Ukraynasız MDB-nin gələcəyi Dünya

Ukraynasız MDB-nin gələcəyi

Rusiya xəbərdarlıq edib ki, əgər Ukrayna qurumu tərk edərsə onu daha ağır günlər gözləyəcək

Cavid

Ukrayna MDB-ni tərk etməklə bağlı qərar verib. Bir neçə gün öncə Ukraynanın Milli Təhlükəsizlik Şurasının katibi Andrey Parubiy Ali Radanın brifinqində deyib ki, Ukraynanın Birliyin tərkibindən çıxması ilə bağlı qərar Milli Təhlükəsizlik Şurasının iclasında qəbul olunub.
Xatırladaq ki, bir müddət əvvəl Ukrayna Daxili İşlər Nazirliyinin İnformasiya Siyasəti Departamentinin direktoru Yevqeniy Perebiynis də, Ukraynanın 2014-cü ildə MDB-yə sədrliyinə son qoyacağını açıqlamışdı. Onu da bildirək ki, 1991-ci ildə imzalanmış Belovej sazişinə görə, Ukrayna MDB-nin yaradıcılarından biri olsa da, o, təşkilatın Nizamnaməsini təsdiq etməyib və buna görə də de-yure Birliyin iştirakçısı deyil.
Ekspertlərin fikrincə isə, Ukraynanın MDB-dən getməsi qurumun tam iflası ilə nəticələnəcək. Rusiyalı politoloq Andrey Suzdaltsev deyib ki, Ukraynanın MDB-dən getməsi təşkilat tarixində ən böyük mənfi fakt olacaq. Çünki Ukrayna MDB-nin təkcə üzvü deyil, həm də bu təşkilatın əsasını qoyan üç ölkədən biridir. O, Ukraynanın MDB-dən gedəcəyini bildirib: "Artıq bu barədə Ukraynanın dövlət rəsmiləri tərəfindən bəyanat səslənib. Hazırda rəsmi Kiyev Avropa Birliyinə istiqamətlənib. Ukraynanın MDB-dən getməsi təkcə təşkilatdan getmək anlamına gəlmir. Bu, ümumilikdə regiondan getmək deməkdir. Ukrayna Avropa ailəsinin üzvü olacaq. Bu, MDB məkanında baş verən çox ciddi bir prosesdir".
"Ukraynanın MDB-dən çıxacağı haqda bəyanatı artıq ölkənin 1,5 mlrd. avro itirməsinə səbəb olub. Ukrayna MDB-dən çıxarsa, daha 9 milyard avro itirəcək". Bunu isə Rusiya Elmlər Akademiyası Avropa İnstitutunun MDB ölkələri strateji inkişaf Mərkəzinin sədri Aleksandr Qusev deyib.
Onun sözlərinə görə, MDB dövlətləri arasında azad iqtisadi zonalar var ki, Ukrayna bu zonalardan istifadə edə bilməyəcək, nəticə etibarilə təkcə gömrük tariflərinə görə 9 milyard avro itirəcək: "Ukrayna istehsal etdiyi kənd təsərrüfatı məhsullarının 50 faizini Rusiyada reallaşdırır. Bundan sonra Ukrayna üçün Rusiya bazarı bağlanacaq. Ölkənin şərq vilayətlərində isə kütləvi işsizlik baş verəcək, çünki şərqi Ukraynanın əsas bazarı Rusiyadır".
A.Qusev Ukrayna MDB-dən çıxdığı təqdirdə, Rusiya və Qazaxıstanın da itkilərindən danışıb: "Ukrayna MDB-dən çıxarsa Rusiya 2.5 mlrd., Qazaxıstan isə 1 mlrd. avro itirəcək". Politoloqun fikrincə, 2,5 mlrd. avro, nəhəng Rusiya iqtisadiyyatı üçün böyük itki deyil.
Ukraynalı politoloq, "Ekspertnıy Sovet" Analitik Mərkəzinin direktoru İsgəndər Xisamov isə Ukraynanın MDB-dən çıxmasının ölkə üçün iqtisadi cəhətdən ağır olacağını söyləyib: "İqtisadiyyat çökəcək. Ukraynanın MDB-dən çıxması, onun Azad İqtisadi Zonadan çıxması deməkdir. Bu isə Ukrayna məhsullarının əsas alıcısı olan Rusiyanın bazarlarının Ukraynanın üzünə bahlanması anlamına gəlir. Təbii ki, hazırkı Ukrayna rəhbərliyi bütün bunları nəzərə alıb. Çünki rəsmi Kiyev üçün siyasi dəlillər iqtisadi dəlilərdən daha üstündür".
