Fransada baş verənlər qonşu ölkələrə keçəcəkmi? Dünya

Fransada baş verənlər qonşu ölkələrə keçəcəkmi?

Fransada baş verən etiraz dalğasının Avropanın digər ölkələrinə, xüsusilə Belçika və Hollandiyaya da keçməsi prosesin kortəbii deyil, idarəolunan olduğuna inamları artırır. Bu sözləri beynəlxalq əlaqələr üzrə ekspert Elşən Mustafayev deyib. O bildirib ki, hər 3 ölkə insan haqları, demokratiya baxımından Avropanın ən liberal və sakit ölkələrindəndir: "Bu, işin maraqlı tərəfidir. Ümumiyyətlə, fransızlar inqilaba həmişə meyilli olub. Hələ məşhur Fransa inqilabından bəri fransız cəmiyyətində insanların küçə nümayişləri ilə etirazlarını bildirməsi adi hala çevrilib. Bu gün Fransada baş verənlər həmin etirazlardan biridir. Amma bu etirazlardan siyasi proseslərə təsir edəcək səviyyədə istifadə olunması şübhəsizdir. Bunun üçün şərait də öz sözünü deyir. Son vaxtlar Emmanuel Makronun nüfuzu kritik həddə aşağı düşmüşdü. Ekspertlər onun gələcəkdə hakimiyyətini qoruyacağına şübhə ilə yanaşırdı. Sosial islahatlar adı altında yeni ildən bir çox sahələr üzrə qiymət artımına getməklə bağlı qərarı isə insanları küçəyə çıxardı. Bir müddət öncə təhsil sahəsində aparılan islahatlara etiraz olaraq tələbələrin və şagirdlərin də bu aksiyalara qoşulması ciddi siqnaldır".
Ekspert vurğulayıb ki, bu hadisələr çox siyasiləşdirilib: "Ölkə parlamentində sol partiyalar hökumətə etimadsızlıq məsələsini gündəliyə çıxarmağa hazırlaşır. Paralel olaraq siyasi etirazlar da gündəlikdədir. İstənilən halda son hadisələr Makronun vəziyyətini ağırlaşdırıb. Tükiyə Prezidenti Ərdoğanın hadisələrə bağlı münasibətini normal qəbul etmək lazımdır. Aİ dövlətləri tərəfindən insan haqları məsələsində mütəmadi tənqid olunan Ərdoğan bu dəfə eyni ittihamları qarşı tərəfə səsləndirərək, insanlara qarşı zorakılığın əleyhinə olduğunu, demokratik dəyərlərə riayiət olunmasını istədi".
Ekspert ABŞ Prezidenti Donald Trampın bu məsələ ilə bağlı açıqlamalarına da münasibət bildirib: "Bu açıqlamaların hamısını baş verən hadisələrdə ABŞ-ın əli olması kimi birmənalı qiymətləndirməzdim. Doğrudur, son vaxtlar iki ölkə lideri arasında strateji məsələlərdə bəzi fikir ayrılıqları yaranıb və bu barədə diskussiyalar davam edir. Amma məlumdur ki, bu fikir ayrılıqlarının yaranmasında ana xətt Almaniyadır. Aİ-də böyük ideyalar doğur və çox vaxt da Fransa və Avstriya vasitəsilə gündəmə təqdim olunur. Təsadüfi deyil ki, Makronu, yumşaq desək, Merkelin adamı adlandırırlar. Hazırda isə həmin etirazların Almaniyaya keçə bilməsi ilə bağlı hər hansı siqnal ortada yoxdur. Prosesləri izləyək. Əgər Almaniyada da hansısa hadisələr baş verərsə, o zaman daha açıq izahat vermək olar".
Ekspert vurğulayıb ki, ABŞ Aİ-nin aparıcı dövlətləri ilə münasibətləri soyutmaqda maraqlı deyil: "Çünki bu taktika həmin dövlətləri Rusiya ilə yaxınlaşmağa məcbur edər ki, bu da ABŞ üçün qəbuledilməzdir. Daha yaxşısı danışıqlarla ortaq məxrəcə gəlməkdir. Buna baxmayaraq, baş verən hadisələri müxtəlif səbəblərlə izah etmək mümkündür. Amma ehtimallardan danışa bilərik. Burada son vaxtlar Aİ-nin iqtisadi və hərbi siyasətində perspektiv planlarına qarşı olan güclərdən də şübhələnmək olar. Eyni zamanda insanların sosial tələblər altında başlayan etirazlarını siyasiləşdirməklə siyasi ambisiyalarını həyata keçirmək istəyən yerli qüvvələrin də bu işlərdə əlinin olmasını söyləmək mümkündür. Hər zaman olduğu kimi, baş verən hadisələrdən maraqlı tərəflər maksimum istifadə etmək istəyir. Əminəm ki, etirazçılar sırf iqtisadi tələblərlə siyasi ambisiyasız aksiyalara başlamışdı. Amma hər zaman hər yerdə olduğu kimi bu etirazları istiqamətləndirən müxtəlif güclər maraqları toqquşana qədər gərginliyi davam elətdirməyə çalışacaq".
Politoloq Tofiq Abbasov isə deyib ki, Fransada baş verən proseslər sözün əsl mənasında rəngli inqilabdır. Politoloq bildirib ki, bu rəngli inqilabın sifarişçisi birbaşa ABŞ-ın demokratik institutlarıdır: "Fransa son illər Avropa İttifaqının xarici siyasətində köklü dəyişikliklər etməyə çalışır. Bu məsələ Makron hakimiyyətə gələndən sonra daha qabarıq hal alıb. Bu isə sözün əsl mənasında nəinki ABŞ-ı sarsıdıb, eləcə də əməlli-başlı qorxudub. Ona görə də ABŞ Fransada baş verən prosesləri birbaşa nəzarətdə saxlayır. Təsadüfi deyil ki, Fransanın hökumət üzvləri ABŞ-ı onların daxili işlərinə qarışmamağa çağırırlar. Bu mənada Fransada hansı rıçaqların işə salındığı və məqsədin nədən ibarət olduğu bəllidir. Məqsəd birmənalı olaraq Makron hakimiyyətini devirməkdir. Fikir verin, ölkənin iqtisadi, təsərrüfat məsələlərinə cavabdeh hökumət olsa da, məhz prezidenti tənqid edirlər. Bütün bu izlər okeanın o tərəfinə aparır və vəziyyət çox ciddidir. Hədəf birbaşa prezidentdirsə, demək, Makronun Avropa ordusu ideyası ABŞ-ı əməlli-başlı narahat edib. Bu fonda Fransada baş verənləri ABŞ-ın bu ölkəyə qarşı əks-hücum planının tərkib hissəsi adlandırmaq olar".
Politoloq bildirib ki, Fransa özünü aparıcı qüvvə kimi ifadə etməsə, Paris hətta dağılma təhlükəsi ilə üz-üzə qala bilər: "Çünki aksiyaların arxasında duran qruplar həm etirazçıları təmin edir, həm də onları radikallığa sövq edirlər. Ancaq zənnimcə, bu məsələlərə ən yaxın günlərdə son qoyulacaq".