“Siqaret satışına ciddi nəzarət olmalıdır” Gündəm

“Siqaret satışına ciddi nəzarət olmalıdır”

“Reklam haqqında qanunun pozulması, xüsusilə siqaretlərin satışı və təşviqatı sahəsində ciddi problem olaraq qalır”.

Bu sözləri sosioloq Üzeyir Şəfiyev Xalqcəbhəsi.az-a açıqlaması zamanı deyib

Onun fikrincə, məktəblərin yaxınlığında, habelə supermarkətlərin kasalarına yaxın ərazilərdə satış işçiləri müştərilərə “hansı siqareti çəkirsiniz, bunu məsləhət görürük” kimi mesajlarla açıq təşviqat aparırlar: “Bu hallar market və marketing maraqlarının cəmiyyətin sağlamlığına qarşı birbaşa təhdid yaratdığını göstərir. Xüsusilə uşaqlar və yeniyetmələr üçün aludəçilik riskini artırır.
Bu məsələdə hüquq-mühafizə orqanlarının və müvafiq dövlət qurumlarının ciddi monitoring aparması və qanun pozan şəxslərin dərhal cəzalandırılması vacibdir. “Cəmiyyətin sağlamlığının qorunması üçün məktəblərdə şagirdlərə siqaretin və digər zərərli vərdişlərin fəsadları ilə bağlı maarifləndirmə tədbirləri keçirilməli, valideynlər isə uşaqlarını belə satış məkanlarına göndərməməlidir.
Marketlər və satış mərkəzləri 18 yaşadək şəxslərə siqaret satmamalı, həm valideynlər, həm də müəssisələr məsuliyyətini başa düşməlidirlər. “Siqaret və digər tütün məmulatlarına qarşı korporativ sosial məsuliyyət çərçivəsində birgə mübarizə aparılmalı, hüquq-mühafizə orqanları isə ardıcıl və kampaniya xarakterli tədbirlər həyata keçirməlidir.

Günel Elxan