İ.Xisamov bildirib ki, Rusiyanın Ukraynaya qarşı münasibəti rəsmi Moskva üçün də ağır nəticələnəcək: "Krımın Ukraynadan qoparılması, Ukraynada anti-rus əhval-ruhiyyəni gücləndirəcək, Rusiya daha böyük başağrısı ilə üz-üzə gələcək".
Ekspert Hüseynbala Səlimovun fikrincə isə Təhlükəsizlik Şurasının Ukraynanın MDB-dən çıxmasına start verməsi məlumatı Ukraynada sonuncu inqilabın qalib gəldiyi ilk günlərdə də yayılıb. O zaman ölkə MDB-yə sədrlikdən imtina edərək qurumun növbəti toplantısına özünün nümayəndəsini göndərməmişdi. Amma prosesin sonrakı inkişafı haqqında bir məlumat gəlmədi. İndi də ziddiyətli məlumatlar daxil olmaqda davam edir. Hətta Təhlükəsizlik Şurasının adından yayılan bəyanatları təkzib etmək cəhdləri var.
Ekspertə görə, əslində Ukrayna hələ də MDB-nin nizamnaməsini ratifikasiya etməyib və qurumda bu vaxta qədər həmtəsisçi statusu ilə iştirak edib: "Üstəlik, MDB-ni tərk edən Gürcüstanın, eləcə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını iki dəfə tərk edən Özbəkistanın təcrübəsinə istinad edərək demək olar ki, bu, bir o qədər də mürəkkəb proses deyil. Amma nədənsə Ukrayna hələ də "start" götürür və ziddiyətli bəyanatlar verir... Nədən bu prosesə bu qədər önəm veririk? Bəli, bu yerdə heç bir izafi şişirtməyə və mübaliğəyə varmadan demək olar ki, Ukraynanın MDB-ni tərk etməsi Rusiyanın geosiyasi ambisiyalarına və MDB-nin gələcəyinə sarsıdıcı zərbə olacaq. Bu vaxta qədər ən müxtəlif ölkələri təmsil edən politoloqlar və siyasi təhlil adamları dəfələrlə qeyd ediblər ki, Ukraynasız Rusiyanın imperiya ambisiyaları puç olmağa məhkumdur. Ukraynanın qurumu tərk edəcəyi təqdirdə Rusiya özünün olan-qalan satellitləri ilə birlikdə Asiya ölkəsinə çevrilmək aqibətindən qaça bilməyəcək. Düzdür, proses prosedura baxımından asan olsa da, müəyyən itkilərlə də müşayiət oluna bilər. Ukrayna artıq ilk itkiləri verib. Rusiyanın da geriyə yolu yoxdur. Güman etmək ki, Rusiya bundan sonra Krımdan əl çəkəcək, bu, sadəlövhlük olardı - Rusiya prezidenti Vladimir Putinin reytinqindəki son artımlar məhz bu ilhaqla bağlıdır".
Politoloq Fikrət Sadıqov isə bildirib ki, Ukraynanın MDB-ni tərk etməsi qaçılmazdır: "Yeni hakimiyyətin prioritetləri Qərbə tərəf yönələcək. Hamıya bəllidir ki, Ukraynanın yeni hökuməti Avropa Birliyinə və NATO-ya üz tutacaq. Bütün bunları nəzərə alıb deyə bilərik ki, MDB Ukrayna xarici siyasətindən çıxdaş olacaq. Bunu bu başdan görmək çətin deyil".
Politoloq Fərhad Mehdiyev də Ukraynanın MDB-dən çıxa biləcəyini, amma bunun birliyin gələcəyi üçün təhlükə yaradacağına inanmadığını bildirdi: "Demək olar ki, MDB öz funksiyasını yerinə yetirib. Rusiyanın digər məqsədləri və istəkləri var ki, bunu da Gömrük İttifaqı çərçivəsində həyata keçirmək niyyətindədir. Yanukoviç hakimiyyətdə qalsaydı, hansı addımı atardı, bunu demək çətindir. Amma Ukraynanın yeni hökumətlə Gömrük İttifaqına daxil olmayacağını qəti şəkildə söyləyə bilərəm. Hazırkı vəziyyət belə davam etsə, Rusiya Krımdan çıxmasa, Ukraynanın MDB-ni tərk edəcəyinə şübhə yeri qalmır".
