Qərbin Rusiyaya sanksiyalarının MDB-yə təsiri Dünya

Qərbin Rusiyaya sanksiyalarının MDB-yə təsiri

Ekspertlərə görə sanksiyalar Ermənistanı da çökdürəcək

Cavaid

Avropa Birliyi Rusiyaya qarşı iqtisadi sanksiyaların üçüncü paketini hazırlayıb. UNİAN-ın verdiyi məlumata görə, bunu Brüsseldə keçirdiyi brifinqdə Avropa Birliyinin xarici işlər və təhlükəsizlik üzrə komissarı Ketrin Eştonun sözçüsü Maya Kosyanoviç deyib.
M.Kosyanoviç qeyd edib ki, sanksiyalar paketi artıq təsdiq olunub və dünəndən (avqustun 1-dən) qüvvəyə minib.
Qərbin Rusiyaya sanksiyalar tətbiqinin rəsmi Moskva üçün çox acınacaqlı ola biləcəyi söylənilir. Bu təkcə Rusiya üçün deyil, onun MDB məkanında iqtisadi sahədə əməkdaşlıq etdiyi digər respublikalar üçün də mənfi nəticələr verə biləcək. Artıq Rusiyaya qarşı Qərbin sanksiyaları ciddi iqtisadi təsirini göstərməyə başlayıb. Rusiya tərəfinin süni şəkildə vəziyyəti dondurmağa çalışmasına baxmayaraq beynəlxalq ekspertlərin fikrincə sanksiyalar davam etdiyi təqdirdə iqtisadi tənəzzül qaçınılmazdır. HSBC Beynəlxalq bankının hesablamalarına əsasən Rusiyada ilin ikinci yarısında ÜDM-in aşağı düşməsi gözlənilir.
Bəs hadisələrin bu cür yaşandığı bir vaxtda Rusiya iqtisadiyyatından asılı olan ölkələr təsirsiz ötüşə biləcəkmi? Hətta məsələn Rusiya öz hayında olmasına baxmayaraq strateji tərəfdarlarına dəstək ola biləcəkmi? Məsələn sırf xarici köçürmələr hesabına yaşayan Ermənistan dövlətinin 81% köçürmələri Rusiyadan gəlir (söhbət fiziki şəxslərin bank hesabından edilən köçürmələrindən gedir). Rusiya Ermənistanının ən böyük sərmayədarıdır. Lakin Rusiyada vəziyyət pisləşdikcə bu ilk növbədə onun strateji saxladığı bölgələrə, əsasən də Ermənistana təsirsiz ötüşməyəcək.
Bu ilin beş ayının Ermənistana olan köçürmələrinin statistikasına əsasən fevral və aprel aylarında 2 və 0,5 faiz azalma may ayında cüzi artımla müşahidə olunub. Lakin bu artımın qalan aylarda özünü saxlaması bu şərtlərlə demək olar ki, mümkün deyil. Belə ki, öz hayına qalan Rusiyanın birinci növbədə onsuzda sərt olan miqrant siyasətinə nəzər yetirməsi və xarici axının qarşısını alması normal addım olacaq.
Qeyd edək ki, qonşu ölkələrə torpaq iddiasında olan Ermənistan onsuzda iqtisadi blokadada yaşayır. Ölkə erməni lobbisinin səyi nəticəsində xaricdən gələn kömək və Rusiyada yaşayan miqrantların ailələrinə göndərdiyi pullardan asılıdır.
ABŞ və Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalarının da Azərbaycan Dövlət Neft Fonduna (DNF) da ziyan vuracaq.
Bu haqda Britaniyanın nüfuzlu "The Financial Times" qəzetinin məqaləsində deyilir. Qəzet yazır ki, son sanksiyalar xüsusən Rusiyanın korporativ bank sektoru üçün "dağıdıcı" olacaq.
Xəbər verildiyi kimi, ABŞ Maliyyə Nazirliyi artıq Rusiyanın üç bankına, o cümlədən Azərbaycanda filialı olan "Vneştorqbank"a (VTB) qarşı sanksiyaları rəsmən elan edib.
