaşmalarını Suriyadan qismən çıxarmasına baxmayaraq, əməliyyat keçirilən rayonlarda Rusiyanın əlavə gücləri peyda olublar. Təsdiq olunmayan məlumatlara əsasən, Rusiya münaqişə zonasına orta mənzilli ballistik operativ-taktiki raket kompleksi göndərib. Nəzəri baxımdan bu olduqca həyəcanverici bir məsələdir. Həmin raket sistemləri Rusiya hərbçilərinə Türkiyə, İordaniya, Livan və İsrailin ərazilərinin dərinliyindəki obyektlərə zərbə vurmağa imkan verir.

"The National İnterest" yazır ki, NATO təsnifatına görə "SS-26 Stone" adlandırılan "İskander-M9K720" orta mənzilli ballistik raketlərlə təchiz olunmuş kompleksdir. "Global Security" xəbərlər portalının məlumatına görə, bu sistemin xarici ölkələrə satış modifikasiyasındakı atəş məsafəsinin uzunluğu 280 kilometr, döyüş hissəsinin çəkisi isə 480 kiloqramdır. Rusiya ordusunda istismar üçün nəzərdə tutulan "İskander" komplekslərinin hədəfi vurmasının maksimal məsəfəsi 500 kilometrdir.
"Missile Threat Project"-in məlumatına görə isə, Rusiya ordusuna verilən "İskander" komplekslərin hədəfləri vurma məsafəsi 400 kilometrə bərabərdir. Onun döyüş hissəsinin çəkisi isə təxminən 700 kiloqramdır.
İstənilən halda nüvə başlıqlı "İskander-M" raket kompleksləri orta və qısa mənzilli raketlərin ləğv olunması müqaviləsinə aid edilmir. Lakin buna baxmayaraq, bu kompleks yuxarıda qeyd olunan müqavilə çərçivəsində ləğv edilən operativ-taktiki raket kompleksi "Oka OTR-23"-i effektiv şəkildə əvəz edə bilər.
"İskander" kompleksinin hər iki modifikasiyasında uçuşun son məntəqəsində raket başlığının özünüyönəltmə sistemi var. Amma hədəfin dəqiq vurulmasında xarici versiya ilə yerli komplekslər arasında fərq mövcuddur.
"Missile Threat"-in məlumatına əsasən, ətalət sistemli yönəltmə zamanı hədəfdən kənara çıxma 200 metr olur, amma əlavə GPS/GLONASS sistemindən istifadə olunduğu təqdirdə isə, hədəfdən yayınmanı 50 metrə qədər azaltmaq mümkündür. Əgər bu sistemlərin yönəldilməsi əlavə olaraq, radiolakasiya və ya optik-elektron qurğuları ilə təchiz olunarsa, onda "İskander" kompleksinin hədəfi vurma xətası 10 metrdən də az olar.
"İskander" kompleksi müxtəlif tipli döyüş hissələri ilə təchiz oluna biləcək özəlliyə sahibdir. Bunlar – atəşləyici-fuqas, kasset, kasset detonasiyalı və sairədir. Rusiya ordusu üçün nəzərdə tutulan modifikasiyada taktiki–nüvə daşıyıcısı da istifadə edilə bilər. Bu isə "İskander" kompleksinin çoxməqsədli silah olduğunu göstərir.
"İskander" kompleksləri düşmənin raket əleyhinə silahlarından yan keçmək üçün yaradılıb. Bu kompleks strateji silah yox, taktiki raket kompleksidir. Döyüşlər zamanı ondan həm hərəkətsiz, həm də hərəkət halında olan hədəfləri vurmaq üçün istifadə etmək mümkündür. Bu hədəflər – "yer-hava" sinfindən olan raketlər, aerodromlar, portlar, komanda məntəqələri, rabitə qovşaqları və digər müdafiə qurğularıdır.
Məhz "İskander" komplekslərinin düşmənin HHM yarıb keçmə xüsusiyyətinə görə Moskva bu komleksləri Kalininqrad vilayətində yerləşdirib. Bu sistemlər Rusiyaya Baltikada yerləşən anklavından önləyici faktor və daha geniş söyləsək, qonşu dövlətləri qorxutma vasitəsi kimi istifadə etməyə imkan verir.
Əgər verilən məlumatlar həqiqəti əks etdirirsə, onda Rusiyanın Suriyaya "İskander" kompleksləri göndərməsi də, elə bu məqsədlə həyata keçirilib.
Bütün bunlarla yanaşı Rusiya "İskander" raketlərinin yeni modifikasıyasının yaradılması üzərindəki işləri dayandırmayıb. 2015-ci ilin noyabrında artilleriya qoşunları komandanının müavini, general-mayor Aleksandr Draqovalskiy "Sputnik" dövlət xəbər agentliyinə verdiyi müsahibədə bildirib: "Hazırkı "İskander-M" kompleksinin modernləşdirilməsi üçün böyük potensial var və nəzərdə tutulan plan üzrə gedilərək yeni tip raketlər hazırlanır."
Heç şübhə yoxdur ki, "İskander" kompleksinin yeni modifikasiyalarının havada yaxalanaraq, məhv edilməsi daha da mürəkkəbləşəcək.