Putinin Avrasiya layihəsi iflasa uğrayır Dünya

Putinin Avrasiya layihəsi iflasa uğrayır

Belorus prezidenti qurumun yaradılmasının təxirə salınmasını istəyir

Cavid

Belarus prezidenti Aleksandr Lukaşenko Avrasiya İqtisadi Birliyin (AİB) formalaşdırılmasının təxirə salınmasını təklif edib. Xarici informasiya vasitələrinin məlumatına görə, o, aprelin 29-da Avrasiya İqtisadi Şurasının Minskdə keçirilən iclasında belə açıqlama ilə çıxış edib.
Belarus lideri bildirib ki, danışıqlar zamanı onun bir sıra sualları meydana çıxıb: "Razılaşmaların 10 ildən sonra 2025-i ildə həyata keçirilməsi çox qəribə səslənir. Əgər biz bu tədbirləri indi görməyə hazır deyiliksə, o zaman indidən bunu etiraf etməliyik".
A.Lukaşenko xatırladıb ki, AİB-in yaradılması haqda müqavilələrin imzalanmasına çox az vaxt qalıb, "fikir ayrılığı yaradan çoxsaylı suallar yaranıb və onların sayı çəkindiricidir".
Rusiya prezidenti Putin isə bu narahatlığa cavab olaraq, əminliklə bildirib ki, Rusiya, Qazaxıstan və Belarus birliyin yaradılması ilə bağlı kompromis tapa bilər.
Xatırladaq ki, aprelin 29-da Minskdə keçirilən toplantıda V.Putinlə yanaşı Qazaxıstanın prezidenti Nursultan Nazarbayev də iştirak edib.
Məlumata görə AİB-in yaradılması haqda müqavilə 2015-ci il yanvarın 1-də imzalanmalıdır. Amma narahatlıqlar və fikir ayrılıqları indidən baş qaldırıb.
Hələ bir müddət öncə Moskvada yenidən bir araya gələn hər üç dövlət başçısı qlobal böhranın Avrasiya İqtisadi Birliyində cəmləşən ölkələrin iqtisadi durumunu çətin vəziyyətə salmalarından narahat olduqlarını bildirmişdilər. Birlik üzvləri bəyan ediblər ki, iqtisadi böhranla, ilk növbədə birgə mübarizə aparmaq üçün ən təsirli vasitələrdən biri antiböhran fondunun yaradılmasıdır. Yuxarıda qeyd etdiyimiz kimi, bu fondda 10 milyard dollar vəsait cəmləşməlidir ki, bunun 7,5 milyard dollarının Rusiya tərəfindən təmin edilməsi nəzərdə tutulub. Antiböhran fondunun nizamnəməsində qeyd olunub ki, bu qurumun əsas funksiyası iştirakçı ölkələrə suveren borclar və sabitləşdirici kreditlər verməkdir. Rusiyanın maliyyə naziri Aleksey Kudrin bəyan edib ki, fond bütün üzv ölkələrin onun yaradılması haqqında qərarı ratifikasiya etməsindən sonra işə başlayacaq. Bir çox ekspertlərə görə, Rusiya hökuməti antiböhran fondu yaratmaqla MDB ölkələrində öz nüfuz dairəsini genişləndirməyə çalışır. İndiyə kimi rəsmi Moskva özünə siyasi baxımdan daha yaxın hesab etdiyi Belarusa, Qırğızıstana və Ermənistana kreditlər verib.
Beləliklə, Rusiya öz kreditləriylə də MDB-dəki qonşularının siyasi loyallığını qazanmağa çalışır. Moskvalı politoloq Vladimir Jarixinə görə, Rusiyanın öz nüfuzunu artırmaq cəhdləri normaldır və imkanı olan bütün böyük ölkələr bunun üçün hər cür vasitədən istifadə edir. Jarixin deyib ki, Rusiya başqa MDB ölkələri ilə müqayisədə böhranlı vəziyyətə daha hazırlıqlı daxil olub: "Ona görə indi Rusiyanın başqa ölkələrə kömək etməyə imkanı var. Bununla da Rusiyanın bu ölkələrdə öz siyasi və iqtisadi nüfuzunu artırmağa imkanı olacaq".
Avropa Birliyinin Şərqə doğru genişlənməsi ilə Rusiya diktatoru Putinin Avrasiya İttifaqı adlı yeni birlik yaratmaq cəhdlərinin bir-birinə qarşı yönəlməsi bu prosesləri ciddi rəqabət sahəsinə çevirir. Bu rəqabət isə artıq yenidən Qərb-Şərq qarşıdurmasına gətirib çıxarmaqdadır. Bu prosesin qarşıdurma həddinə çatması isə təkcə hansısa bir siyasətçinin və yaxud dövlətin siyasi kaprizləri ilə bağlı deyil. Bütün dünya bu proseslərin hansı istiqamətdə getməsindən asılı olaraq, Avrasiya materikinin uzun müddət üçün taleyini müəyyən edəcəyinin fərqindədir. Buna görə də bu il bütün diqqətlər Avrasiya materikində gedən proseslərə yönələcək.
