Moskva Kiyevin qazını kəsəcək Dünya

Moskva Kiyevin qazını kəsəcək

Qərb Ukraynanın tələbatını təmin edə biləcəkmi?

Cavid

Rusiya iyunun 1-dən Ukrayna ilə qaz nəqlinə görə qabaqcadan ödəniş sisteminə keçəcək. "Qazprom" artıq mayın 13-də, yəni bu gün Ukrayna tərəfinə hesab təqdim edəcək və iyun 2-dək həmin ay üçün qaza görə ödənişi gözləyəcək. Ödəniş olmazsa, ertəsi gün - iyunun 3-ü, saat 10:00-da Ukraynaya qaz nəqli dayandırılacaq.
Xatırladaq ki, Kiyevin qaza görə Rusiyaya olan borcu hazırda 3.5 milyard dollara yaxındır. Onu da qeyd edək ki, bir müddət öncə Rusiyanın Avropa Birliyindəki nümayəndəliyinin rəsmisi Vladimir Çijov bəyan edib ki, Moskva Ukraynaya qaz nəqlini dayandırması ehtimalını istisna etmir.
"Ukraynada baş verən hadisələri nəzərə almaqla deyə bilərəm ki, əgər 3,5 milyard dollar həcmində qaz borcu məsələsi vaxtında tənzimlənməsə, Ukraynaya qazın nəqlinin dayandırılması istisna edilmir", - deyə Rusiya rəsmisi belə deyib. Moskva Ukraynanın 2009-cu il razılaşmasına əsasən aldığı qaza görə borcunu ödəməsi üçün qoyulan müddətin mayın 7-də başa çatdığını, lakin bu ilin martından "Naftoqaz Ukraina"dan "Qazprom"a heç bir ödənişin həyata keçirilmədiyini iddia edir. Ukraynanın energetika naziri Yuri Prodan isə ölkəsinin Rusiyadan aldığı qaza görə razılaşmada göstəriləndən daha yüksək məbləğ ödəməyəcəyini bəyan edib. Rusiyanın Ukraynanın qazını kəsməsi rəsmi Kiyevi ağır iqtisadi duruma salsa da Avropanın onu dəstəkləmək məcburiyyətində qala biləcəyi də ehtimal edilir.
Qeyd edək ki, "The Inderendent" in yazdığına görə, "Böyük Britaniya ABŞ və Avropa ölkələri ilə birlikdə Rusiya prezidentinin neft-qazın nəqlindən Ukraynaya və onun Şərqi Avropa qonşularına qarşı "silah" kimi istifadə etmək niyyətinin neytrallaşdırılması planını hazırlayır".
İyunda "böyük yeddiliyin" dövlət başçılarının görüşündə Devid Kameronun və digər G-7 ölkələrinin liderlərinin Rusiya qazının nəqlininin dayandırılacağı təqdirdə gələn qış Ukraynaya yardım göstərilməsi ilə bağlı "fövqəladə reaksiya planı" imzalayacaqları gözlənilir.
Qəzet qeyd edib ki, G-7 ölkələri energetika nazirləri Avropanın Rusiya neft-qazından asılılığının aradan qaldırılması və Kremlin siyasi təzyiq kimi enerji təhlükəsizliyindən istifadəsinin qarşısının alınması üzrə uzunmüddətli plan razılaşdırıblar. Söhbət Avropada bir neçə yeni maye qaz terminalının yaradılmasından, ABŞ-ın şist qazının ixracına, Qərbdən Şərqə qaz nəqli üçün yeni boru kəmərlərinə investisiyalara və Şimali Afrikadan nəql marşrutlarının genişləndirilməsinə məhdudiyyətlərinin aradan qaldırılmasından gedir. Romada G-7-lərin görüşündə Böyük Britaniyanı təmsil etmiş energetika və iqlim dəyişiklikləri naziri Ed Deyvi qəzetə bildirib ki, müvafiq addımlar atılmayınca, Rusiya şübhəsiz, enerjidən silah kimi istifadə edəcək. Onun sözlərinə görə, bu, tamamilə yolverilməzdir. Deyvi bildirib ki, G7 ölkələri uzunmüddətli perspektivdə "təhlükənin neytrallaşdırılması" üzərində işləmək barədə razılığa gəliblər. Yaxın zamanlarda isə Rusiya qazı kəsərsə, bu yaz Ukraynanın enerji tələbatının dəstəklənməsinə dair plan tərtib edilib. "Dauninq-strit"dəki mənbə bildirib ki, Kameron "tamamilə bu strategiyanı dəstəkləyir", - məqalədə deyilir.
