Qərbin Türkiyə oyunu Dünya

Qərbin Türkiyə oyunu

Terakt "azadlıq hərəkatı"dır?

Görünür, öz ərazi bütövlüyünü və Ankaraya olan təhdidləri qorumaq üçün Türkiyənin gördüyü tədbirlər Avropanın ürəyincə deyil.
Bunu İstanbulda 44 insanın ölümü ilə nəticələnən terakt və hadisənin arxasında dayanan güclərlə bağlı sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq bildirib ki, Türkiyədə asayiş keşikçilərinə qarşı törədilmiş terror dünyada birmənalı olaraq pislənilməlidir:
"Avropa tərəfindən bu cür biganə münasibət Türkiyəni qəzəbləndirə bilər. Çünki bu gün Avropanı terror sui-qəsdlərindən qoruyan və oraya miqrantların içərisində İŞİD, Əl Qaidə və başqa terror təşkilatların sızmasının böyük ölçüdə qarşısını alan məhz Türkiyədir. Avropa isə bunu dəyərləndirmək istəmir. Bu, Avropanın söykəndiyi dəyərlərlə qətiyyən üst-üstə düşmür. Türkiyəyə terroru gətirən PKK və İŞİD-çilərdir. İndi isə birdən-birə Avropa və Amerikanın baxışları dəyişib, hətta kürdlərin terror törətməsinə milli azadlıq hərəkatının təzahürü kimi baxmağa başlayıblar. Bu, nə elmi-siyasi, nə də normal insan düşüncəsi nöqteyi-nəzərindən qəbul ediləndir".
Politoloq hesab edir ki, özlərini sivilizasiyanın mənbəyi hesab edənlər terrora bir növ mənəvi siyasi dəstək verməklə Türkiyəni təkləməyə çalışırlar:
"Görünür, Türkiyənin öz ərazi bütövlüyünü və Ankaraya olan təhdidləri qorumaq üçün gördüyü tədbirlər Avropanın ürəyincə deyil. Xarici qüvvələr məhz buna görə bu məsələdə qardaş ölkəni müdafiə etmək istəmirlər. Bu, Avropa dəyələrinin iflasa doğru getdiyini göstərir. Vaxt gələcək, Avropa ölkələri buna görə xəcalət çəkəcəklər".
Q.Hüseynlinin fikrincə, Türkiyə bu terror aktları ilə bağlı daxili siyasətində ciddi dəyişikliklər etməlidir: "Ordu, jandarma və kəşfiyyat idarələrinin peşəkarlıq səviyyəsi gücləndirilməli, eləcə də sərhədlərin qorunması məsələsinə xüsusi diqqət yetirilməlidir. İstər PKK, istərsə də onun siyasi və hərbi qanadı olsun, xaricdən sızmalar dərhal zərərsizləşdirilməlidir. Bir sözlə, Türkiyənin qarşısında çox ciddi məsələlər durur".
"Avropa dövlətləri qardaş ölkədə baş verən terror hadisəsinə adekvat reaksiya göstərməyiblər".
Bunu isə politoloq İlqar Vəlizadə deyib. Türkiyədə baş verən terror bir neçə gün öncə Baş nazir Binəli Yıldırımın aprelə qədər PKK-nın kökünün kəsiləcəyinə dair açıqlamasına verilən bir reaksiyadır.
Ekspert hesab edir ki, terrorçular Ankaranın PKK ilə bağlı planının həyata keçməməsi üçün əllərindən gələni edəcəklər: "PKK ölkədə daxili siyasi vəziyyəti qarışdırmaqla xaos yaratmağa çalışır. Türkiyə hakimiyyəti PKK ilə mübarizədə çox ciddi qərarlar verib və bunlardan ən təsirlisi HDP liderlərinin həbs edilməsidir. HDP-nin əsas məqsəd və vəzifəsi Türkiyə hakimiyyətinə xaricdən, xüsusilə də Qərbdən təzyiqlərin artırılmasına şərait yaratmaq və bununla da Türkiyənin cənub-şərqi Anadoluda başlatdığı əməliyyatların dayandırılmasına nail olmaq idi. Ancaq Ankaranın qəti addımlarından sonra PKK hazırda mövcud türk hakimiyyətini devirmək, FETÖ vasitəsilə bu prosesi mümkün qədər tezləşdirmək və ən sonda öz məqsədlərini yerinə yetirməkdən ötrü ölüm-dirim savaşına girişib. Türkiyədə baş verən son terror da məhz bu ölüm-dirim savaşının nəticəsidir".
Analitik Vüqar Zifəroğlu isə bildirib ki, ard-arda baş verən terror aksiyaları birbaşa rəsmi Ankaranı müəyyən güzəştlərə və yumuşalmalara məcbur etmək xarakteri daşıyır.
Onun sözlərinə görə, terroru həyata keçirən təşkilatın özünü necə adlandırmasından asılı olmayaraq, hədəf və ünvan bəllidir: "HDP ilə bağlı son əməliyyatlar, ardınca Türkiyənin dollar siyasətindən tutmuş Suriyanın şimalında hərbi əməliyyatlara aktiv şəkildə yenidən start verməsi, hətta Afrinlə Menbic arasındakı yolları nəzarətə götürməsi, Rusiya ilə münasibətlərin istiləşməsi və bu fonda Avropa ilə münasibətlərin kəskinləşməsi çox vacib məqamlardır. Ard-arda baş verən terror aksiyaları Türkiyəni bir dövlət olaraq təhdid etmək mesajıdır ki, bu da rəsmi Ankaranı birbaşa müəyyən güzəştlərə və yumuşalmalara məcbur etmək xarakteri daşıyır".
Analitik bildirib ki, terror aksiyasının təşkilində yalnız adı çəkilən etnik separatçı və sol-kommunist terror qruplarının deyil, regionda Türkiyə ilə hədəfləri üst-üstə düşməyən dövlətlərin də marağı var:
"Kürd kartını ən kəskin şəkildə yenidən gündəmə gətirmək və bununla da bütün mümkün vasitələrlərdən yararlanaraq təzyiq aləti olaraq istifadə etmək başlıca məqsəddir".
Qərbin Türkiyədə xeyli insanın ölümü ilə nəticələnən terror hadisəsinə loyal münasibətinə gəlincə, analitikin sözlərinə görə, bu, bir daha Avropanın öz dəyərlərindən sürətlə uzaqlaşaraq problemlərə yalnız ikili standart və öz maraqları çərçivəsindən yanaşdığından xəbər verir.
Qeyd edək ki, 10 dekabrda İstanbuldakı "Vodafon Arena"da baş verən dəhşətli terakt nəticəsində 44 nəfər həlak olub, 155 nəfər isə yaralanıb.