Navalnının boykot çağırışı Putin üçün təhlükə deyil Dünya

Navalnının boykot çağırışı Putin üçün təhlükə deyil

"The Guardian" yazır ki, Kreml Rusiya hökumətinin kəskin tənqidçisi Aleksey Navalnının seçkiyə buraxılmamasının seçkinin legitimliyi üçün əngəl yaradacağına dair iddiaları rədd edib.
Rusiyanın Mərkəzi Seçki Komissiyası antikorrupsiya fəalı Navalnını 2018-ci il prezident seçkilərində iştirak üçün namizədliyini qeydə almaqdan imtina edib.
Navalnı artıq bir ilə yaxındır ki, seçki kampaniyası aparırdı. MSK-nın qərarında deyilir ki, Navalnı üstündə məhkumluğa görə bu seçkidə iştirak edə bilməz. İndi isə Navalnı bəyan edib ki, o, özünün 200 min seçki kampaniyası könüllüsündən diqqətlərini seçkinin boykot edilməsinə yönəltmələrini xahiş edəcək.
"Vladimir Putin əməlli-başlı sarsılıb, - Navalnı internetdə yaydığı videoda deyib, - Onların bizə təklif etdiyini seçki adlandırmaq olmaz. Bu seçkiyə yalnız Putin və onun seçdiyi, onun üçün kiçicik də olsa təhlükə təşkil etməyən namizədlər buraxılıb. Bu vəziyyətdə seçki məntəqələrinə getmək yalan və korrupsiyaya səs vermək deməkdir".
"The Guardian" yazır ki, 18 ildir hakimiyyətdə olan Putin ötən çərşənbə axşamı namizədliyinin rəsmən irəli sürüldüyü toplantıya şəxsən qatılmayıb. Kreml bunu onun iş cədvəlinin sıxlığı ilə izah edib.
Sovet İttfaqının ideoloji parklarından biri olan VDNX-da keçirilən bu tədbirə idman ulduzları və mədəniyyət xadimləri də daxil, 650 qonaq dəvətli idi.
Bu arada Avropa İttifaqı bildirib ki, Navalnının seçkidə iştirakına imkan verilməməsi Rusiyada plüralizmin olması və demokratik seçki keçirilməsi imkanı üzərinə şübhə kölgəsi salır.
Aİ bildirib ki, bundan əvvəl Avropa İnsan Haqları Məhkəməsi Navalnının üzərindəki məhkumluğu ləğv edən qərar çıxarmışdı və buna görə də müxalifətçinin namizədliyi qeydə alınmalı idi.
Avropa İttifaqının bu xüsusda bəyanatında deyilir kİ, "siyasi motivli ittihamlardan siyasi iştirakın qarşısının alınması üçün istifadə olunmamalıdır".
Kremlin sözçüsü Dmitri Peskov israr edib ki, Navalnının boykot çağırışı seçkinin legitimliyinə heç bir vəchlə təsir göstərə bilməz. Lakin o əlavə edib ki, seçkini boykot etməyə çağırışın hüquqiliyi "ciddi şəkildə" araşdırılacaq. Müşahidəçilərin fikrincə, Peskovun bu bəyanatını Navalnıya qarşlı üstüörtülü hədə kimi də başa düşmək olar.
Rusiyada seçkilərin boykotuna çağırış qadağan deyil, lakin ötən il parlament seçkilərini boykota çağıran bir neçə internet saytı bloklanmışdı.
Xarizmatik antikorrupsiya kampaniyaçısı olan Navalnı 2011 və 2012-ci illərdə keçirdiyi anti-Putin mitinqləri ilə məşhurluq qazanıb. O, Rusiyanın hakim Vahid Rusiya partiyasını "fırıldaqçı və oğruların" partiyası adlandırmışdı. Bir çox liberallar Navalnını dəstəkləsələr də, onun millətçi keçmişindən narahatdırlar. O, 2013-cü ildə çeçenlərin Rusiyanın cənubundakı bir şəhərdən deportasiyasını tələb edən iqrçiləri dəstəkləmişdi.
Bu da qeyd olunur ki, onun seçkiyə buraxılmamasına dair qərar qəbul olunmazdan az əvvəl, Navalnının populyarlıq reytinqi 2 faiz idi. Lakin bu il keçirilən başqa bir rəy sorğusu 2003-cü ildən bəri ilk dəfə olaraq Putinin sabitliyindən daha çox dəyişiklik istəyən rusiyalıların sayının artdığını göstərib.
Navalnı bunu da bildirib ki, onun tərəfdarları adamların bu seçkidəki iştirakını monitorinq edəcəklər. Bundan məqsəd hökumətin iştirak rəqəmlərini şişirtməsinə yol verməməkdir.
Bəzi mənbələrdən alınan xəbərlərə görə, Kreml bu dəfə Putinin 70 faiz iştirakla 70 faizlik qələbəsini təmin etmək istəyir.
Lakin Levada ictimai rəyi öyrənmə mərkəzinin son sorğusu 2018-ci il seçkisində seçici iştirakının 65 faizdən yuxarı olmayacağını göstərib.
Levada mərkəzindən sosioloq Denis Volkov deyib ki, seçkidə Navalnının iştirakı ona marağı və seçici davamiyyətini artıra bilərdi, lakin səsvermənin boykotu çətin ki, Putinin qaçılmaz qələbəsinə kölgə sala bilsin.
Politoloq İlqar Vəlizadə rusiyalı müxalif bloger Aleksey Navalnının 2018-ci ilin martında keçiriləcək prezident seçkisini boykot etməklə bağlı çağırışının Rusiyadakı seçkilərə necə təsir edəcəyini şərh edərkən deyib. O bildirib ki, Rusiyada son illər sistemdənkənar müxalifət müəyyən nüfuz qazanıb:
"Doğrudur, bu təsirlər çox azdır. Çünki Rusiyada müxalifət oyundankənar vəziyyətdə qalır. Çox güman ki, onlar bu vəziyyətlə barışmayacaqlar. Sistemdənkənar mitinqlərin keçirilməsinə çalışacaqlar. Burada proses iki müstəvidə - hüquqi çərçivədə və mitinqlərin keçirilməsi şəklində gedəcək. Müxalifətin hüquqi çərçivədə həyata keçirəcəyi işlər Mərkəzi Seçki Komissiyası tərəfindən tənzimlənəcək. Sistemdənkənar proseslərin daha da aktivləşəcəyinə görə isə burada hüquq-mühafizə orqanlarının rolu artacaq. Təbii ki, bu hal Rusiyada qarşıdurmalara gətirib çıxaracaq. Müxtəlif qrupların bir-biri ilə açıq şəkildə toqquşmasını müşahidə edəcəyik".
Politoloq qeyd edib ki, Rusiyada seçki prosesi asan keçməyəcək:
"Eyni zamanda, Rusiyada toqquşmaların baş verməsində maraqlı tərəflər də var. Qərb və Rusiyadaxili elə siyasi qruplar var ki, Navalnının bu çıxışlarından istifadə edəcək. Bu da seçkiqabağı müddətdə ölkənin siyasi ritorikasının sərtləşməsinə gətirib çıxara bilər".
Qeyd edək ki, rusiyalı müxalif bloger Aleksey Navalnı öz tərəfdarlarına videomüraciətində 2018-ci ilin martında keçiriləcək prezident seçkisini boykot etməyə çağırıb.