Qərb Avropa Birliyinin Şərqə doğru genişlənməsi prosesini həyata keçirməyə çalışmaqla yanaşı, Putinin Avrasiya İttifaqının yaratmaq yolunda atdığı addımları da narahatlıqla izləyir. Bu məsələdə Qərbdə iki tendensiya hiss olunur. Bir fikir ondan ibarətdir ki, Qərbin reaksiyasından asılı olmayaraq, Rusiya bu böyük layihəni həyata keçirə bilməyəcək. Hətta bəziləri Rusiyanın bu layihəni həyata keçirməyə maliyyə resurslarının çatmayacağını bildirir və Qərbin soyuqqanlı davranmasını təklif edirlər.
İkinci fikrin tərəfdarları isə düşünür ki, Qərb mane olmasa, Putin üç Baltikyanı respublika istisna olmaqla, digər keşmiş sovet respublikalarını yenidən Moskvanın çətiri altına toplaya bilər.
Rusiya ekspertlərinin hesablamalarına görə, Belarusla ittifaqın bir ili Rusiyaya 7-12 milyard dollara başa gəlir. Rusiyanın bu yardımı dayanarsa, Lukaşenko rejiminin dərhal çökəcəyi də Moskvanın siyasi dairələrinə yaxşı məlumdur.
Politoloq Ərəstun Baxşəliyevin fikrincə, Avrasiya uğrunda mübarizə getdikcə daha çox kəskinləşir.
Onun fikrincə, istər Yaxın Şərqdə, istərsə də Cənubi Qafqaz və Orta Asiyada cərəyan edən hadisələr son günlərdə Rusiya tərəfindən daha diqqətli və aktiv bir şəkildə gözdən keçirilməkdədir. Belə ki, keçmiş Varşava blokunun süqutundan sonra Şərqi Avropa, Cənubi Qafqaz, habelə Orta Asiya ölkələrində "Sülh Haminə Tərəfdaşlıq", Orta Şərq bölgəsində isə "Böyük Orta Şərq Layihəsi" kontekstində "Aralıq Dənizi Dilaoqu" layihəsi, NATO-nun timsalında ABŞ və onun tərəfdaş ölkələrinin Yaxın Qonşuluq və Şərq Tərəfdaşlığı, habelə "TACİS" proqram-layihələri Rusiyanı daha ciddi şəkildə narahat etməyə başlayıb: "Ancaq bütün bunlara baxmayaraq, Avropanın enerji təhlükəsizliyində öz maraqlarını gizlətməyən ABŞ və Avropa öz strategiyasını israrla həyata keçirməkdən, geostrateji və geopolitik önəm kəsb edən Yaxın Orta Şərq, Xəzər hövzəsi, habelə Orta Asiya bölgəsində öz varlıqlarını ortaya qoymaq yolundan bir addım belə olsun geri çəkilməyib. Çünki Avropanin enerji təhlükəsizliyinin təmin olunması dolayısı ilə ABŞ-ın maraqları kontekstindədir. Yəni, bu gün ABŞ-ın dünyada hegemon güc olmasına vəsilə olan region Avropadır".
Politoloq qeyd edib ki, 2009-cu ildə Rusiyanın strateji önəm kəsb edən milli təhlükəsizlik konsepsiyası işlənib hazırlanıb ki, burada da 2020-ci ilə kimi ölkənin qarşısında duran hədəflər, gözləntilər, Rusiyanın dünyada oynadığı önəmli rol, mümkün təhlükələr və onlardan müdafiə olunmaq üsulları, təhlükələr qarşısında atılacaq addımlar və bu kimi önəmli məsələlər öz əksini tapıb: "Sənədin ən dəyərli hissəsi isə rusiyalı analitiklərin növbəti onillikdə baş verə biləcək hadisələrlə bağlı irəli sürdükləri bir qisim proqnozlar olub. Və burada göstərilirdi ki, çox da uzaqda olmayan bir dövrdən başlayaraq dünyada enerji mənbələrinə nəzarət uğrunda mübarizə həddən ziyadə kəskinləşməyə başlayacaq. Bu qeyd olunurdu ki, mübarizənin əsas obyektləri Yaxın Şərq, Barens dənizi şelfi, Arktikanın digər regionları, Xəzər hövzəsi və Mərkəzi Asiya regionu olacaq.
