Trampın sərəncamı Yaxın Şərq və Avropada qəzəblə qarşılanıb Dünya

Trampın sərəncamı Yaxın Şərq və Avropada qəzəblə qarşılanıb

İraq parlamentinin komitəsi hökumətdən ABŞ prezidenti Donald Trampın yeddi müsəlman ölkəsindən vətəndaşların Amerikaya daxil olmasına qadağa haqda sərəncamının "qarşılığında" ölçülər götürməsini istəyib. İraq hökuməti hələlik prezident Trampın İraq, Suriya, İran, Sudan, Liviya, Somali və Yəmən vətəndaşlarının 90 gün ərzində ölkəyə buraxılmamasına dair sərəncamı ilə bağlı ictimaiyyətə açıqlama verməyib. Trampın sərəncamına əsasən, Suriya qaçqınlarının ABŞ-a girişinə qeyri-müəyyən müddətək, başqa ölkələrdən qaçqınların isə 120 gün müddətində ölkəyə buraxılmaması nəzərdə tutulur. Bağdad rəsmiləri ABŞ administrasiyasının bu məhdudiyyətlərin aradan qaldırması və ya onun iraqlılara təsirinin azaldılması üçün lobbiçilik aparacaqlarını bildirib. İraq rəsmiləri eyni zamanda, Ağ Evə mühacirətlə bağlı müvəqqəti qadağanın İŞİD-ə qarşı mübarizədə əməkdaşlığa zərər vura biləcəyi ilə bağlı xəbərdarlıq etməyə hazırlaşır.
Ərəb ölkələrinin hökumətləri də qadağa ilə bağlı ictimaiyyətə açıqlama verməyərək, Vaşinqtonda pərdəarxası lobbiçilik səylərini nəzərdən keçirir.
Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı liderləri bazar günü prezident Trampla telefon söhbətləri aparmalıdır. Bu haqda "Amerikanın Səsi"nə Dubayda adının açıqlanmamasını istəyən bir rəsmi nümayəndə məumat verib. Telefon söhbəti zamanı ABŞ prezidentinə BƏƏ-nin səfər qadağasının qoyulduğu ölkələr sırasına daxil edilməməsi barədə xəbərdarlıq ediləcəyi bildirilir.
Ağ Ev rəsmiləri xəbərdarlıq edib ki, "Ölkənin xarici terrorçu qrupların Birləşmiş Ştatlara daxil olmasından müdafiəsi" haqda sərəncamla yeddi dövlətlə yanaşı, başqa ölkələr də siyahıya əlavə edilə bilər.
İran vətəndaşlarının ABŞ-a daxil olmasına qadağaya cavab olaraq Amerika vətəndaşlarının İrana girişinin qarşısının alınacağını bildirib. İranın Xarici İşlər Nazirliyinin bəyanatında Trampın sərəcamının "müsəlman dünyası üçün təhqir olduğu" deyilir. Bəyanatda səfərlərlə qadağa "ekstremistlər və onların tərəfdarları üçün böyük hədiyyə" adlandırılıb. Tehran eyni zamanda qadağanın Amerikanı daha təhlükəsiz etməyəcəyinə dair xəbərdarlıq edib. Xarici İşlər Nazirliyi bildirib ki, sərəncama cavab tədbirləri ABŞ məhdudiyyələri aradan qaldırmayana qədər qüvvədə qalacaq.
Ağ Ev rəsmiləri İraq, Suriya, İran, Sudan, Liviya, Somali və Yəmən vətəndaşlarına qadağanın terrorçuların ABŞ-a daxil olmasına imkan verilməməsi səylərinin bir hissəsi olduğunu bəyan ediblər. Prezident Tramp müxbirlərə deyib ki, "bu, müsəlmanlara qoyulan qadağa deyil".
ABŞ prezidentinin sərəncamı Avropa ölkələrində də reaksiyalara səbəb olub.
Fransa prezidenti Fransua Olland deyib ki, demokratiyanın müdafiəsi qaçqınların qəbul edilməsi də daxil olmaqla, "fundamental prinsiplərə riayət olunmasını tələb edir". Lüksembburq Trampa mühacirətə məhdudiyyətlərin "Qərbə qarşı nifrət"in artmasına gətirib çıxara biləcəyi ilə bağlı xəbərdarlıq edib.
"Amerika prezidenti müsəlman dünyasını bununla xeyir və şərə bölür"- deyə xarici işlər naziri Jan Asselborn Almaniyanın Tagesspiegel qəzetinə bildirib. Almaniya kansleri Angela Merkel Trampın mühacirətlə bağlı məhdudiyyətlərinə dair sərəncamını tənqid edib. O deyib ki, bəzilərinin törətdiyi terrorizmə görə, "müəyyən mənşəyə və dinə mənsub insanların şübhə altına alınmasına bəraət qazandırmaq olmaz".