ABŞ-a kim daha yaxın müttəfiqdir: Qərbi, yoxsa Mərkəzi Avropa? Dünya

ABŞ-a kim daha yaxın müttəfiqdir: Qərbi, yoxsa Mərkəzi Avropa?

Macarıstanın XİN rəhbəri Mayk Pompeonu çıxlımaz vəziyyətə salıb
"Azadlıq" radiosunun müxbiri Rikard Xozviak yazır ki, Macarıstanın xarici işlər naziri Peter Szijjarto jurnalistlərin ona, ölkəsinə xarici təsirlər barədə suallar verməsindən xoşlanır. O hər dəfə eyni cavabın müxtəlif variasiyalarını dilə gətirir. Jurnalistin dediyinə görə onun özü də Macarıstanın Paks şəhərində Rusiyanın maliyyəsi ilə tikilən nüvə stansiyası barədə sual verəndə belə bir cavab alıb. Xozviak yazır ki, Peter Szijjarto fevralın 11-də ABŞ-ın dövlət katibi Mayk Pompeo ilə söhbətində də bu ritorikaya əl atıb.
Ritorika isə bundan ibarətdir: "Avropa İttifaqının güc dəhlizlərində hamı Rusiya barədə sərt danışır. Daha sonra isə mən Sankt Peterburqda keçirilən Beynəlxalq İqtisadi Foruma yollanıram və baş qonaq rolunda kimi görsəm yaxşıdır? Görürəm ki, Emmanuel Makron prezident Putinlə eyni səhnədə əyləşib. Ya da Rusiyada keçirilən Enerji Həftəliyinə qatılıram. Rəyasət heyətində prezident Putinlə yanaşı kim oturub? Total, Shell, ENEL və Fortum şirkətlərinin baş direktorları. Fikir verin ki, bunlardan heç biri Mərkəzi Avropa şirkəti deyil. Sizcə "Qazprom" şirkəti ilə "Şimal Axını 2" kəmərinin tikintisinə hazırlaşan kimdir? Əlbəttə Qərbin ən böyük enerji şirkətləri".
Szijjarto fikrini belə inkişaf etdirir ki, Fransa prezidenti, Almaniya kansleri və başqa Qərbi Avropa liderləri Rusiya prezidenti Vladimir Putinlə hər hansı macar rəsmisindən daha tez-tez telefonla danışırlar. Xarici işlər naziri eyni mülahizələri Pompeo bu həftə regiona turunun başlanğıcında Budapeştə gələndə də ifadə edib. Pompeo burada, Macarıstanda Çinin artan nüfuzu və bunun nəticələri məsələsini müzakirə etməli idi.
Dövlət katibi Çinin telekommunikasiyalar nəhəngi "Huawei" şirkətinin Macarıstan bazarındakı hegemonluğundan, burada qovşaq yaratmaq niyyətindən və Çin korrupsiyasının Macarıstan üçün təşkil etdiyi milli təhlükəsizlik hədəsindən, ABŞ-Macarıstan münasibətləri üçün təhlükə yaratmasından söz açmışdı, amma Budapeştin qısa cavabı belə idi: "Avropa İttifaqının Çinlə ticarətində Macarıstanın payı vur-tut 1,2 faizdir".
Rikard Xozviak yazır ki, o macar rəsmilərinin birindən Çinin nüfuz təsiri barədə soruşarkən həmin rəsminin cavabı belə olub: əgər ABŞ Çinin Avropa İttifaqındakı nüfuzundan narahatdırsa, Macarıstana yox, başqa yerlərə baxmalıdır. Məsələn, Fransa və Almaniyaya. O yada salıb ki, bir neçə il bundan əvvəl Almaniya Avropa İttifaqının Çinin günəş panelləri satışına qoyduğu rüsumların işə salınmasını əngəlləməyə çalışırdı. Bu taktika tamamilə aydındır: Macarıstanın ittiham olunduğu bütün yanlışlıqlara görə Qərb riyakarlığının ittiham edilməsi. Bu taktikadan Pompeo ilə görüşlərində Slovakiya və Polşa da istifadə ediblər.
Həqiqət bundan ibarətdir ki, Birləşmiş Ştatlar Çex Respublikasının da daxil olduğu Vişeqrad dördlüyünün ABŞ-ın ən yaxın müttəfiqi olduğunu bilir. Xüsusilə də indi, Birləşmiş Krallığın "Brexit" yolunda olduğu bir vaxtda. Həm Macarıstan, həm də Polşa diplomatları ABŞ-ın respublikaçı administrasiyası ilə işləməyin nə qədər yaxşı olduğundan, miqrasiyadan tutmuş Xristian dəyərlərinin qorunmasınadək ən müxtəlif məsələlərdə maraqların üst-üstə düşməsindən məmnuniyyətlə söz açırlar.
Macarıstan Avropa İttifaqında ABŞ-ın xarici siyasətini tənqid edən bütün bəyanatlara veto qoymaq adətinə malikdir. Polyaklar amerikalılarla birlikdə Varşavada Yaxın Şərq konfransı keçirməklə Avropa İttifaqının narazılığına səbəb olduqlarını bilirlər.
Polşanın xarici işlər naziri jurnalistlə söhbətində deyib ki, Polşa bu tədbirə ABŞ-dan Mayk Pompeonun, Mayk Pensin və hətta prezident kürəkəni Jared Kuşnerin, habelə Yaxın Şərqdən olan ərəb nümayəndələrinin təşrif gətirməsindən məmnundur. Lakin o qeyd edib ki, burada mötəbər qonaqların arasında Qərbi Avropanın nümayəndələri olmayacaq. Bütün bunların əvəzində Polşanın gözlədiklərini demək hələlik mümkün deyil, amma bəzi mülahizələrə görə polyaklar Polşada ABŞ bazasının yaradılacağına və INF müqaviləsi qüvvəsini itirdikdən sonra Vaşinqtonun Varşavanı silahlarla təchiz edəcəyinə ümid bağlayırlar. ABŞ-ın Polşadakı səfiri bu həftə bildirib ki, bu ölkəyə daha çox ABŞ hərbçisinin yerləşdirilməsi məsələsi böyük bir ehtimalla həllini tapmaqdadır.
Rikard Xozviak yazır ki, Avropa İttifaqının başı Britaniyanın blokdan çıxması ilə bağlı yaranmış mürəkkəbliklərə qarışdığı və Parislə, Berlinin köhnə Fransa-Almaniya mühərrikini işə salmağa çalışdığı bir vaxtda Vişeqrad 4-lüyü yəqin ki, başqa yerlərə – məsələn, Pekinə, amma daha böyük bir ehtimalla Vaşinqtona sarı boylanmaqda davam edəcək.