Yerevanda “qiyam“: polis ərazini mühasirədə saxlayır Dünya

Yerevanda “qiyam“: polis ərazini mühasirədə saxlayır

Sarkisyan rejimi başını itirib

Cavid

İyulin 17-də səhər Yerevanda polis post-patrul xidməti alayının binasını tutan Müəssislər Məclisi radikal müxalifətçi hərəkat nümayəndələri girovları saxlamaqda davam edirlər.
Polis ətraf küçələri bağlayıb və ərazini mühasirəyə alıb, lakin hələlik qəti tədbirlərə əl atmır və silahlı "qiyamçılarla" danışıqlar aparır.
Bazar günü axşamı Ermənistan prezidenti Serj Sarkisyan hüquq-mühafizə orqanları nümayəndələrinin iştirakı ilə fövqəladə yığıncaq keçirib.
Ermənistan prezidenti şənbə günündən Dağlıq Qarabağda səfərdə olub, polis post-patrul alayına silahlı hücum hadisəsi ilə bağlı təcili Yerevana qayıdıb.
Müşavirə iştirakçıları prezidentə yaranmış vəziyyət və görülən tədbirlər barədə məruzə ediblər, Ermənistan prezidentinin mətbuat xidməti xəbər verir.
Məlumata görə, hüquq-mühafizə orqanları vəziyyətə tamamilə nəzarət edir, vəziyyətin sahmana salınması istiqamətində lazimi tədbirlər görülür.
Girov saxlanan ərazi polis tərəfindən mühasirəyə alınıb. Polis rəhbərliyi tərəfindən hadisə ərazisində yığışıb gözləyən jurnalistlərə vaxtaşırı verilən məlumata görə, gərginliyi dinc yolla aradan qaldırmaq məqsədilə "silahlılarla danışıqlar aparılır, girovların azad edilməsi istiqamətində əməliyyat keçirmək əmri verilməyib".
Yerevanda və Ermənistanın digər şəhər və rayonlarından "Müəssislər məclisi" təşkilatı ilə əlaqəsi olanlar və Jirayr Sefilyanın məsləkdaşları arasında həbslər edildiyi haqqında məlumatlar daxil olur.
Milli Təhlükəsizlik Xidməti bildirib ki, gün post-patrul xidməti alayının girov götürülməsi ilə başlayan qiyamda ölən və yaralananlar olub.
MTX, həmçinin iki nəfərin azad edildiyini bildirir.
Yerevanda polis-patrul alayına silahlı hücum nəticəsində ölən polkovnik Artur Vanoyan olub. Bunu jurnalistlərə Ermənistan polisi rəisinin müavini Hunan Poğosyan deyib. Onun sözlərinə görə, daha bir polis polkovniki Aran Hovhannisyan, polkovnik-leytnant Hraç Xosteğyan, gizir Qaqik Mkrtçyan odlu silahla yaralanıb və "daha bir neçə nəfər müxtəlif cür bədən xəsarəti alıb".
Ermənistan polisi rəisinin müavini "qiyamçıların" əsas tələbi Jirayr Sefilyanın həbsdən buraxılmasıdır. Poğosyan deyib ki, polis bu tələbi yerinə yetirmək niyyətində deyil, "qiyamçıların təslim olması məqsədilə" danışıqlar davam edir. Lakin, lazım gəlsə, polis "qatillərə qarşı istənilən tədbirlərə" hazırdır.
Qarabağ mühasibəsi veteranı, Müəssislər Məclisi müxalif təşkilatının lideri Jirayr Sefilyan iyunun 21-də "bir qrup şəxslər tərəfindən qabaqcadan sövdələşərək qeyri-qanuni silah, sursat, partlayıcı maddə və qurğular əldə etmək, saxlamaq və daşımaq" ittihamı ilə həbs olunub.
Ermənistan İstintaq Komitəsinin məlumatına əsasən, Jirayr Sefilyan bir qrup şəxslərlə birlikdə "ictimai əhəmiyyətli binaları, telekommunikasiya qovşaqları, o cümlədən, Yerevan televiziya qülləsinin ələ keçirilməsini" planlaşdırırmış.
Bazar günü səhəri Yerevanda müxalif Müəssislər Məclisi polis patrul xidməti alayına hücum edərək silahlı üsyana başladıqlarını elan edib, bu barədə təşkilatın sözçüsü Varujan Avetisyan Facebook sosial şəbəkəsində bildirib.
Onlar "siyasi fəalların", o cümlədən Müəssislər Məclisi müxalif təşkilatının lideri Jirayr Sefilyanın və Şant Harutyunanın azadlığa buraxılmasını tələb edir.
Məclis, həmçinin bildirib ki, onlar Ermənistan prezidenti Serj Sarkisyanın istefasını və hakimiyyətin xalqın inandığı hökümətə verilməsini istəyir.
Keçmiş komandir Selifyan prezident Serj Sarkisyanın və onun Dağlıq Qarabağ münaqişəsində siyasətinin qəti tənqidçisidir.
O aprel ayının əvvəlində 4 günlük döyüşdən sonra Azərbaycanla yenidən müharibəyə başlamağı təklif edib. Həmçinin o, höküməti Azərbaycanla sülh razılaşması imzalayacağı təqdirdə zorakılıq tətbiqi ilə hədələyib.
Polis hadisədən bir neçə saat sonra Yerevanın Erebuni rayonu polis şöbəsinə gedən yolları bağlayıb. Polis-patrul alayına baş çəkmiş Ermənistan Milli Məclisinin üzvü Nikol Paşinyan jurnalistlərə deyib ki, binada 7-8 nəfər polis, polis generalı Yeğiazaryan və polkovnik Osipyan girov saxlanılır. Polislər silahsızlaşdırılıb.
