

Bir neçə gün öncə Ermənistan Alpinizm Federasiyasının vitse-prezidenti Suren Danielyan ölkə mətbuatına bildirib ki, iyunun 25-də ermənilər Türkiyənin ən yüksək zirvəsi sayılan Ağrı dağına çıxaraq oraya erməni bayrağı sancıblar.
Danielyan Türkiyə tərəfinin məsələyə reaksiya vermədiyini də qeyd edib. Məsələ burasındadır ki, ermənilər Türkiyənin ən yüksək zirvəsi sayılan Ağrının onlara məxsus olmasına dair miflər yayırlar. Əslində ermənilərin çoxdandır Türkiyəyə qarşı ərazi iddiaları var.
Belə bir hadisə 2014-cü ildə də olub. Erməni alpinistlərdən ibarət qrup Ağrı dağında erməni bayrağı yerləşdirib. O vaxt Ağrının Ticarət-Sənaye palatasının sədri Məhmət Ərat bildirmişdi: ”Zirvədə erməni bayrağı yerləşdirmələrinə dair məlumatlar doğru çıxsa, bölgə sakinləri onları Ağrı dağının zirvəsində dəfn edəcək”.
O vaxt erməni bayrağının zirvədə yerləşdirilməsi ilə bağlı məlumatlar öz təsdiqini tapmadı. Bu, növbəti erməni saxtakarlığı idi. Alpinistlər bayrağı açıb, şəklini çəkib, sonra da yığışdırmışdılar.
Avstriya Azərbaycanlıları Cəmiyyətinin sədri Fərid Əzizov “Xalq Cəbhəsi”nə bildirib ki, ermənilərin Ağrı dağına qalxaraq orda qondarma bir bayrağı sancması və erməni saytlarında da bu xəbəri ictimailəşdirməsi məni bir azərbaycanlı kimi kədərləndirdi: “Ermənilər özlərinin qondarma dövlət simvolunda Ağrı dağının əksini yerləşdiriblər və bununla da iddia edirlər ki, bu, onların tarixi Ararat dağlarıdır. Tarix boyu ermənilər belə gülünc iddiaları bəzi ərazilər üçün irəli sürmüşlər. Ağrı dağını özləri üçün müqəddəs elan ediblər. Məlumat üçün bildirim ki, Ermənistanın gerbi üzərində Ağrı dağının təsviri yerləşdirilib, üzərində bir qayıq təsvir olunub ki, bu da Nuhun gəmisidir. Beləliklə, ermənilər Nuhu özlərinin əcdadı hesab edir və nəsillərinin ondan törəyən Haykın şəcərəsindən götürülməsini əsassız bir şəkildə qeyd edirlər. Bununla da milli şəcərələrini Ağrı dağ və Nuhun gəmisi ilə bağlayan ermənilər özlərinin dünya xalqları arasında ilkin formalaşan bir xalq olmasını irəli sürməyə çalışırlar. Ermənilərin bir həqiqi tarixinin olmadığı və ancaq yalanlar üzərində öz tarixini qurması hər bir kəsə məlumdur. Yayılan xəbərlə bağlı nədənsə rəsmi Ankara heç bir açıqlama vermir. Bu isə beyinlərdə çox suallar doğurur”.
F.Əzizov onu da qeyd edib ki, ermənilərin Ağrı dağda Ermənistan bayrağını asması hadisəsinin ilk günahı rəsmi Ankaranın onlara göstərdiyi diqqətdir: “Düşünürəm ki, bu hələ başlanğıcdır, bundan da artıq oyunlar oynanılacaq. Buna yüzlərcə misal çəkmək olar. İstanbul şəhərindən hər həftə “Turkish Airlines” və “Pegasus” şirkətləri İrəvana uçuşlar həyata keçirir. Bu yaxınlarda Türkiyədə "Luys TV" erməni dilində ilk kanal olaraq fəaliyyətə başlayıb. Telekanalın rəhbəri jurnalist Aram Kuran bu işdə ən böyük dəstəyi prezident Rəcəb Tayyib Ərdoğanın verdiyini deyərək ona təşəkkür edib. Dövlət dairələrindənsə bu təşəkkürə heç bir reaksiya olmayıb. Düşünürəm ki, ermənilər bu təxribatlardan birdəfəlik əl çəksinlər deyə, indiki Türkiyə hakimiyyəti ermənilərlə əlaqədə olan özəl şirkətlərə qadağalar tətbiq etməlidir. Türkiyə hakimiyyəti ermənilərə nə qədər qayğı, diqqət göstərirsə, bir o qədər harınlaşırlar, yüksək iddialarda olurlar. Ermənilərə harada oturmaq olduqlarını göstərməliyik ”.
F.Əzizov qeyd edib ki, bu gün hər kəs informasiya savaşının içindədir. Ermənilər tarix boyu yalançı iddiaları ilə özlərini dünyada əzilən, terrora məruz qalmış bir xalq kimi təqdim edirlər, əslində isə ermənilər dünyada ən vəhşi xalqdır və ən qabaqcıl terrorçudurlar: “Onların tarixə vurduğu ləkə əsla silinməzdir. Ermənilər son 100 ildə Azərbaycanımıza dəfələrlə terror ediblər. 1905-1906-cı illərdə, 1917-1920-ci illərdə, 1948-53, 1960-61-ci illərdə xalqımıza qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmələr olunub. 20 fevral 1988-ci ildən başlayaraq 12 may 1994-cü ilə qədər davam edən Ermənistanın elan olunmadan Azərbaycan üzərinə hücumu nəticəsində 30 mindən artıq vətəndaşımız öldürülüb. XX əsrin ən böyük faciəsi olan 1992-ci il 26 fevralda Xocalı şəhəri yer üzündən silinib. Biz isə bu qədər zülmlə üz-üzə olan xalq kimi öz haqlarımızı dünyaya çatdırmağa çox çətinlik çəkirik. Bu çətinliyin başlıca günahkarı səriştəsiz diaspora təşkilatlarımızdır. Nə zamana qədər ki, bizim diaspora təşkilatları ilin 364 günün “yatıb”, sadəcə bir gün Xocalı soyqırımının anım günün keçirəcək, o zamana qədər uduzacayıq. Biz bir millət olaraq hər işdə həmrəyliyimizi bildirib informasiya savaşını qazanmalıyıq”.