“Zəfər Günü xalqımızın sarsılmaz iradəsinin və milli birliyinin təntənəsidir” Siyasət

“Zəfər Günü xalqımızın sarsılmaz iradəsinin və milli birliyinin təntənəsidir”

“Şanlı Qələbəmizin 5 ili tamam olur. Bu, Azərbaycanın dövlətçilik tarixində ən şərəfli, ən möhtəşəm hadisələrdən biridir. Azərbaycan ədalətli mübarizə apardı, uzun illər davam edən işğala son qoydu, ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yüksək hazırlıqlı, igid və vətənpərvər əsgər və zabitlərimiz torpaqlarımızı addım-addım azad edərək xalqımıza qürur hissi yaşatdılar”.

Bunu Milli Məclisin deputatı Hicran Hüseynova “Xalqcəbhəsi.az”a açıqlamasında bildirib.

Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı Qələbə təkcə Qafqaz və Avrasiya üçün deyil, qlobal miqyasda da mühüm siyasi hadisə oldu: “Bu Qələbə Prezident İlham Əliyevin uzaqgörən siyasətinin, xalqla dövlətin birliyinin və Azərbaycan Ordusunun gücünün təntənəsidir. Regionda yaranmış yeni reallıqlar ölkəmizi həm iqtisadi, həm strateji, həm də geosiyasi baxımdan güclü və nüfuzlu dövlətə çevirdi. Zəfər Günü xalqımızın milli birliyini, vətənpərvərlik ruhunu daha da gücləndirdi. 44 günlük Vətən müharibəsi göstərdi ki, Azərbaycan xalqı məhz birlik, həmrəylik və milli köklərə sədaqət sayəsində qalib gəldi. Bütün azsaylı xalqlar çiyin-çiyinə mübarizə apardı, Qələbəyə töhfə verdi. Ən çətin anlarda belə analarımız, bacılarımız, həyat yoldaşını və ya övladını itirən qadınlarımız ‘Vətən sağ olsun!’ deyərək bu xalqın gücünü, mənəvi dayanıqlığını nümayiş etdirdilər. Zəfər həm də qadınlarımızın səbrinin, fədakarlığının və vətən sevgisinin simvoludur”.
Deputat onu da qeyd edib ki, Zəfər Gününün hər il qeyd olunması gənclər arasında milli kimlik, vətən sevgisi və dövlətçilik şüurunun möhkəmlənməsinə böyük təsir göstərir: “Qarabağı görməyən nəsil belə Qarabağla nəfəs alır. Gənclərimiz bu illər ərzində milli ruhda yetişib, Vətən üçün canından keçən qəhrəmanların izi ilə gedir. Onların qəlbində şəhidlərimizin xatirəsinə dərin ehtiram, qazilərimizə böyük sevgi var. Bu, gələcəyin güclü Azərbaycanını formalaşdıran ən mühüm dəyərlərdən biridir”.

Günel Elxan