F.Mehdiyev qeyd edib ki, Ukrayna MDB-ni tərk edəcək deyə, qurumun süqut təhlükəsi yaşayacağını düşünmək də düzgün olmaz: "Bu cür beynəlxalq birliklər ortaya qoyduğu mexanizmlər vasitəsi ilə ayaqda dururlar. Məlumdur ki, malların idxalı və ixracı zamanı gömrük tariflərində digər ölkələrə nisbətən güzəştli şərtlər tətbiq edilir. Düzdür, Rusiya iqtisadi inteqrasiyanı daha da yaxşı səviyyəyə çatdırmaq üçün sonradan Gömrük İttifaqını təklif etdi. Amma hər ölkə bu ittifaqa daxil olmaq niyyətində deyil. Ona görə də bəzi funksiyaları MDB-nin həyata keçirdiyini xatırlatmaq istəyirəm. Bu məsələlərə cinayətkarlıqla bağlı mübarizə də daxildir. Həmçinin MDB kontekstində dövlətlər arasında bağlanmış bir çox müqavilələr var ki, onlar öz varlıqlarını qoruyacaqlar. Sadalananları nəzərə alsaq, MDB-yə çökmüş qurum kimi baxmaq olmaz".
Politoloq onu da söyləyib ki, MDB Rusiyanın istədiyi funksiyaları tam olaraq yerinə yetirmədiyi üçün şimal qonşumuz Gömrük İttifaqı mexanizmini ortaya qoydu. Bunu belə anlamaq olur ki, Rusiya özü də MDB-yə çox da uğurlu qurum kimi baxmır: "MDB sadəcə olaraq, inteqrasiyanın ilkin variantı idi. Ondan sonra digər təşkilat layihələri ortaya çıxdı. Təəssüf doğuran məqam odur ki, Rusiya Krımda göstərdiyi davranışla köhnə SSRİ respublikaları üzərində ağalıq kimi hisslərinin olduğunu bir daha nümayiş etdirdi. O, özünü nəinki böyük qardaş, hətta patron kimi aparır, bu ərazilər üzərində hegemonluğunu bərpa etməyi planlaşdırır. Düşünürəm ki, bundan sonra MDB-yə üzv ölkələr müstəqilliklərinin qayğısını çəkmək səbəbilə Rusiyaya qarşı müəyyən mövqe tutacaqlar. Təbii ki, bu durumda hər ölkənin öz davranış tərzi olacaq. Məsələn, Ermənistanın ayrı, Azərbaycanın isə tam başqa mövqeyi olacaq. Bir məqamı da qeyd edim ki, MDB-nin amorf bir qurum olduğu Krım hadisələrindən əvvəl də deyilirdi. Lakin düşünmürəm ki, Ukraynanın MDB-ni tərk etməsi bu qurumun quruluşuna böyük zərbə vuracaq. Onların ruslara vurduğu əsas zərbə başqa istiqamətlərdə olacaq".
Rusiyanın baş naziri D.Medvedyev isə Ukraynanın MDB-dən çıxacağı və Avropa Birliyi ilə assosiasiya olacağı təqdirdə ölkəsinin sərt tədbirlər görəcəyini bəyan edib: "Əgər bizim ukraynalı tərəfdaşlarımız MDB-dən çıxsa və Avropa Birliyi ilə assosiasiya haqqında saziş imzalasalar, biz aqrar biznes sahəsindəki əməkdaşlığımızın şərtlərinə yenidən baxmalı və Rusiyanın aqrar bazarının qorunması üçün ÜTT çərçivəsində tədbirlər görməyə məcbur olacağıq. Ukraynanın indiki rəhbərləri bu haqda (MDB-ni tərk edib AB ilə saziş imzalamaq haqda) danışırlar. Belə olacağı halda biz də sərt tədbirlərə əl atmalı olacağıq".
Ukrayna xarici işlər naziri vəzifəsini icra edən Andrey Deşitsa isə bəyan edib ki, MDB üzv dövlətlər arasında mövcud olan münaqişələri həll etmək iqtidarında deyil. Deşitsa qeyd edib ki, MDB və ona üzv ölkələr Ukraynanın son hadisələrlə əlaqədar xarici işlər nazirləri səviyyəsində təcili yığıncaq keçirilməsi tələbinə heç bir reaksiya verməyib. "Əgər biz həmsədr ölkə kimi MDB icra komitəsinə təcili müşavirə keçirilməsi ilə bağlı müraciət edirik və buna heç bir reaksiya olmursa, quruma daxil olan ölkələrdən biri digərinə silahlı müdaxilə edirsə, belə bir qurum nəyə gərəkdir?" - deyə A.Deşitsa qeyd edib.