
“Tarixi ədalətin bərpasından sonra bu gün Qarabağ və Şərqi Zəngəzur sürətlə dirçəlir. “Böyük Qayıdış” proqramı çərçivəsində məktəblər, xəstəxanalar, sənaye müəssisələri, elektrik stansiyaları və yaşayış evləri inşa olunur. Artıq 60 mindən çox insan doğma torpaqlarına qayıdıb və burada yeni həyat qurur, qaçqın və məcburi köçkünlük geridə qalıb. Azərbaycanın Silahlı Qüvvələrinin formalaşdırılması və inkişafında Ulu Öndər Heydər Əliyevin böyük xidmətləri var. Məhz onun sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesinə başlanılıb. Hərbi paradda Hərbi Hava Qüvvələrinin Ümummilli liderin portretini nümayiş etdirməsi onun bu sahədə müstəsna rolunu simvolizə edirdi”.
Bu sözləri xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva söyləyib.
Deputat əlavə edib ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin müasir mərhələdə inkişafı və gücləndirilməsi istiqamətində görülən işlərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hərbi strategiya həlledici rol oynayıb: “Ordu quruculuğu, hərbi-texniki modernləşmə, beynəlxalq hərbi əməkdaşlıq, milli təhlükəsizlik sisteminin təkmilləşdirilməsi və regionda hərbi üstünlüyün təmin olunması istiqamətində atılan addımlar ölkənin strateji maraqlarına cavab verib və milli müdafiə qabiliyyətinin keyfiyyətcə yeni mərhələyə yüksəlməsini təmin edib. Prezident İlham Əliyev 2003-cü ildən dövlət başçısı kimi fəaliyyətə başladıqdan sonra Silahlı Qüvvələrin inkişafını milli təhlükəsizlik siyasətinin əsas prioritetlərindən biri elan edib, həmçinin orduya ayrılan dövlət büdcəsinin ildən-ilə artırılması, hərbi xərclərin strateji səviyyəyə yüksəldilməsi, peşəkar hərbi kadrların hazırlanması üçün milli hərbi təhsil sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması, müasir texnologiyaların və silah sistemlərinin alınması və yerli hərbi-sənaye kompleksinin yaradılması istiqamətində çox böyük işlər həyata keçirilib. Bu tədbirlər nəticəsində Azərbaycan Cənubi Qafqaz regionunda ən güclü və çevik ordu sisteminə malik olan dövlətlərdən birinə çevrilib”.
Onun sözlərinə görə, hazırda yüzlərlə adda hərbi təyinatlı məhsul Azərbaycanın öz müəssisələrində istehsal edilir, bəziləri isə ixrac potensialına malikdir: “Azərbaycanda son illərdə formalaşan və dinamik inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Azərbaycan öz zavodlarında istehsal etdiyi hərbi təyinatlı məhsullarla ordumuzu əhəmiyyətli dərəcədə təchiz edə bilir. Silah və hərbi texnikaların satın alınması və hərbi məhsulların istehsalına dair bir sıra ölkələrlə müqavilələr imzalanaraq hərbi əməkdaşlıq əlaqələri genişləndirilib. Prezident İlham Əliyevin hərbi və siyasi liderliyi 2020-ci ildə 44 günlük Vətən müharibəsində özünü parlaq şəkildə göstərdi. Ali Baş Komandan kimi İlham Əliyev müharibənin bütün mərhələlərinə şəxsən rəhbərlik edib, hərbi əməliyyatların düzgün koordinasiyası, informasiya müharibəsinin idarə olunması və diplomatik manevrlər nəticəsində Azərbaycan ərazi bütövlüyünü bərpa edib”.
P.Vəliyeva həmçinin qeyd edib ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələri bu gün müasir tələblərə cavab verən, güclü və peşəkar orduya çevrilib: “Xüsusilə, Vətən müharibəsi Azərbaycan Ordusunun gücünü, peşəkarlığını və xalqla birliyini bütün dünyaya nümayiş etdirib. Ordumuzun əldə etdiyi şanlı qələbə nəticəsində əzəli torpaqlarımız azad olunub. Silahlı Qüvvələrimizdə xidmət edən hər bir əsgər, zabit və hərbçi bu gün Azərbaycanın təhlükəsizliyinin, müstəqilliyinin və əmin-amanlığının təminatçısıdır. Onların fədakarlığı, mərdliyi və vətənə sədaqəti hər bir vətəndaş üçün nümunədir”.
Röya İsrafilova