Qəzet yazır ki, VTB Qərb investorlarının əhəmiyyətli bazasına da malikdir və onun səhmdarları arasında üç suveren fondu - Norveçin "İnvestment Management" bankını, Qətərin "Qatar İnvestment Authority" və Azərbaycan Dövlət Neft Fondunu göstərmək kifayətdir.
VTB rəhbərliyinə yaxın digər mənbə isə deyib ki, istənilən sanksiyalar bankın iri səhmdarlarına - Norveçə, Qətərə və Azərbaycana da ziyan vuracaq.
Onu da bildirək ki, Rusiya hökuməti Qərbin sanksiyalarının əvəzini Çinlə iqtisadi-biznes münasibətlərini inkişaf etdirməklə çıxmağın mümkünlüyü haqda səs-küylü bəyanatlarına baxmayaraq Moskvada çoxları hesab edir ki, Çin bankları Rusiya şirkətlərinə Qərb bankları kimi uzunmüddətli və ucuz kreditlər vermək imkanında deyil. Ona görə də sanksiyalar bank sektorundan başlayaraq iqtisadiyyatın ən müxtəlif sahələrinə öz mənfi təsirini göstərəcək.
Asiya İnkişaf Bankının (AİB) baş iqtisadçısı Devid Oldfild isə Bakıda keçirilən "Asian Development Outlook-2014" hesabatının müzakirəsi zamanı deyib ki, ABŞ, Avropa İttifaqı və digər ölkələrin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar hələlik Azərbaycan iqtisadiyyatına ciddi təsir edə bilməz.
Onun sözlərinə görə, bu sanksiyalardan daha çox əmtəə dövriyyəsi və əmək bazarı Rusiya ilə güclü olan ölkələr (Qazaxıstan, Qırğızıstan, Tacikistan) əziyyət çəkə bilər: "Azərbaycanın Rusiya iqtisadiyyatı ilə əlaqəsi daha aşağı səviyyədədir".
AİB-in Azərbaycandakı nümayəndəliyinin iqtisadçısı Nailə Vəliyevanın fikrincə, bu sanksiyalar Azərbaycan iqtisadiyyatı üçün o zaman ciddi fəsadlar törədə bilər ki, sanksiyaların güclənməsi neftin qiymətinin azalmasına səbəb olsun: "Bundan başqa, Rusiyada iqtisadi vəziyyətin pisləşməsi bu ölkədə işləyən azərbaycanlıların gəlirlərinə də təsir edəcək ki, bu da Rusiyadan pul köçürmələrinin həcmini azalda bilər. Nəticədə bu, ölkənin tədiyyə balansına təsir göstərə bilər".
Millət vəkili Zahid Oruc isə hesab edib ki, Qərbin Rusiyaya, habelə bilavasitə Putinin yaxın çevrəsinə qarşı yeni sanksiyalar tətbiq etməsi Ukrayna böhranı fonunda meydana çıxan Qərb-Rusiya qarşıdurmasının daha da gərginləşməsinə səbəb olub. Qərbin Rusiyaya qarşı tətbiq etdiyi çoxsaylı sanksiyalar bu ölkənin iqtisadi-siyasi həyatına müəyyən qədər təsir göstərəcək. Lakin bu sanksiyalar həm də Rusiyanı alternativ əlaqə və iqtisadi münasibətlərə sövq edəcək ki, bu da həmin sanksiyaların təsirini azaldacaq: "Rusiyanın Ukrayna hadisələrindən dolayı Qərb dövlətləri ilə münasibəti gərginləşib. Münasibətlərin hazırkı vəziyyəti də çox böyük gərginliklər vəd edir. Əgər kimsə düşünürsə ki, bundan sonra Rusiya ilə bağlanmış müqavilələr olduğu kimi işləyəcək, bu yanlışdır. Şübhəsiz ki, Rusiyanın çoxsaylı sanksiyalara məruz qalması, iqtisadi-siyasi baxımdan izolyasiya edilməsi tədbirləri bu ölkənin həyatı üçün təsirsiz qalmayacaq".
