Ermənistanda 15 aylıq hakimiyyət dəyişikliyi Dünya

Ermənistanda 15 aylıq hakimiyyət dəyişikliyi

Xalq nə gözləyirdi, nə əldə etdi?

“Yeni hökumət bu sahədə böyük addım atmağa qadir olmadı. 15 aylıq baş nazirlik dönəmində Nikol Paşinyan cəmiyyətin bu hissəsinin sosial vəziyyətinin yüngülləşdirilməsi üçün demək olar ki, heç bir şey etməyib”.
Bu barədə Ermənistanın “168.jam” nəşri yazıb.
Nəşrə görə, Ermənistanda sürətli dəyişikliklər ümidi doğrultmayıb və bundan sonra da dəyişikliyə doğru nəsə dəyişməyəcək.
“İnqilabın vəd etdiyi nəticələrin ictimaiyyətə əlçatan olması üçün hələ nə qədər vaxt lazım olacağını demək çətindir. Bu templə davam edərsə, birmənalı şəkildə demək olar ki, bu tez bir zamanda baş verməyəcək. Ümumiyyətlə bunun baş verib-verməyəcəyi sual altındadır. 15 aylıq hakimiyyət onu göstərdi ki, hakimiyyət ictimaiyyətin gözləntilərini qane etməyə hazır deyil.
Hakimiyyət dəyişikliyi dövründə iqtisadi vəziyyət və sosial həyat heç bir halda yaxşılaşmayıb. Cəmiyyətin böyük bir hissəsi keçmişdə olduğu kimi zorla yaşamını təmin etməyə davam edir. Onların gəliri əvvəl olduğundan da aşağıdır. Buna görə də, demək olar ki, yeni hakimiyyətdə indiyədək heç bir şey verməyib. Əmək haqqı ödənişi sahəsində demək olar heç bir dəyişiklik baş tutmayıb. Lakin idarə etmə sahəsində mövqe tutan “mənim addımım”çılar dövlət vəsaiti hesabına özlərini dəbdəbəli şəkildə mükafatlandırmağa başlayıblar”, - deyə erməni KİV-i yazıb.
Nəşr qeyd edir ki, Ermənistanda baş tutan hakimiyyət dəyişikliyindən sonra hələ də təqaüdlər artırılmayıb.
“Əlbəttə gözlənilirdi ki, bu, növbəti ildən başlayaraq 10% və ya 3-4 min dram həcmində baş tutacaq. Heç olmasa hakimiyyət bunu inqilabın ciddi nailiyyətlərindən biri hesab edə bilər. Lakin hakimiyyət dəyişikliyi baş verməsəydi belə təqaüdlərin bu cür artımının baş verməyəcəyini düşünmək olmazdı. Əvvəlki hakimiyyət artıq belə bir artımın əsasını qoruyub. Əksinə indiki hakimiyyət əvvəlki hakimiyyətin həyata keçirməli olduğu proqramları bir qədər də təxirə salmış oldu. Keçmişdə də təqaüdlər vaxtaşırı artırılıb, lakin bunun kifayət edib-etmədiyi başqa bir mövzudur. Ermənistanda təqaüdlər həddindən artıq aşağıdır. Gözlənilən 10%-lik artımdan sonra vəziyyətin dəyişəcəyini gözləmək doğru deyil. Yenə də təqaüdlərin həcminin aşağı olması davam edəcək. Yeni hökumət bu sahədə böyük addım atmağa qadir olmadı. 15 aylıq baş nazirlik dönəmində Nikol Paşinyan cəmiyyətin bu hissəsinin sosial vəziyyətinin yüngülləşdirilməsi üçün demək olar ki, heç bir şey etməyib.
Belə ki, cəmiyyətin həmin hissəsi bundan sonra da keçmişdə olduğu kimi pis şəraitdə yaşamağa davam edəcək. İnqilabın 15 aylıq hakimiyyəti dövründə Ermənistandakı qiymətlər aşağı düşmədən qalmaqda davam edir. Bir tərəfdən cəmiyyətin gəlirləri artmayıb, digər tərəfdən hər tərəfdə bahalaşma baş verib. İlkin tələbat mallarının qiymət artımı bəzən 60-70%-ə çatır. Bu da sosial gərginliyi artırır. Cəmiyyətin hökumətin fəaliyyətindən narazılığı təsadüfi deyil. Bu məsələ keçmiş hakimiyyət üzvlərinin revanş ambisiyaları kimi təqdim edilməyə çalışılsa da, sosial vəziyyətin ölkədə yaxşılaşmadığı fakt olaraq qalır. İnsanların işləməyə və ailə saxlamağa imkanları yoxdur. Lakin hakimiyyət hamıya fəaliyyət göstərməsi üçün bərabər mühit yaradıldığını bəyan edir. Hətta əgər deyildiyi kimidirsə, hakimiyyət dəyişikliyindən sonra Ermənistanda hamının iş adamı olacağını düşünmək sadəlövhlük olardı. Sahibkarlıqla məşğul olmaq üçün yalnız əl yox, həm də imkanlar, o cümlədən maliyyə imkanları lazımdır. Əgər ailəsinin gündəlik qayğılarını qarşılamağa insanın pulu yoxdursa, o, necə vəsait qoya və bizneslə məşğul ola bilər?
Daha sonra bu hansı biznes sahəsidir ki, orada biznes fəaliyyəti həyata keçirilməlidir?”, - deyə “168.jam” nəşri inqilabdan sonrakı vəziyyəti təhlil edərək yazır.