Qeyd edək ki, Rusiyanın enerji asılılığından azad olmaq üzrə vasitələrdən biri Azərbaycandan Gürcüstan və Türkiyə vasitəsilə Avropaya qaz kəməri sistemi olacaq. Avropa Birliyinin enerji təhlükəsizliyi üzrə komissarı Günter Ottinger isə qeyd edib ki, Avropa Ukraynaya qaza görə yığılmış borcu Rusiyaya qaytarmaq üçün kömək etməlidir. Əks halda Rusiya ilə Qərb arasında yeni qaz müharibəsi başlaya bilər. Hazırda mümkün qaz böhranından qaçılmalıdır və qış ayları üçün enerji təhlükəsizliyini təmin etmək lazımdır. Biz Ukraynaya 2 milyard dollar borcu ödəmək üçün kömək etməsək, Rusiya bu ölkəyə daha qaz nəql etməyəcək. Komissar Günter Ottingerin Azərbaycanı, Norveçi və Əlcəzairi gələcəkdə Avropanın qaz bazarında daha böyük rol oynaya biləcək ölkələr hesab etməsi, isə Rusiyanı açıq-aşkar qıcıqlandırır.
Politoloq Qabil Hüseynlinin fikrincə, Rusiya çalışır ki, Azərbaycan TANAP layihəsinin inkişafını müəyyən dövrə saxlasın: "Söhbət Putinin 18 Avropa ölkə liderinə xəbərdarlığından sonra Azərbaycanın Avropa bazarına daxil ola biləcəyi ehtimalıdır ki, bu da Rusiyanı hərəkətə gətirib".
Bununla belə, ABŞ rəsmiləri bütövlükdə Avropanı Rusiya qazından "xilas" etmək üçün ən azı 5 il vaxt lazım olması barədə artıq öz fikirlərini bildiriblər. Bu isə o deməkdir ki, Avropa hələ 2020-ci ilə qədər Rusiya qazının "təzyiqindən" əziyyət çəkəcək. Bunu yaxşı başa düşən Rusiya məqam düşmüşkən, irəlidəki 5 il və ya sovetlərsayağı "beşillik" ərzində öz "planlarını" artıqlaması ilə doldurmaq istəyir. Hər işini plan üzrə quran Rusiya bununla da Krımın işğalına sərf etdiyi 2 milyard dolları Ukraynadan alacağı qaz borcu ilə kompensasiya etmək istəyir. Hazırda Ukraynanın mövcud durumunda bu məbləği verə bilməməsi isə avropalıların "əllərini ciblərinə salmasına" vadar edir. Dolayısı ilə əgər Avropa qazlanmaq və ya qızınmaq istəyirsə, onda gərək əli ən azı beş il cibində olsun. Artıq Avropa İttifaqı da Ukrayna ilə Rusiya arasında olan qaz mübahisəsinə qarışıb. Polşanın paytaxtı Varşavada Ukrayna, Avropa İttifaqı və Rusiya Federasiyasının mütəxəssislərinin iştirakı ilə Rusiya qazının nəqli məsələsi ilə bağlı üçtərəfli danışıqlar aparılıb. Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottinger jurnalistlər üçün keçirdiyi brifinqdə deyib ki, məsələnin həlli yolu üçün plan hazırlanıb: "Bizim məqsədimiz, anbarları qış fəsli üçün lazım olan qaz ehtiyatı ilə iyul və avqust aylarında doldurmaqdır. Onun sözlərinə görə, tərəflər danışıqlar zamanı xoş məram nümayiş etdirərək, qaz sektorunda vəziyyətin gərginləşməsini istəmədiyini bildiriblər. Danışıqların növbəti mərhələsində Ukraynaya satılan qazın qiyməti də müzakirə ediləcək".
Amma münaqişə silahlara əl atmağa qədər dərinləşərsə, qaz kəmərləri təhlükəsizlik üçün dayandırıla bilər. Çünki, Ukrayna hər şeydən öncə, dünyanın ən böyük qaz tranzit ölkəsidir. Bu ehtimal Rusiya və Qərb dairələrində beyinləri məşğul edən ən təhlükəli ssenarilərdəndir. Lakin eyni zamanda o da nəzərə alınır ki, qaz nəqli Rusiya üçün də ən vacib ixracatdır və Qərb "soyuq müharibə" illərinin ən çətin dövrlərində də Rusiyadan qaz idxal edib. Bəs Qərb niyə dərhal Rusiyadan qaz idxalına son qoymur? Qısa cavab odur ki, onlar buna çalışır və bunu "Böyük Yeddilər"in enerji ilə bağlı həftəsonu görüşündə müzakirə edəcəklər. Ukrayna üçün ən tez variant qazı Qərb ixracatçılarından almaqdır. Bəzi kəmərlər hətta yeni formada - "geriyə axın" üçün qurulub. Məsələn, Almaniyanın RWE şirkəti Ukraynaya satdığı qazı Polşa və Macarıstan kaz kəmərlərilə çatdırır. Lakin mövcud imkanlar Ukraynanın ehtiyaclarını qarşılamağa yetərsizdir.