Göründüyü kimi, istər ABŞ-ın, istərsə də Rusiyanın daha çox səy göstərdikləri bölgələr də məhz bu bölgələrdir və bu bölgələrə sahib olma uğrunda mübarizə getdikcə daha çox kəskinləşməyə başlamaqdadır".
Politoloq vurğulayıb ki, bu layihənin gündəmə gəlməsi əslində Rusiyanın olduqca zəif olduğu bir dövrə təsadüf edib və burada əsas hədəf hələ "soyuq müharibə" dövründə qütbləşmiş bölgənin tamamilə nəzarət altına alınmasına hesablanıb. Təsadüfi deyildir ki, bölgədə hələ keçmiş soyuq müharibə dövründən qalan - İraq, Liviya, Suriya və İran kimi Rusiya meylli dövlətlər var idi və ABŞ məhz bu layihə vasitəsilə bu kimi dövlətlərə nüfuz etməyə çalışırdı.
Və nəhayət, XXI əsrin başlanğıcına kimi irəli sürülən layihə çərçivəsində bölgədə kifayət qədər tərəfdaş toplayan ABŞ, daha sonra 1999-cu ildə Vaşinqtonda keçirilən konfrans zamanı NATO-nun yeni strateji konsepsiyasına düzəlişlərin qəbul edilməsi ilə əlaqədar olaraq, Aralıq dənizi dialoquna yeni bir "nəfəs" gətirir. Belə ki, burada Alyans ənənəvi üsulundan əl çəkərək, blokun yaranması zamanı müəyyən edilmiş "məsuliyyət zonası"ndan kənarda yerləşən regionlar ilə də "iş aparmağı" öz qarşısına əsas məsələ kimi qoyur.
Məhz bundan sonra Alyans üzvləri bölgədə Qərbin maraqlarına cavab verməyən, əməkdaşlığa açıq olmayan "soyuq müharibə" dönəminin qalıqları və ya qismən də olsa, Rusiyanın bölgədəki dayaq nöqtələri hesab olunan yuxarıda adları sadalanan dövlətlərdəki quruluşları bir-birinin ardınca aradan qaldırmağa başlayır. Bütün bunları diqqətlə izləyən Rusiya isə son dövrlərdə Yaxın Orta Şərqdə və Avrozonada yaranmış durumdan faydalanaraq qısa və tez bir zamanda öz mövqelərini möhkəmləndirməyə çalışdı.
Kreml hələ 2008-ci ilin avqustunda Rusiya-Gürcüstan müharibəsini başlatmaqla dünyaya yeni bir mesaj verdi: "Dünya heç də birqütblü deyil!"
Maraqlıdır ki, Cənubi Qafqazda bu müharibə hesabına yeni bir imiclə dünyaya açılan Rusiya ikiqütblü və ya çoxqütblü dünya faktorunun da qəbul olunması iddiasını Ukrayna hadisələri kontekstində daha da irəli aparmağa başlayıb.
Özünün Şərqi Avropa, Yaxın Orta Şərq, Cənubi Qafqaz habelə Orta Asiya regionundan atılması ilə heç cürə barışmayacağını elan edən Putin Rusiyası, bu dəfə yeni və müasir Avrasiya İttifaqı ideyası ilə itirilməkdə olan bəzi MDB dövlətlərini geri qazanmaqda israrlı olduğunu sərgiləməkdədir.
Təsadüfi deyildir ki, 4 illik fasilədən sonra Vladimir Putinin yenidən Rusiyanı idarə etməyə başlaması, istər beynəlxalq aləmdə, istərsə də MDB məkanında siyasi və hərbi gərginliyin artması ilə müşayiət olunmaqdadır.
Qərbə qarşı yeni cəbhə açmaq istəyərək hər vasitə ilə Rusiyanın simasında keçmiş SSRİ-nin qüdrətini bərpa etmək planlarını reallaşdırmağa cəhd edən Putin, bu işi təkbaşına, postsovetməkanı ölkələrinin iştirakı olmadan edə bilməyəcəyini yaxşı anlayır. Ona görə də hələ Rusiyada keçirilən prezident seçkiləri ərəfəsində Putin, Qərbə qarşı yeni sipər yaradacağını və bu müstəvidə də 2015-ci ilə kimi MDB-yə üzv dövlətlərin də daxil olacağı Avrasiya İttifaqı adı altında yeni qurum yaradacağını bəyan edib".
Politoloq qeyd edib ki, elə bu nüanslar üzündən Lukaşenko Avrasiya İttifaqının yaradılmasının təxirə slanması təklifini verib.