Z.Orucun sözlərinə görə, Qərbin Kremllə yaxın əlaqələrə malik iri maliyyə-sənaye maqnatlarına qarşı tətbiq etdiyi sanksiyalar daha effektiv təsirə malikdir ki, bu təsir özünü digər sanksiyaların nəticəsindən daha tez büruzə verəcək:
"Bu gün adbaad, Putinə yaxın olan müxtəlif iri iqtisadi struktuların rəhbərləri kimi bir çox şəxsə, neft-qaz sektorunda təmsil olunan önəmli fiqurlara tətbiq edilən qadağalar Rusiya iqtisadi-siyasi həyatına daha ciddi şəkildə təsir edəcək və özünü real, praktiki baxımdan büruzə verəcəkdir. Bu halda Rusiya avtomatik olaraq yeni ünvanlar, fərqli iqtisadi əlaqələr və s. axtarışında olacaq. Yalnız belə olduğu təqdirdə mövcud sanksiyalar Rusiyanın Azərbaycanla ticari münasibətlərinə təsir göstərə bilər".
Millət vəkilinin bildirdiyinə görə, Azərbaycan Qərbin tətbiq etdiyi sanksiyalara qoşulmaq fikrində deyil və belə hesab edir ki, yaranmış gərginlik yalnız diplomatik yolla həll edilməlidir: "Azərbaycan sanksiya rejiminə qoşulmur. Hesab edirik ki, bu sanksiyalar Rusiya hökumətini bir qədər də sərtləşdirəcəkdir. Sanksiyalar və soyuq müharibə dövrünün leksikonu ilə danışmaq təhlükəsizlik sisteminin gələcəyi üçün yaxşı heç nə vəd etmir. Biz məlum böhranın siyasi vasitələrlə, danışıqlar yolu ilə həll edilməsinə daha çox önəm veririk. Hesab edirik ki, problemi dialoq yolu ilə həll etmək daha məqsədəuyğundur".
Z.Orucun bildirdiyinə görə, Rusiya-Ukrayna gərginliyi Azərbaycanın bu ölkələrlə iqtisadi əlaqələrinə ciddi mənada təsir etməyəcək. Habelə, millət vəkili hesab edir ki, rəsmi Bakı yaranmış vəziyyətdən öz iqtisadi maraqları naminə istifadə etmək, fürsətgil mövqe sərgiləmək niyyətində deyil:
"Azərbaycanın Ukrayna ilə neft-qaz sektorundakı əlaqələri azalmayacaq. Ticarət dövriyyəsində də azalmaların olacağı gözlənilən deyil. Lakin çox mümkündür ki, bu ölkənin yaşadığı bəlli problemlər, spamlar MDB məkanı və Asiya qitəsi ilə əlaqələrinə də təsir göstərəcək. Biz baş verənlərdən fayda götürmək, daha çox qazanmaq, fürsətgil mövqe tutmaq niyyətində deyilik".
Onu da qeyd edək ki, Avropa İnsan Haqları Məhkəməsi "YUKOS" neft şirkətinin keçmiş səhmdarlarının qaldırdığı iddia əsasında Rusiyanı 1,86 milyard avro məbləğində cərimələyib.
Qərar barədə məhkəmə bu gün məlumat yayıb.
İddiaya baxılması 2011-ci ildən davam edirdi. Qərara görə cavabdeh tərəf 1,86 milyard avro kompensasiyadan əlavə məhkəmə xərcləri üçün 300 min avro ödəməlidir.
"YUKOS" səhmdarları qaldırdıqları iddiada Rusiyadan 98 milyard avro tələb edirdilər. Bu baxımdan məhkəmənin kəsdiyi cərimə "simvolik" hesab olunur.
Xəbər verildiyi kimi, bundan əvvəl Haaqa Arbitraj Məhkəməsi keçmiş "YUKOS" səhmdarlarının iddiası əsasında Rusiyanın 50 milyard avro təzminat ödəməsi barədə qərar çıxarıb. Bu qərarın səs-küyü səngiməmiş Avropa İnsan Haqları Məhkəməsi Mixail Xodorkovskiyə məxsus olmuş və səhmləri Rusiya dövlətinin nəzarətinə keçmiş "YUKOS" şirkətinin keçmiş səhmdarlarının iddiası əsasında daha 1,9 milyard avro təzminat qərarı verib.
Rusiyanın Ədliyyə Nazirliyi bildirib ki, Avropa Məhkəməsinin qərarını başa düşmürlər. Nazirlik qərarın ədalətli olmadığını və Rusiya qanunvericiliyinin nəzərə alınmadığını bildirib.