“Bu, müharibəyə səbəb ola bilər” Dünya

“Bu, müharibəyə səbəb ola bilər”

İsrail və Rusiya qarşı-qarşıya...
İsraillə gərgin münasibətlər Rusiyanın maraqlarına cavab vermir. Bu gərginliyə qədər Prezident Vladimir Putin İsraillə sıx əlaqələr qurmuşdu. Bunu açıqlamasında politoloq Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, Suriya üzrə Astana danışıqlarında Rusiyanın Türkiyə və İranla apardığı müzakirələr İsrailin xoşuna gəlməsə də, Putinin İsraillə əlaqələri qoruyurdu: "Moskvaya tez-tez səfər edən siyasi liderlərdən biri də İsrailin baş naziri Binyamin Netanyahudur. İndi Suriyada hadisə baş verib və İsrail ittihamları qəbul etmir, iddia edir ki, qırıcını Suriya Hərbi Hava Qüvvələrinin sistemləri vurub. Amma Rusiya bildirir ki, Suriya qüvvələri qırıcını İsrailin günahı ucbatından vurub. İsrail də cavab verir ki, lazım olarsa Suriya ərazilərini yenidən bombalayacaq, çünki oradakı İrana bağlı qüvvələr həmişə İsrailə problemlər yarada bilər. Düşünürəm ki, bu halda da Rusiya İsrailin təyyarəsini vura bilər. Bu hal baş versə, İsrail-Rusiya gərginliyi müharibə həddinə gəlib çıxacaq. Bu isə hər iki ölkənin maraqlarına cavab vermir".
Elxan Şahinoğlu hesab edir ki, Rusiya gərginliyin pik həddə qalxmaması üçün məsələnin üstünü ört-basdır etməkdə çətinlik çəkir: "Çünki 15 hərbçisi həlak olub və buna reaksiya vermək məcburiyyətindədir. Təsəvvür edin ki, Türkiyə rus qırıcısını vuranda 1 hərbçi öldü, amma Rusiya Türkiyəyə qarşı sərt reaksiya verdi. Buna görə də, İsrailə qarşı da səssiz qalmayacaq. Üstəgəl İsrail Rusiyadan üzr istəməyib. Buna görə də, Rusiya çalışacaq ki, Suriya səmasında İsrailin təyyarəsini vursun. Əks halda iki ölkə arasındakı münasibətlər daha da gərginləşəcək".
Politoloq qeyd edib ki, bu, təsadüfi hadisə olsa da, gözlənilən idi: "Çünki Rusiya Suriyaya hərbi müdaxilə etməklə vəziyyətini gərginləşdirdi. Türkiyə, ABŞ, İsrail, ərəb ölkələri ilə üz-üzə gəldi. Belə hadisələrin baş verəcəyi gözlənilən idi". Qeyd edək ki, Rusiya Suriyada "IL-20" qırıcısının vurulmasına görə İsraili ittiham edir. Qarşı tərəf isə ittihamları qəbul etmir. Bir neçə gün əvvəl baş vermiş hadisə rəsmi Moskva və Təl-Əviv arasında gərginliyə səbəb olub.