Onun sözlərinə görə, daxildə təxminən 25 nəfər silahlı vardır.
Onlardan biri səhər tezdən polislə qarşıdurma nəticəsində yaralanıb və çoxlu qan itirib. "Qiyamçılar" qan təzyiqi qalxmış bir polis əməkdaşı üçün təcili yardım çağırmağa icazə veriblər.
Polis Yerevanın opera meydanı yaxınlığında "şübhəli" vətəndaşlar saxlanıb polisə aparılır. Azadlıq meydanında Müəssislər Məclisi tərəfindən aylar əvvəl qurulmuş çadır və təbliğat lövhələri polis tərəfindən sökülür.
Müəssislər Məclisinin üzvü Syuzan Simonyan Facebook vasitəsilə əhaliyə müraciət edib, onralı opera teatrının önünə (Azadlıq meydanına) toplaşmağa çağırır.
"Opera meydanı ərazisinə gedin, birləşin və küçələri bağlayın. Qruplar yaradıb itaətsizlik edin", - Simonyan yazıb.
Sosial mediada səhər yayılmış video görüntülərdə bir neçə silahlı kişi bir neçə saatdır Yerevanda bir polis polkunu girov aldıqlarını bəyan edib.
"Əziz dostlar, vətəndaşlar, erməni xalqı, bu, başlanğıcdır, bunu sizə görə edirik... Küçələrə çıxın!," CivilNet qəzetinin "Sasun cəsurları" adlandırdığı qrup videoda söyləyib.
Varujan Avetisyan iddia edib ki, "Erebuni rayonunun xüsusi polis xidməti faktiki zəbt edilib".
"Polis, qonşu binaların üstünə snayperlər yerləşdirib", o əlavə edib.
"Polislər bizim mövqelərə hücum etmək istəyir, PDM gətiriblər, amma bizim yaxşı mövqelərimiz var. Yüksək rütbəli polis məmurları- general Yeğiazaryan və polkovnik Osipyan əlimizdədir."
Ermənistan təhlükəsizlik qüvvələri hadisəni təsdiqləyib və bildirib ki, bütün qanunsuz hərəkətlərin qarşısı alınacaq və təqsirlilər məsuliyyətə cəlb olunacaq.
"Yerevanda iyulun 17-də səhər saatlarında post-patrul xidməti alayına hücum olub. Alayın ərazisində olanlar girov götürülüb".
Avetisyan Facebook profilində bildirib ki, polisin uğursuz hücumu nəticəsində hər iki tərəfdə zərərçəkmişlər var.
"Ermənistan avtoritar ölkədir. Bu ölkədə azad məhkəmə, azad hüquq sistemi yoxdur, ümumiyyətlə, azadlıq yoxdur. Ona görə də imkan düşən kimi hədəyə, təhqirə əl atırlar".
Politoloq Zərdüşt Əlizadə iyulun 17-də Ermənistanda baş verən hadisələri şərh edərkən belə deyir. Politoloqun fikrincə, baş verənləri dövlət çevrilişinə cəhd saymaq olmaz:
"Çünki dövlət çevrilişi fərqli zümrələr arasında olur. Bunu törədənlər isə eyni siyasi zümrənin yolçularıdır".
Millət vəkili Rasim Musabəyovun da fikrincə, baş verənləri çevriliş saymaq olmaz:
"Bu, ermənilərə xas davranışdır. Ermənistanda əvvəllər də silahlı hücumlar, terror aktları olub. İndi də mümkündür. Bu, terrorçu davranışa oxşayır. Bu güclə dövlət çevrilişi etmək olmaz".
Rasim Musabəyov deyir ki, bu cür hadisələrin baş verməsində Ermənistan iqtidarı da maraqlıdır:
"Ermənistan iqtidarı bununla göstərmək istəyər ki, bu cür reaksiyalarla üzləşdiklərindən güzəştə gedə bilmirlər. Bu gün Yerevanda baş verənlər əslində dövlətin zəifliyini göstəricisidir".
Şərhçi Fərhad Məmmədov diqqəti aprel döyüşlərindən sonra keçmiş səhra komandirlərinin fəallaşmasına çəkir. Onun fikrincə, baş verənlər həm də gələn il Ermənistanda keçiriləcək parlament seçkiləri qabağıgüc nümayişi kimi qiymətləndirilə bilər:
"Keçmiş səhra komandirləri inanırlar ki, guya prezident Sarkisian ərazilərin qaytarılması ilə bağlı danışıqlar aparır. Sarkisian, Jerar Sefilyan başda olmaqla, keçmiş səhra komandirlərindən bir neçəsini həbs elədi. Çünki onlar Ermənistan hakimiyyətinə təhdiddir. Onların həm Qarabağda, həm də Ermənistanın özündə resursları var. Keçmiş səhra komandirlərinin arxasında isə keçmiş prezident Robert Kocharian dayanır. Həm də gələn il Ermənistanda parlament seçkiləri keçiriləcək. Onlar Qarabağ kartından istifadə edib fəallaşıblar".
Fərhad Məmmədov deyir ki, bundan sonra Ermənistanda siyasi proseslər gərginləşə bilər:
"Bu qrupların həm silahlara çıxış imkanları, həm Qarabağda müəyyən dayaqları var. Seçkilər yaxınlaşdıqca onlar Sarkisian hakimiyyətinə problem yarada bilərlər. Hadisələr dramatikləşsə, bu, danışıqlar prosesinə də təsir edəcək. Çünki 1999-cu ildə Qarabağ danışıqlarında həlledici məqam yaranan kimiErmənistanda parlamentin gülləbaran edilməsi yadımızdadır".