Ərdoğan sistemin ilk prezidenti oldu: nə dəyişəcək? Dünya

Ərdoğan sistemin ilk prezidenti oldu: nə dəyişəcək?

Bu seçkilərlə Türkiyə yeni bir sistemə keçib. Bu dəyişiklik çox müsbət qiymətləndirilməlidir.
Bu sözləri açıqlamasında analitik Vüqar Zifəroğlu deyib. O bildirib ki, Türkiyədə artıq prezident üsul-idarəsi tətbiq edilir:"Bu da o deməkdir ki, idarəçilik sistemi prezidentin təqdimatı əsasında parlamentin təsdiq etməsi ilə formalaşacaq. Yəni parlament təsdiq etsə də, qərarnamələr prezident tərəfindən təqdim olunacaq. Ötən il Konstitusiyaya edilən dəyişikliklərə görə də artıq prezidentə daha artıq səlahiyyətlər veriləcək. Bununla da baş nazirin səlahiyyətlərinin də bir qismi prezidentə keçəcək. Bu da təbii ki, prezidentin daha çox manevr imkanları əldə etməsinə səbəb olur və idarəetmədə daha çevik və mobil bir sistemin tətbiq edilməsinə şərait yaradır. Türkiyənin iqtidarının bundan nə qədər bəhrələnəcəyini isə zaman göstərəcək. Qısacası, bu dəyişiklikləri müsbət qiymətləndirmək olar".
Analitik vurğulayıb ki, ümumiyyətlə, indiyə qədər parlament üsul-idarəsində Türkiyə siyasi sistemi hər zaman koalision hökumət böhranları yaşayırdı:"Bu koalisiya böhranları da dəfələrlə iqtisadi, siyasi böhranların yaşanmasına səbəb olurdu. Amma prezident üsul-idarəsi müəyyən mənada bu böhranları da aradan qaldıracaq. Əslində artıq yeni sistemə görə Türkiyə prezidenti hansısa bir partiyanın sədri və ya hansısa partiyanın təəssübkeşi də deyil. O, bütöv siyasi sistemi özündə ehtiva edən şəxs kimi fəaliyyət göstərəcək".
Qeyd edək ki, 2017-ci ildə baş tutan referenduma əsasən, Türkiyədə artıq yeni prezident üsul-idarəsi bərqərar olacaq. Prezident Ərdoğan 2018-ci il 24 iyun seçkiləri ilə Türkiyədə yeni sistemin ilk prezidenti oldu.
Bu arada İngiltərənin "Ekspress" qəzetində Türkiyədə keçirilən 24 iyun prezident seçkisi ilə bağlı yayımlanan köşə yazısında qeyd olunub: "Qərbin artıq Türkiyə ilə dost olması mümkünsüzdür".
Ross Klarkın müəllifi olduğu yazıda Türkiyənin dünyəvi quruluşun son illərə qədər islam və fanatizm qarşısında bacarıqla dayanaraq demokratiyanı qoruduğunu, lakin bundan sonra demokratiyadan uzaqlaşacağı bildirilib. Buna görə də Qərblə Türkiyə arasında dostluq münasibətlərinin qalmayacağı qeyd olunub. Klarkın sözlərinə görə, bundan sonra Türkiyə Avropa Birliyinin sabitliyi üçün təhdid xarakteri daşıyacaq.
Ərdoğanın hakimiyyətə gəldiyi ilk vaxtlarda Qərb üçün təhlükə təşkil etmədiyini, ancaq xüsusilə son iki ildə böyük dəyişikliyə uğradığını deyən müəllif 15 iyuldakı uğursuz hərbi çevriliş cəhdindən sonra Türkiyədə başlayan həbslər və bağladılan qurumlardan söz açıb və Türkiyədə demokratiya qalmadığnı yazıb.
Yazar həmçinin İngiltərənin Baş naziri Tereza Meyi də Ərdoğana olan səmimi davranışlarına görə tənqid edib.