Türkiyə ABŞ-ın verdiyi vədi yerinə yetirəcəyini gözləyir Dünya

Türkiyə ABŞ-ın verdiyi vədi yerinə yetirəcəyini gözləyir

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bəyan edib ki, amerikalı həmkarı Donald Trampın ABŞ qoşunlarını Suriyadan çıxaracağı ilə bağlı verdiyi vədin icrasına tezliklə başlanılacağını gözləyir. Ərdoğan bu sözləri TRT telekanalının efirində səsləndirib. "Cənab Tramp söz verdi ki, ABŞ Fərat çayının şərqindən çıxacaq. Bu sözün yaxın zamanlarda yerinə yetiriləcəyini gözləyirik. Biz təhdid altında yaşamaq istəmirik və onun aradan qaldırılması üçün zəruri olan hər şeyi etməyə hazırıq", - deyə Ərdoğan vurğulayıb.
Türkiyə prezidenti bir daha bildirib ki, Ankara Suriyanın parçalanmasının əleyhinədir və bu ölkənin siyasi birliyi, ərazi bütövlüyünün qorunub saxlanılmasının tərəfdarıdır. Ərdoğan, həmçinin vurğulayıb ki, Suriyanın şimalında yaradılacaq təhlükəsizlik zonasına Türkiyə nəzarət etməlidir: "Bu zonada təhlükəsizliyin təmini üçün biz bütün tədbirləri görəcəyik".
Ötən ilin sonlarında Ərdoğan bəyan etmişdi ki, əgər ABŞ Suriyanın şimalında və Menbiçdəki YPG kürd terrorçularını həmin ərazilərdən uzaqlaşdırmasa, onda Fərat çayının şərqinə doğru yeni anti-terror əməliyyatlarına başlayacaq. Lakin 14 dekabrdakı telefon söhbətində Tramp Amerika qoşunlarının Suriyanı tərk edəcəyinə dair söz verdikdən sonra Ərdoğan hərbi əməliyyatların müvəqqəti təxirə salındığını deyib.
Türkiyə Prezidenti Rəcəp Tayyip Ərdogan səudiyyəli jurnalist Camal Xaşuqci dörd ay öncə İstanbuldakı Səudiyyə konsulluğunda qətlilə əlaqədar Birləşmiş Ştatların hərəkətsizliyini də tənqid edib: "Hər şeyin aydınlaşmasını istəyirik, çünki qəddarlıq, qətl baş verib. Khashoggi-nin qətli sıradan deyil".
Birləşmiş Ştatlarda yaşayan, Səudiyyə hökumətinin tənqidçisi olan Xaşuqci oktyabrın 2-də qətlə yetirilib. Onun cəsədi hələ də tapılmayıb. Səudiyyə əvvəlcə jurnalistin konsulluqda öldürülməsini danırdı. Amma ortaya dəlil qoyulandan, beynəlxalq aləmin tənqidlərindən sonra onun özbaşına əməliyyat zamanı öldürüldüyünü etiraf edib. Ər-Riyad Səudiyyənin vəliəhd şahzadəsi Məhəmməd Bin Salmanın qətldə hər hansı formada əli olmasını rədd edib. ABŞ Prezidenti Donald Tramp Səudiyyə rəhbərliyinə sanksiya tətbiq etməyə qarşı çıxdığını, ər-Riyadın davamlı tərəfdaşı kimi qalacağını, münasibətlərin pisləşməsindən dolayı iqtisadi itkilərə yol verməyəcəyini deyib.