“Ailəyə hazırlıq məsələsinə ciddi yanaşmalıyıq” Cəmiyyət

“Ailəyə hazırlıq məsələsinə ciddi yanaşmalıyıq”

“Boşanmaların sayının artması cəmiyyət üçün ciddi siqnaldır. Ailə iki insanın birliyi ilə yanaşı, millətin mənəvi dayağı, uşaqların sağlam psixoloji mühitdə formalaşmasının əsas təminatıdır. Ailədə baş verən hər sarsıntı əslində gələcək nəsillərin taleyinə toxunur. Boşanmaların 50 faizə yaxınlaşması bizi ciddi şəkildə düşündürməlidir”.

Bu fikirləri Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı söyləyib.

Deputat mövcud mənfi tendensiyanın kökündə bir sıra səbəblərin dayandığını vurğulayıb: “Bura ailədaxili ünsiyyətin zəifləməsi, məsuliyyət hissinin azalması, sosial şəbəkələrin ailə münasibətlərinə mənfi təsiri, həmçinin ailə institutuna baxışın dəyişməsi prosesə təsir göstərən əsas amillərdəndir. Təəssüf ki, günümüzdə bəzən ailə dəyərləri səbir, anlayış və fədakarlıq üzərində deyil, rahatlıq və fərdi maraqlar üzərində qurulur. Hesab edirəm ki, ilk növbədə ailəyə hazırlıq məsələsinə ciddi yanaşmalıyıq. Gənclər evliliyə psixoloji baxımdan hazır olmalıdırlar. Məktəblərdə və ali təhsil müəssisələrində ailə dəyərləri, ailə məsuliyyəti, valideynlik mədəniyyəti ilə bağlı maarifləndirici proqramlar gücləndirilməlidir”.

G.Ağamalı bildirib ki, gənclər ailə dəyərlərinin bizim genetik kodlarımızdakı yerinin fərqində olmalıdır: “Bu zamana qədər məhz ailə institunun möhkəmləndirilməsi üçün vacib işlər görülmüşdür. Erkən nikahların qarşısının alınması, qohum evliliklərinə tətbiq edilən qadağa məhz sağlam ailə mühitinin formalaşmasına hesablanıb. Eyni zamanda, müxtəlif dövlət proqramları çərçivəsində gənclərin sosial müdafiəsini gücləndirən layihələrin işlənilməsi məhz sağlam gələcəyə doğru atılan strateji qərarlardır. Lakin görünür daha fərqli mexanizmlərdə işlənilməlidir ki, gənclər ailə institutunun mahiyyətini dərindən dərk etsin”.

O həmçinin əlavə edib ki, ikinci mühüm addım ailədaxili problemlərin erkən mərhələdə həllinə yönələn mexanizmlərin genişləndirilməsidir: “Psixoloji dəstək mərkəzlərində ailə məsləhət xidmətləri genişləndirilməlidir. Bəzən düzgün yönləndirmə və dialoq ailəni dağılmaqdan xilas edə bilər. Eyni zamanda, media və ictimai mühit ailə modelini nümunəvi şəkildə təbliğ etməlidir. Sağlam ailə obrazı cəmiyyətdə geniş yer almalı, ailəni qorumaq güc göstəricisi kimi təqdim edilməlidir. Ailə dəyərlərini qorumaq milli kimliyimizi, mənəvi bütövlüyümüzü qorumaq deməkdir. Bu məsələ ətrafında köklü və davamlı müzakirələr hər zaman ön planda olmalıdır”.

Röya İsrafilova