Ermənilərin əsgər problemi böhran həddində Dünya

Ermənilərin əsgər problemi böhran həddində

Demoqrafiya sahəsində Ermənistanın üzləşdiyi problem cəbhədə aprelin əvvəllərində məlum döyüşlərdən sonra daha geniş miqyas almağa başlayıb.
Bu haqda məlumatı rəsmi "Azərbaycan" qəzeti yayıb. Qəzetin xəbərində bildirilir ki, düşmən ölkədə əsas etibarilə gənc nəslin nümayəndələrinin son günlərdə Ermənistanı daha çox sayda tərk etmələri müşahidə olunur. Buna əsas səbəb onların orduya çağırılmalarından ehtiyat etmələridir. Qəzet yazır ki, son mənzərənin təhlili göstərir ki, həm müharibə qorxusu, həm də dərinləşən sosial-iqtisadi problemlər ermənilərin başqa ölkələrə köçünü sürətləndirir.
Ermənistanın "Aykakan Jamanak" qəzeti yazır ki, ermənilər kütləvi şəkildə Rusiyaya və digər ölkələrə köçürlər. Qeyd olunur ki, bu fonda Ermənistandan Rusiyaya pul köçürmələrinin miqdarı ötən ilə nisbətən artıb: "Əgər Ermənistandan Rusiyaya ötən ilin birinci üç ayında 28,6 milyon dollar köçürülmüşdüsə, bu ilin analoji dövründə bu göstərici 42,2 milyon dollar təşkil edib. Müşahidələr göstərir ki, bu artımın səbəbi həmyerlilərimizin uzun müddətdir ki, işlədiyi Rusiyaya öz ailələrini də aparmalarıdır. Həmçinin Rusiyada yaşayan ermənilər öz əmlaklarını aparırlar".
Qəzet daha sonra yazır ki, əslində, Ermənistandan digər xarici ölkələrə pul köçürmələrinin miqdarı da artıb. Məsələn, ötən ilin ilk aylarında Ermənistandan xarici dövlətlərə 79 milyon dollar köçürmə həyata keçirilibsə, bu il həmin göstərici 88 milyon dollara bərabər olub. Bu, təxminən 10 faiz artım deməkdir. Ermənistandan çıxan pulun miqdarı artsa da, ölkəyə daxil olan maliyyə vəsaitinin miqdarı azalıb. Ermənistan Mərkəzi Bankının məlumatına görə, bu ilin birinci rübündə Ermənistana göndərilən pulun həcmi 45,3 milyon dollar olub. Bu, ötən ilə nisbətən təxminən 10 faiz azdır.
Erməni mediası yazır ki, bütün bunlara səbəb əhalinin əksəriyyətinin Ermənistandakı sosial vəziyyətin pis olmasına görə ölkəni tərk etməsindən qaynaqlanır. Bu durumda insanların ölkəni tərk etməsi və əmlaklarını dəyər-dəyməzinə satıb xaricdə yerləşməsi geniş vüsət alır. Hətta rəsmi qurumlar da problemin dərinləşdiyini etiraf edirlər. Məsələn, Ermənistan Milli Statistika Xidmətinin hesabatına görə, 2016-cı il aprelin 1-nə burada daimi yaşayanların sayı 2 milyon 944 min 400 nəfər olub. Hesabatda qeyd olunur ki, aprelin 1-nə Ermənistan əhalisinin sayı 2015-ci ilin eyni dövrü ilə müqayisədə 0,4 faiz, yəni 12 min 300 nəfər azalıb. İlin əvvəlindən 4 min 200 nəfər azalma qeydə alınıb.
Milli Statistika Xidmətinin hesabatında bildirilir ki, bu il 1970-ci illərdən bəri Ermənistan əhalisinin sayı 3 milyon nəfərdən azdır. Müstəqil mənbələr isə bildirir ki, əslində, Ermənistanı daha çox sayda insan tərk edib və onların bəziləri hələ qeydiyyatdan çıxmadığı üçün burada yaşayan sakin kimi göstərilir. Reallıqda isə bu şəxslərin böyük əksəriyyəti uzun müddətdir ki, Ermənistandan uzaqda yaşayır.
Ermənistandakı "Yeni dövr" partiyasının sədri Aram Karapetyan bu vəziyyətə görə bütün məsuliyyətin Serj Sarkisyan iqtidarının üzərinə düşdüyünü bildirir: "Serj Sarkisyanın komandası neçə illərdir ölkəni talayıb, onu bugünkü acınacaqlı vəziyyətə salıb. İndi imkanı olan Ermənistandan qaçır. Azərbaycanla müharibə təhlükəsi bu prosesi bir qədər də sürətləndirir. Problem çox böyükdür".