
Rusların əksər hissəsi Ermənistanda baş verən son hadisələri diqqətlə izləyir.
Bu nəticə Ümumrusiya İctimai Fikrin Tədqiqatı Mərkəzinin keçirdiyi sorğundan sonra ortaya çıxıb. İrəvandakı etirazları diqqətlə izləyənlərin sayı respondentlərin 59%-ni təşkil edib.
Mərkəz rusların bu hadisələri "məxməri inqilab" kimi xarakterizə etdiyini bildirib. Bu fikri müdafiə edənlərin sayı 28% olub. 14% şəxs isə hadisələri kütləvi iğtişaş, etiraz aksiyası adlandırıb.
30% respondent suala cavab verməkdə çətinlik çəkib.
Sorğu iştirakçılarının ən çox fikir ayrılığı yaşadığı məqam Rusiya-Ermənistan münasibətlərinə bu hadisələrin necə təsir edəcəyi olub. Belə ki, rusların 28%-i İrəvandakı etirazların münasibətləri pisləşdirəcəyini, 20%-i yaxşılaşdıracağını, 27%-i isə heç bir təsir göstərməyəcəyini bildirib.
Ruslar həmçinin İrəvandakı etirazların Rusiyada təkrarlanacağına inanmadıqlarını (78%) qeyd ediblər.