Trump əslində prezident olmaq istəmir? Dünya

Trump əslində prezident olmaq istəmir?

O öz kampaniyasının uğurunu bilərəkdən daşlara çırpmaqla məşğuldur

"The Guardian" qəzetində dərc olunmuş məqalədə tanınmış ziddiyyətli sənədli filmlər rejissoru Michael Moorea istinadən deyilir ki, respublikaçı milyarder namizəd Donald Trump əslində prezident olmaq niyyətində deyil və namizədlik kampaniyası ona yeni televiziya kontraktları üçün taktiki vasitə kimi lazımdır.
Michael Moore xəbər verir ki, o Trumpın prezident olmaq istəməməsini "çox etibarlı bir mənbədən dəqiq bilir".
Rejissor bunu da qeyd edib ki, kampaniyanın gedişində Trump öz uğurundan heyrətə gəlib.
Moore iddia edir ki, hazırda Trump məhz buna görə də öz kampaniyasının uğurunu bilərəkdən daşlara çırpmaqla məşğuldur.
Başqa sözlərlə, Trump guya prezident olmaq istəmədiyinə görə bu qədər ziddiyyətli kampaniya aparır.
Rejissor bildirib ki, Trump konkret olaraq NBC şəbəkəsindən daha sərfəli televiziya kontraktı qoparmağa çalışır.
"The Guardian" xatırladır ki, Trump əvvəllər bu telekanalda populyar "The Apprentice" proqramının aparıcısı olsa da, Meksika miqrantlarını "narkotika qaçaqmalçıları" və "qadınzorlayan" adlandırdıqdan sonra onu işdən qovublar.
"Etibarlı mənbənin" kim olduğunu açıqlamasa da, Moore iddia edir ki, Trump-ın kampaniyanı davam etdirməsinin yeganə səbəbi onun başqa televiziya şəbəkələrindən daha sərfəli kontraktlar almaq niyyətidir.
"Lakin kampaniyanın gedişində qəribə hadisə baş verir, - yazır Moore, - Onun yerində kim olsa, belə hərəkət edərdi. Trump özü bu gözlənilməz uğurundan heyrətə gəlib…"
Rejissor deyir ki, kampaniyanın gedişində Trump öz-özünə vurulub. Sonra o, ilkin məqsədini, televiziya kontraktı almaq məqsədini unudub.
"Bəs necə? O artıq televizya proqramlarının kralı yox, bütün dünyanın kralı idi" – yazır Moore.
Bunun ardınca Moore, son vaxtlarda Trumpın populyarlığının azalmasını şərtləndirən silsilə insidentləri təsnif etməyə başlayır.
O, İraq müharibəsində həlak olmuş müsəlman amerikalı Humayun Xanın valideynlərinə qarşı Trump-ın hörmətsizliyini, onun "ikinci düzəliş adamlarının" Hillari Klintona qarşı silahlı zorakılıq törədə biləcəyi barədə qeydlərini yada salır.
Mooreun fikrincə, bu hərəkətləri ilə Trump öz kampaniyasını iflasa uğratmaq istəyir.
Rejissor yazır ki, "ola bilsin, Trumpın son üç həftədəki uğursuzluğu təsadüf deyil".
"Bəlkə də bunlar onun bu kampaniyadan rədd olub çıxmaq cəhdidir" – bildirir Moore.
Moore nəhayət bu nəticəyə gəlir ki, Trump üçün respublikaçı namizədliyi qurban vermək, seçki günü uduzmaqdan daha sərfəlidir.