Rusiya və İsrail hərbçiləri Suriyada döyüşəcəkmi? Dünya

Rusiya və İsrail hərbçiləri Suriyada döyüşəcəkmi?

Bu il sentyabrın 17-də Suriya hava hücumundan müdafiə qüvvələrinin Rusiya Hərbi Hava Qüvvələrinə məxsus İL-20 kəşfiyyatçı təyyarəsini səmada vurması Rusiya-İsrail arasında böyük siyasi gərginliyin yaranmasına gətirib çıxardı. Suriyada fəaliyyət göstərən rus hərbi zabitlərinin sözlərinə görə, İL-20 təyyarəsinin və ekipajının səmada məhv edilməsinin əsas günahkarı İsrail qrıcı təyyarələridir. Ölkə başçısı Vladimir Putin hadisə ilə bağlı verdiyi bəyanatda "cavab tədbirlərinin görüləcəyi" haqqında söz verdi.
Siyasi təhlilçi Fuad Şahbazov "BBC Azərbaycana"a bildirib ki, Rusiya mətbuatının yazdığına əsasən, İsrailə məxsus F-16 qırıcı təyyarəsi Suriya ərazisindəki hərbi obyektlərə hücum etdikdən sonra Suriyalı hərbçilərin hədəfindən yayınmağı bacarmış, bununla da İL-20 təyyarəsinin və 15 nəfərlik ekipajın "müttəfiqin hücumuna" məruz qalmasına səbəb olmuşdu. Təbiidir ki, məsələ ilə bağlı əsas məqamlar hələ də sual altındadır. Lakin göründüyü kimi öz hərbçilərini və həmçinin müttəfiqlərini qeyri-peşəkarlıqda ittiham etmək istəməyən Rusiya höküməti "yeni günahkarların" axtarışındadır.
Buna baxmayaraq, İsrailin baş naziri Benjamin Netanyahu və müdafiə naziri Aviqdor Liberman müvafiq sübut və dəlillərlə İsrail qırıcılarının bu hadisədə günahı olmadığını isbat etməyə çalışırlar. Adekvat cavab tədbiri olaraq, Rusiya özünün hazırladığı S-300 zenit raket kompleksinin Suriyaya göndərilməsi haqqında qərar qəbul etdi. S-300 zenit raket kompleksi təbii olaraq, İsrailin Suriya səmasında manevr etmə qabiliyyətinə ciddi təsir göstərəcək, lakin bu kompleksin İsrail qırıcılarının qarşısını bütünlüklə alıb-almayacağı ciddi sual altındadır.
Bir sıra tanınmış hərbi ekspertin rəyinə görə, İsrail hərbi hava qüvvələrinin balansında F-16 -dan əlavə "görünməz" F-35 təyyarələri, həmçinin ən müasir tələblərə cavab verən raket hücumundan müdafiə sistemləri mövcuddur. S-300 kompleksinin Suriya ərazisində yerləşdirilməsi regionda "yeni cəbhənin" yaranması təhlükəsini ortaya qoyur. Belə olan halda İsrail hərbçiləri ilə Rusiya hərbçilərinin artıq açıq şəkildə qarşıdurmaya girməsi təhlükəsi də artmış olur.
S-300 zenit raket kompleksinin idarəsinin ilk dövrlər rus hərbçilərinin nəzarətində olacağı şübhə doğurmur. Lakin digər fakta da nəzər yetirmək lazımdır ki, Suriyada artıq bir neçə ildir Rusiya istehsalı olan S-400 raket kompleksləri yerləşdirilib, amma indiyə kimi bu raket kompleksinin regionda güc balansına hər hansı ciddi təsir göstərdiyini demək çətindir. Ehtimal da var ki, Benjamin Netanyahu və Vladimir Putin bu raket komplekslərinin Suriyada yerləşdirilməsinə dair qeyri-rəsmi şəkildə razılığa gəliblər.
İsrailin hərbi iyerarxiyasında S-300 ilə bağlı ciddi narahatçılığın olmaması da buna sübut sayıla bilər. İsrail rəsmilərinə görə, bu cür raket kompleksinin "məsuliyyətsiz hərbçilərə ötürülməsi regionda sülh və sabitliyə vurulan ən böyük zərbədir". Rəsmi olaraq bu raket kompleksi Suriya hərbi qüvvələrinə "ötürülsə" də, faktiki olaraq Suriyadakı rus hərbi qərargahının nəzarətində qalacaq. Həmçinin Suriyaya göndəriləcək raket kompleksinin hansı modifikasiyaya aid olduğuna dair də məlumat verilmir. Böyük ehtimalla söhbət modernizasiya edilmiş S-300PMU-2 kompleksindən gedir.
Yuxarıda da qeyd edildiyi kimi, yenilənmiş raket komplekslərinin rus hərbçiləri tərəfindən idarə edilməsi İsrailin hava hücumlarını daha da çətinləşdirəcək, lakin bunun bütünlüklə qarşısını ala bilməyəcək. Hətta ehtimal var ki, İsrail təyyarələri yaxın zamanlarda bu komplekslərin məhv edilməsi üçün cavab tədbirləri də görəcək. Bunun üçün onun balansında yeni istehsal edilmiş F-35 təyyarələri mövcuddur.
Israilin hərbi təyyarələrinin Suriya hərbi səmasına müdaxilə etmələrinin əsas səbəbi sərhədboyu ərazilərdə İrana tabe hərbi bazaların və şiə milis dəstələrinin təlim düşərgələrinin yerləşdirilməsidir. Rəsmi Təl-Əviv bu bölgədə Hizbullahın daha da güclənməsini özünün milli təhlükəsizliyinə potensial təhdid görür. Bundan əvvəl də baş nazir Benjamin Netanyahu bir neçə dəfə Moskvaya rəsmi səfər edərək dövlət başçısı Vladimir Putinlə təkbətək görüşlər keçirmişdi. Görüşlərin əsas mövzusu, bilindiyi kimi, İran və onun dəstəklədiyi Hizbullah idi.
İsrail höküməti, göründüyü kimi, İranın bölgədəki təsirini Rusiyanın vasitəçiliyi ilə dayandırmağa çalışır. Bunun nə qədər uğurlu-uğursuz cəhd olduğunu hələ ki, müəyyən etmək çətindir. Rusiyanın Suriyadakı vətəndaş müharibəsinə birbaşa müdaxilə etməsindən sonra bir çox ekspert bu "hərbi müdaxilənin" faciəvi nəticələrə gətirib çıxaracağını vurğulamışdılar.
Faciəvi dedikdə isə regionda dərinləşən siyasi xaosun daha da dərinləşəcəyi, habelə regional ölkələrin qeyri-ixtiyari də olsa bu prosesə daxil olacağı nəzərdə tutulurdu. Nəticədə Rusiya hərbi qüvvələrinin digər regional ölkələrin hərbi qüvvələri ilə qarşıdurmaya məruz qalması qaçılmaz hal aldı. 2015-ci ildə bu qarşıdurma Türkiyənin timsalında, 2018-ci ildə isə İsrailin timsalında özünü biruzə verdi. Bütün bunlara baxmayaraq, Rusiya höküməti İsrailə qarşı birbaşa hərbi aksiyalara start verməyəcək, çünki belə bir qərar rəsmi Kremlə müsbət heç nə vəd etmir.