11:53
602
Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli”nə həsr edilmiş “İdmanda hüquq və ədalət: Yeni antidopinq çərçivəsi” adlı beynəlxalq konfransın açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
AMADA-nın icraçı direktoru Təhminə Tağı-zadə qurumun qarşısına qoyulan başlıca məqsədin təmiz idmançı yetişdirmək olduğunu bildirib. O, bu istiqamətdə Ümumdünya Antidopinq Agentliyi (WADA) ilə əməkdaşlığın əhəmiyyətindən danışıb.
Ümumdünya Antidopinq Agentliyinin (WADA) Milli Antidopinq Agentlikləri ilə əlaqələr üzrə meneceri Stefan Trinks isə tədbirin məhsuldar olacağına inandığını bildirib. Onun sözlərinə görə, bu konfrans antidopinq sahəsində təcrübə mübadiləsi və yeni yanaşmaların müzakirəsi üçün mühüm platformadır.
Sessiyalar üzrə davam edəcək konfransda ədalətli və dürüst yarış, idmanda hüququn aliliyi, yeni antidopinq qaydalarının formalaşması, həmçinin idmanda insan hüquqları kimi mövzular müzakirə olunacaq.
Tədbirin məqsədi Azərbaycan Respublikası Konstitusiyasının qəbul olunmasının 30 illiyi fonunda idmanda hüququn aliliyinin və ədalətli rəqabət prinsiplərinin qorunması istiqamətində dopinq və digər zərərli maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin effektivliyinin artırılması, profilaktik və maarifləndirici fəaliyyətlərin təkmilləşdirilməsi, WADA-nın yeni qanunvericiliyindəki dəyişikliklərin və beynəlxalq təcrübəyə əsaslanan müasir antidopinq çərçivəsinin formalaşdırılmasını təşviq edən beynəlxalq dialoq, təcrübə mübadiləsi və əməkdaşlıq platformasının yaradılmasıdır.
11:37
595
08:59
1 169
12 Noyabr 11:00
1 316