Gürcüstanın səhiyyə naziri: Saakaşvilinin sağlamlığı ilə bağlı problemi yoxdur Dünya

Gürcüstanın səhiyyə naziri: Saakaşvilinin sağlamlığı ilə bağlı problemi yoxdur

Mixeil Saakaşvilinin klinikadan həbsxanaya qaytarılması tam məntiqli və düzgün qərardır.

APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın səhiyyə naziri Mixeil Sarcveladze jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, qərara qarşı kimsə arqument gətirə bilməz.

“Hesab edirəm ki, bu, tamamilə normal qərardır. Sağlamlığı ilə bağlı problemi olmayan və cəzasını çəkməli olan şəxs əlbəttə ki, digər məhbuslar kimi həbsxanada olmalıdır”, - Sarcveladze əlavə edib.

Saakaşvilinin anası Giuli Alasaniya bildirib ki, oğlu bir aydan çoxdur tam tibbi müayinədən keçirilməyib və onun həbsxanaya köçürüləcəyi barədə məlumatlı olmayıb.

Vəkilləri də eks-prezidentin həbsxanaya qaytarılması ilə bağlı qərar barədə öncədən məlumatlı olmadıqlarını deyiblər. Saakaşvilinin təsisçisi olduğu Vahid Milli Hərəkat Partiyası sabiq dövlət başçısının penitensiar müəssisəyə köçürülməsinə etiraz edib.

Qeyd edək ki, Saakaşvili ötən gün Tbilisidə müalicə aldığı “Vivamed” özəl klinikasından həbsxanaya qaytarılıb. O, 2022-ci ilin mayından bu xəstəxanada həkim nəzarətində saxlanılırdı.