NATO Rusiyanı dayandırmağa çalışır Dünya

NATO Rusiyanı dayandırmağa çalışır

Alyans Moskvanın sərhədə qoşun yığmasını ciddi təhlükə adlandırıb

Cavid

Şimali Atlantika alyansı xəbərdarlıq edib ki, Rusiyanın Ukrayna ilə sərhəddə qoşun cəmləşdirməsi bu ölkəyə müdaxilə təhlükəsini artırıb. "Reuters" və "Associated Press" agentlikləri NATO-ya istinadən bildiriblər ki, Rusiya Ukraynanın şərq sərhədi boyunca döyüşə hazır 20 minlik əsgəri qüvvə cəmləşdirib, hər an humanitar və ya sülhyaradıcı missiya adı ilə Ukraynaya müdaxilə edə bilər.
NATO Ukrayna münaqişəsinin Rusiya tərəfindən körükləndiyini bir daha bəyan edərək bildirir ki, sərhəd boyunca qoşunların cəmləşdirilməsi "təhlükəli vəziyyət" yaradıb.
NATO-nun sözçüsü Oana Lungescu deyib ki, vəziyyət olduqca ciddidir: "Biz Rusiyanın fikrində nə tutduğunu bilə bilmərik, lakin Rusiyanın bu ərazidə nələr etdiyini görürük və bu, böyük narahatlıq yaradır. Belə bir məqama da diqqət çəkilir ki, Rusiya bütün həftə ərzində manevrlər keçirəcəyini bəyan edib".
Xatırladaq ki, Ukrayna sərhədlərində keçiriləcək hərbi təlimlərdə bombardmançı döyüş təyyarələri də iştirak edəcək.
Polşanın baş naziri Donald Tusk deyib ki, Rusiyanın Ukraynaya "birbaşa müdaxiləsi" təhlükəsi, hazırda bir neçə gün və ya bir neçə həftə bundan əvvəl olduğundan xeyli yüksəkdir.
Təhlilçilər bildirirlər ki, Rusiya əvvəllər də manevrlərdən müdaxilə üçün pərdə kimi istifadə edib.
ABŞ-ın müdafiə naziri Hagel də Ştutqartda ABŞ komandanları ilə görüşdən sonra bildirib ki, Rusiyanın Ukraynaya müdaxiləsi artıq "reallıqdır".
"Rusiyanın qoşunları cəmləşdirməsini və bu qoşunların təkmilliyini və sərhədə topladıqları hərbi avadanlıq növlərini görürüksə, deməli, bu bir reallıqdır, təhlükədir və tamamilə mümkün olan bir addımdır" - deyib Hagel.
NATO-nun bu bəyanatı, Rusiya nümayəndəsinin BMT Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsini tələb edəndən sonra verilib.
BMT-dəki Rusiya nümayəndəsi xəbərdarlıq edib ki, Luqansk və Donetskdə vəziyyət humanitar fəlakət şəklini alır və beynəlxalıq birlik təcili yardım üçün qüvvələrini dərhal səfərbərliyə almalıdır.
Mətbuat isə xəbər verir ki, ötən gecə qiyamçıların nəzarətində olan Donetsk şəhəri ilk dəfə olaraq hava zərbələrinə məruz qalıb.
Xəbər verilir ki, bu zərbələr nəticəsində insan tələfatı olmayıb, lakin Donetsk şəhəri icra hakimiyyətinin məlumatına görə üç mülki şəxs həlak olub.
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının sözçüsü Andrey Lysenko bir daha bəyan edib ki, Ukrayna ordusu yaşayış ərazilərini bombardman etmir.
Son məlumatlara görə, Donetsk hava limanının tamamilə dağıdıldığı xəbər verilib. Separatçıların lideri Oleq Tsarev bildirib ki, sakinlər Donetski tərk edirlər və bir vaxtlar milyon nəfərlik əhalisi olan şəhərdə indi yalnız 450 min sakin qalıb.
Təhlilçilər hesab edirlər ki, ötən həftə Avropa İttifaqı və ABŞ-ın Rusiyaya qarşı daha sərt sanksiyalar tətbiq etmək qərarı, Moskva və Qərb arasında soyuq müharibədən bəri ən böyük qarşıdurmanın yeni mərhələsinə yol aça bilər.
O da bildirilib ki, Ukraynanın şərqindəki Donbass bölgəsində güc strukturlarının əməkdaşları ilə separatçı-terrorçu qruplaşmalar arasında gedən qanlı döyüşlərdə son bir sutka ərzində 18 Ukrayna həbsçisi həlak olub, 54-ü yaralanıb.
Ukrayna xəbər saytlarının verdiyi məlumata görə, bu rəqəmi Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının İnformasiya Mərkəzinin spikeri Andrey Lısenko keçirdiyi gündəlik brifinqdə açıqlayıb.
"Bu, antiterror əməliyyatında iştirak edən bütün güc strukturlarından alınan məlumatların cəmidir", - deyə o, söyləyib.
A.Lısenko terrorçuların Ukrayna qüvvələrinin Luqansk, Donetsk, Qorlovka, Staxanov, Alçevsk və Sverdlovsk şəhərləri istiqamətində hücum hazırlıqlarını pozmağa çalışdıqlarını deyib. Qeyd edək ki, antiterror əməliyyatına cəlb olunmuş qüvvələr əməliyyatların aktiv fazasını davam etdirmək üçün hazırlıq tədbirləri həyata keçirirlər.
