Regionda vəziyyət dəyişir Dünya

Regionda vəziyyət dəyişir

Türkiyə və Suriya hökuməti arasında yaxınlaşma hiss olunur

"The İndependent" yazır ki, Suriya kürdlərinin rəhbərləri ölkənin şimalında qurduqları de facto müstəqil torpağı son damla qanlarınadək qoruyacaqlarını bəyan ediblər. Bununla belə ABŞ tərəfindən dəstəklənən kürdlər Suriya hökuməti ilə Türkiyə arasında məxfi yaxınlaşmadan narahat olduqlarını deyirlər. Onların fikrincə, Dəməşq və Ankara öz aralarında "kürd məsələsi"ndə razılığa gəliblər.
"The İndependent" qəzetinə müsahibəsində Suriya kürdlərinin vəzifəli nümayəndəsi deyib ki, kürdlər regionda Türkiyə müdaxiləsinə qarşı mübarizəni axıradək davam etdirəcəklər. Məqalədə deyilir ki, İŞİD-ə qarşı mübarizədə Birləşmiş Ştatların ən səmərəli müttəfiqi olan Suriya kürdləri özlərini beynəlxalq birlik tərəfindən satılmış kimi görürlər.
"The İndependent" yazır ki, Suriya kürdlərinin lideri Salih Muslimin sözçüsü Sihanouk Dibo hazırda Suriya cəbhəsində yaranmış vəziyyətdən son dərəcə narahatdır. O Suriya hökumət qoşunlarının Həsakə üzərinə hücumunun Türkiyənin müdaxiləsi ilə eyni vaxta düşməsini təsadüf hesab etmir. Onun nəzərində bu, Türkiyə və Suriya hökuməti arasında yaxınlaşmanı göstərir. Dibo hesab edir ki, sözdə bir-birinə düşmən olan Ankara və Dəməşq "kürd məsələsində" razılığa gəlmiş kimi görünürlər. Bu razılıq isə ondan ibarətdir ki, Suriyada heç bir muxtar kürd ərazisi olmayacaq.
Dibonun fikrincə, Türkiyə və Suriya hazırda 2011-ci ildən əvvəl mövcud olan münasibətlərini bərpa etməkdədirlər. "The İndependent" yazır ki, Türkiyənin Suriyaya hərbi müdaxiləsinin Rusiya tərəfindən çox zəif reaksiya ilə üzləşməsi kifayət qədər təəccüblüdür. Məqalədə deyilir ki, kürdlərin 50 min döyüşçüsü olan YPG qüvvələrinin ABŞ tərəfindən belə güclü dəstək tapması Rusiyanı kürdlərdən aralanmağa vadar edib.
"The İndependent" yazır ki, Rusiyanın bundan əvvəl kürdlərə dəstək verməsi o vaxtlar Türkiyə ilə olan gərgin münasibətlərinə görə imiş. "Elə ki, Moskva ilə Ankara barışdılar, kürdlərə ehtiyac qalmadı" - yazır "The İndependent". Məqalədə deyilir ki, kürdlərin hərbi uğurları, ola bilsin onların öz başlarına bəla olub. Belə ki, Türkiyənin Suriyaya müdaxiləsi kürd qüvvələrinin strateji Mənbic şəhərini İŞİD-dən geri alması ilə eyni vaxta təsadüf edib.
"The İndependent" yazır ki, hazırda Suriyada müxtəlif oyunçular arasında gedən oyunun şərtləri sürətlə dəyişir. Məqalədə deyilir ki, ABŞ-ın kürdlərə dəstəyinin də müəyyən hüdudları olduğunu kürdlər indi-indi başa düşürlər. 2015-ci ildə Suriyadakı situasiya tamamilə fərqli idi. O zaman Türkiyəni nəyin bahasına olursa-olsun cəzalandırmaq istəyən Rusiya bir növ kürdlərə müttəfiq olmuşdu.
"The İndependent" qeyd edir ki, kürd-ərəb şəhəri Həsakə uğrunda döyüşün konkret lokal səbəbləri vardı. Bu şəhər Suriyanın şimal-şərqindəki neft mədənlərinə son dərəcə yaxındır. Məqalədə deyilir ki, SDQ qüvvələrinə daxil olan kürdlər və ərəblər arasında münasibətlər həmişə gərgin olub. Üstəlik Suriya hökuməti Həsakədəki kürdlərin üzərinə elə kürdlərdən ibarət Asayiş adlı qrupu göndərib. Buna baxmayaraq YPG kürdləri bu hücuma ciddi müqavimət göstərərək əks-hücuma keçiblər.
Cənab Dibo deyib ki, kürdlərin son məqsədi Suriyanın mərkəzsizləşmiş dövlətə çevrilməsi və kürdlərə muxtariyyət verilməsidir. "The İndependent" yazır ki, Türkiyənin Suriyaya müdaxiləsi ilə regional oyunun qaydaları dəyişib. Dəməşqdə mənzillənmiş siyasi təhlilçi Şadi Əhməd deyir ki, Türkiyə İŞİD-i Suriya rejimini zəiflətmək üçün dəstəkləmişdi. İndi isə Türkiyə başa düşüb ki, bütün hallarda zəif Suriya hökuməti güclü kürdlər deməkdir.
Təhlilçinin fikrincə, indi bütün əsas regional oyunçular - İran, İraq, Türkiyə və Rusiya bilirlər ki, kürd liderlərinin hər hansı ölkədə federalizm və muxtariyyət barəsində nəyi bəyan etməsindən asılı olmayaraq onların son məqsədi müstəqil kürd dövlətidir. Bununla yanaşı cənab Əhməd əmindir ki, Türkiyə bundan sonra da Suriya hökumətinə qarşı çıxan islamçıları gizlicə dəstəkləməkdə davam edəcək.
"The İndependent" yazır ki, regiondakı bu balaca məkanda toqquşan maraqlara görə İŞİD indi özünün bu çətin vəziyyətdən salamat çıxacağı barədə düşünür. Cənab Dibo isə bildirir ki, bütün bu qarışıqlığa baxmayaraq kürd YPG qüvvələrinin İŞİD üzərinə hücumları zəifləməyəcək. Dibo deyir ki, İŞİD-in de facto paytaxtı Raqqanı azad etmək SDQ qüvvələri üçün əsas strateji məqsəd olaraq qalır. Cənab Dibo bunu da bildirir ki, Türkiyə regiona hərbi müdaxilə etməklə mühüm regional oyunçuya çevrilə bilər, lakin o özünün ən böyük problemini hələ də həll etməyib.
Dibo bildirir ki, bunu kimin istəyib-istəməməsindən asılı olmayaraq Suriyanın şimalında de facto kürd dövləti mövcuddur. Onun fikrincə, bu dövlətin mövcudluğu Türkiyənin öz kürdlərini də mübarizəyə ilhamlandıracaq. Dibo Türkiyənin hazırkı hərəkətlərini Vyetnam müharibəsində amerikalıların davaranışı ilə müqayisə edir. O vaxt ABŞ Kambocaya da müdaxilə etməklə müharibəni başa vurmaq istəyirdi. Amma nəticədə müharibə daha da uzanmış oldu.