Rumıniya Rusiyaya nota verdi Dünya

Rumıniya Rusiyaya nota verdi

Roqozinin Moldovanı bombardmançı təyyarə ilə hədələməsi Avropanı silkələdi

Moldova kəşfiyyatı isə Rusiyanın bu ölkənin şərqində terrorçuların keçirdiyi qondarma seçkidə iştirakını təsdiq edən ifşaedici məlumat açıqlayıb. Belə ki, Rusiya baş nazirinin müavini Dmitri Roqozinin, mədəniyyət naziri Vladimir Medinskinin, Dövlət Dumasının üzvlərinin və dövlət nümayəndələrinin uçduğu təyyarədə separatçı Dnestryanı bölgənin əhalisinin Rusiyaya birləşdirlməsi ilə bağlı 4 qutu imza aşkar edib.
Xəfiyyələr separatçı imzaları Rusiya dövlət təyyarəsinin Kişinyovda məcburi enişi zamanı aşkar ediblər.
Qeyd edək ki, 9 may Qələbə Günü ilə əlaqədar qondarma quruma səfər edən rusiyalı rəsmilərin təyyarəsinə qayıdan zaman nə Rumıniya, nə də Ukrayna hava koridoru verib. Hadisə də məhz hava laynerinin Kişinyova məcburi geri dönməsi zamanı baş verib. Təyyarədə olan rusiyalı deputatlardan biri qeyd edib ki, imzalar bütün bölgənin sakinlərini əhatə edib.
Xatırladaq ki, məsələyə öz kəskin reaksiyasını bildirən Roqozin Kişinyovu hədələyərək, növbəti dəfə bölgəyə nüvə başlığı daşıyan "Tu-160" bombardmançı təyyarəsilə gələcəyini demişdi.
Rusiya baş nazirinin təhdid dolu açıqlamasına Rumıniya hökuməti sərt reaksiya verib və Kremldən bu bəyanata izah vermək tələb olunur.