Ərdoğan 2029-cu ilədək hakimiyyətdə qala bilər Dünya

Ərdoğan 2029-cu ilədək hakimiyyətdə qala bilər

Türkiyədə baş verənlər ölkə prezidentinin fotosunu yenə manşetlərə çıxarıb. "Reuters" xəbər agentliyi dünənki qovulmalardan yazır. Noyabrın 22-də Türkiyədə daha 375 institut, media orqanı bağlanıb və daha 15 min adam işdən çıxarılıb. Qovulanlar arasında əsgərlər, polis zabitləri, vergi müfəttişləri, həkimlər, tibb bacıları, doğum evlərində mamalıq edən qadınlar var. Onların hamısı iyundakı çevrilişi planlamaqda günahlandırılan ilahiyyatçı Fəthullah Gülənlə bağlılıqda, milli təhlükəsizliyə zərər vuran terror təşkilatı ilə əlaqədə şübhəli bilinir, əlavə izahat verilmir.
Mətbuatın yazdığına görə, qovulanların bəziləri nə vaxtsa Gülən ardıcılarının idarə etdiyi bankda hesabı olduğuna, bəziləri Gülənçilərin rabitə vasitəsi sayılan messencerlərdən yararlandığına, ya da müxalif birləşmələrə üzvlüyünə görə cəzalanıb. Yerli mətbuat bu insanların yeni iş tapa bilmədiyini, təqiblərə məruz qaldığını, ətrafdakılar tərəfindən sıxışdırıldığını, bəzən hətta intihar həddinə çatdırıldığını yazır.
Prezident Rəcəp Tayyip Ərdoğan isə fəxrlə Gülən şəbəkəsini xeyli zəiflətdiyini, əməliyyatın hələ davam edəcəyini söyləyib: "Onlardan tam qurtulmadığımızı bilirik. Orduda, polis qüvvələrinin tərkibində, ədliyyə sistemində belələri hələ də var. Amma biz ölkəmizi onların əlində qoymayacağıq, belələrinin xalqımızı məhv etməsinə imkan verməyəcəyik". Ərdoğanın opponentləri təmizləmə əməliyyatının tək Gülənçilərə deyil, artıq bütün müxaliffi kirli əhaliyə qarşı yönəldiyini deyir.
"The Guardian" qəzeti yazır ki, hakim AK Partiyasının məqsədi Ərdoğan-ı 2029-cu ilə qədər hakimiyyətdə saxlamaqdır. Mətbuat ölkədə referendum keçiriləcəyini, ölkə konstitusiyasına dəyişikliklər edilərək, Ərdoğana daha çox hakimiyyət veriləcəyini öncə də yazırdı. İndi bu barədə rəsmilər də danışırlar. Mətbuata sızan məlumata görə, hakim partiyanın hazırladığı qanun layihəsi baş nazir postunun ləğvini, əvəzinə prezidentə iki müavin və daha çox icraedici səlahiyyət verilməsini nəzərdə tutur. Üstəlik Ərdoğanın hakimiyyətinin daha 13 il uzadılmasına imkan verir.
Parlamentdəki müxalifətçilər – CHP və HDP sənədə qarşı çıxsalar da, millətçilər qanun layihəsinin müzakirəsinə hazır olduqlarını bildiriblər və layihə daxili baxış üçün onlara verilib. Prezidentlik müddəti 2019-cu ildə bitən Ərdoğanın seçkiyə yenidən qatılacağı, səsləri qazanarsa, 2024-cü ilə qədər hakimiyyətdə qalacağı gözlənirdi. "Reuters" agentliyinin əldə etdiyi qanun layihəsi Ərdoğanın referendumdan sonra əlavə icraedici səlahiyyətlərə yiyələnəcəyini, 2019-cu ildə səsvermə mexanizminin dəyişəcəyini və Ərdoğanın yenidən iki dəfə, hər birində 5 illiyə prezident seçilməsi imkanı qazanacağını göstərir. Parlamentdə ikinci böyük çoxluğa sahib CHP-nin sədr müavini Haluk Koç konstitusiyaya dəyişikliklərin bir nəfərin hakimiyyətiylə, əsarətlə sonuclanacağını deyib.