Böyük təhlükə yaxınlaşır: Rusiya və İran hədəfdə Dünya

Böyük təhlükə yaxınlaşır: Rusiya və İran hədəfdə

Rusiya son illər Yaxın Şərq siyasətini gücləndirmə xəttini yürüdür.
Bunu Rusiya və Səudiyyə Ərəbistanının nüvə gücünün sülh üçün istifadəsi barədə saziş imzalanmasını şərh edən politoloq Tofiq Abbasov deyib. Politoloq Moskva ilə Ər-Riyad arasındakı nüvə danışıqlarının siyasi xarakter daşıdığını bildirib:"Rusiya belə bir müqaviləni daha əvvəl Misirlə imzalayıb. Misirin Səudiyyəyə nəzərən çox perspektivli olması və ilk baxışdan ümidverici planlar cızılması təsadüfi deyil. Səudiyyə öz göstəricilərinə görə, əlbəttə ki, Yaxın Şərqdə olan mühüm ölkələrdən sayılır, ancaq Rusiya ilə nüvə sahəsində əməkdaşlıq siyasi məqsədlidir. Səudiyyə bölgədə nüfuzunu daha da artırmağa çalışır. Bu ölkədə uran axtarışları ilə bağlı böyük tədqiqat işləri gedir, xarici şirkətlər Səudiyyəyə maraq göstərir. Ancaq Səudiyyənin əsl niyyəti ABŞ və İsrailin dəstəyi ilə nüvə silahına sahib olmaqdır. Rusiya nüvə dövləti kimi Yaxın Şərqdə atom silahının yayılmasında heç də maraqlı deyil. Ümumiyyətlə, nüvə-atom proqramı çərçivəsində hərbi komponentlərin yayılması qlobal təhlükəsizliyə ziddir. ABŞ, İsrail və digər bölgə dövlətləri İranla bağlı xüsusi proqramlar təsis ediblər. Hətta ABŞ bu yaxınlarda antiiran koalisiyasını yaradacağını bəyan edib. Əslində, bu, böyük bir təhlükədən və müharibədən xəbər verir".
Politoloq belə bir vəziyyətdə Rusiyanın nüvə silahının əldə olunması istiqamətində Səudiyyəyə dəstək verəcəyini düşünmür:"Bir tərəfdən Yaxın Şərq Rusiyanın sərhədlərinə yaxındır, digər tərəfdən isə təhlükəli hazırlıqların hansı fəlakətlərlə nəticələnə biləcəyi bəllidir. Bu baxımdan Rusiya və Çin ABŞ-ın cızdığı təhlükəli planlara qarşı çıxır. Rusiya Türkiyə və Misirdən sonra Səudiyyə ilə anlaşsa da, hələ ki durum çox kövrəkdir. Bölgədə risklərin sayı artarsa, Rusiya bu prosesdən boyun qaçıracaq və Ər-Riyada köməklik göstərməyəcək. Çünki Səudiyyə açıq-aşkar ABŞ və İsraillə müttəfiqlik münasibətlərinə girib. Əgər bu müttəfiqliyin taktiki hədəfi İrandırsa, strateji hədəfi Rusiyadır. Bu baxımdan hesab edirəm ki, Kreml vəziyyəti yaxından monitorinq edərək çox ehtiyatlı davranacaq".
Qeyd edək ki, Səudiyyə Ərəbistanı ilə Rusiyanın "Rosatom" şirkəti arasında nüvə gücünün sülh üçün istifadəsi barədə saziş imzalanıb. Sazişə əsasən 2032-ci ilə qədər nüvə stansiyasından 17,6 geqavatt elektrik istehsal edilməsi planlaşdırılır.