Onu da xatırladaq ki, Ukraynada hakimiyyət dəyişikliyindən dərhal sonra və Krımda təxribatların baş qaldırdığı ilk günlərdən bəri ABŞ, Qərbin aparıcı dövlətləri - Almaniya, Böyük Britaniya və Fransa başda olmaqla, bütün Qərb ölkələri Ukrayanın ərazi bütövlüyünün müdafiəsinə qalxaraq, Rusiyanı bölgədə vəziyyəti gərginləşdirməkdən çəkinməyə səsləyiblər.
Qərb ölkələri ilə yanaşı, Rusiyanın əsas ticarət tərəfdaşı olan Türkiyə də Moskvanın düşünülməmiş addımlardan çəkinməsini istəyir.
Qərbin siyasi liderlərinin Ukraynanı ciddi müdafiə etməsi və baş verə biləcək hadisələrə görə Rusiyanı xəbərdar etmələri Moskvadakı qızışmış başları narahat edib. Rusiyanın faktiki olaraq, bütün dünyaya qarşı getmək gücü yoxdur və Krımın işğal olunması məsələsində Moskva hətta Pekin və Tehran kimi müttəfiq hesab etdiyi paytaxtlardan dəstək ala bilmədi.
Heç şübhəsiz ki, Moskvada Ukraynaya hərbi müdaxilənin Rusiyanın dağılmasına səbəb olacağını dərk edən siyasətçilər var və onlar bu addıma yol vermək istəmirlər. Əgər Rusiya beynəlxalq öhdəliklərə riayət edib Ukraynanın ərazi bütövlüyünə hörmətlə yanaşmasa, Qərb də Rusiyanın ərazi bütövlüyünü şübhə altına alacaq. Rusiyada baş qaldıran separatizm bundan sonra Qərbdən açıq dəstək görə bilər.
NATO Əməkdaşlıq İnstitutunun prezidenti Fərrux Məmmədov deyib ki, Rusiyanın 2020-ci ilə qədər işğal edəcəyi xəritədə hər bir detal dəqiqliyi ilə verilib. Rusiya bu xəritəni reallaşdırmaqdan ötrü istənilən addımı atacağını hər kəsə sübut etmək niyyətindədir. Bu dövlət bir daha sübut edir ki, o heç bir beynəlxalq hüququ tanımır və istənilən zaman hansısa bir dövlətin ərazisinə təcavüz edə bilər. Hətta həmin ölkədə separatçı qüvvələrə açıq dəstək verə bilər. Ukraynanın şərq vilayətlərində baş verənləri Rusiya xüsusi xidmət orqanlari təşkil edir və bunun nəticəsinin də çox ağır olma ehtimali var. Rusiya hazırda Ukrayna daxilində vətəndaş müharibəsini daha da qızışdırmaq niyyətindədir. Əgər bu istəyini gercəkləşdirsə, rusların müdafiəsini bəhanə gətirərək, Ukraynanın cənub-şərqini tam işğal edə bilər. Rusiyanın bu siyasəti tezliklə özünə qarşı çevriləcək. Rusiya isə həmin zaman düşdüyü böhrandan yalnız parçalanma yolu ilə qurtula biləcək.
"Krım münaqişəsini nəzəri cəhətdən həll etmək mümkündür, ancaq Kremli allahlıq iddiasında olan irrasional lider idarə etdiyindən bunu təsəvvür etmək çətindir". Bunu politoloq Zbiqnev Bjezinski Fransanın "La Figaro" qəzetinə demişdi.
O, qeyd etmişdi ki, əgər Rusiya Ukraynaya hərbi təzyiqini davam etdirərsə, Kiyev tez, yaxud gec müqavimət göstərməyə başlayacaq. O zaman Qərb Ukraynanın özünü necə müdafiə etdiyini görüb müdaxilə edəcək, müdafiəsinə qalxacaq.
Politoloqun sözlərinə görə, bu halda Ukraynada İkinci Dünya müharibəsindən sonra Avropada ən böyük hərbi münaqişə baş verə bilər. Politoloq onu da qeyd edib ki, Putin Rusiya üçün nəyin yaxşı, nəyin pis olduğunu qiymətləndirməyə və əlverişli qərar qəbul etməyə qadir deyil.
ABŞ-ın "The Hational İnterest" jurnalı isə yazır ki, əgər Rusiya ilə Ukrayna və ya Rusiya ilə NATO arasında birbaşa hərbi münaqişəsi başlayarsa, bu zaman rus ordusu bir neçə güclü silah növlərindən istifadə edəcək. Kimlərsə, Rusiya silahlarının müvafiq Amerikan və NATO texnikasından aşağı səviyyədə olması barəsində mübahisə edə bilər. Amma əgər tərəflərin texnikası döyüş meydanında qarşılaşmayacaqsa, onda bir çox hallarda biz bunu heç vaxt bilməyəcəyik. Bununla belə, tamamilə aydındır ki, Qərbin İraq və Əfqanıstanda qarşılaşdıqlarının əksinə olaraq, rus ordusu daha müasir silahlarla təchiz edilib. Hətta İsrailin qabaqcıl Sovet tankları ilə mübarizəsindən on illərlə vaxt keçib (1980-ci illərin əvvəllərindəki İsrail- Suriya müharibəsi nəzərdə tutulur. Suriya ordusu Sovet tankaları ilə təchiz edilmişdi).