
“Statistik göstəricilərə diqqət yetirdikdə məlum olur ki, boşanan şəxslərin 50 faizdən çoxu kişilər arasında 30–40 yaş, qadınlar arasında isə 25–35 yaş intervalına düşür. Boşanmaların əsas səbəbləri sırasında xarakter uyğunsuzluğu, qarşılıqlı anlaşmanın zəifliyi, ünsiyyət problemləri, davamlı münaqişələr, pis vərdişlər, maddi çətinliklər və məişət zorakılığı boşanmaya aparan başlıca amillərdir”.
Bu sözləri xalqcebhesi.az-a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin baş məsləhətçisi Rafiq Mahmudov deyib.
R.Mahmudov qeyd edib ki, əksər hallarda tərəflər problemləri vaxtında müzakirə etmək əvəzinə, onları yığılıb qalmasına şərait yaradırlar və bu da münasibətlərin dərin böhranla nəticələnməsinə səbəb olur: “Bu gün bir çox cütlük bir-birini kifayət qədər tanımadan, bəzən isə valideynlərin təsiri nəticəsində ailə qurur. Ailə qurulduqdan sonra ortaya çıxan uyğunlaşma çətinlikləri, gündəlik həyatın reallıqları və valideyn məsuliyyəti əvvəlcədən qurulan romantik gözləntilərin dağılmasına gətirib çıxarır. Emosional uyğunluğun olmaması, empati çatışmazlığı, hörmətin tədricən azalması münasibətlərin əsasını sarsıdır və nəticədə boşanma qaçılmaz olur”.
Onun sözlərinə görə, evlilik yalnız sevgi və hisslər üzərində deyil, eyni zamanda, məsuliyyət, səbir, qarşılıqlı anlayış, əməkdaşlıq və emosional dəstək üzərində qurulmalıdır: “Gənclər evliliyə yalnız “toy günü” və “bal ayı” prizmasından baxmamalıdırlar. Onlara ailə həyatının həm gözəl, həm də çətin tərəfləri real şəkildə izah edilməlidir. Bu baxımdan nikahdan əvvəl tərəflərin bir-birini yaxından tanıması, ailə və evlilik mövzusunda maarifləndirilməsi, eləcə də peşəkar psixoloji məsləhət xidmətlərindən istifadə olduqca faydalıdır. Gənclər əvvəlcə öz daxili dünyalarını, gözləntilərini və dəyərlərini tanımalı, daha sonra qarşılarındakı insanın xarakterini və psixoloji xüsusiyyətlərini dərk etməlidirlər”.
O həmçinin bildirib ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən ailə və nikah institutunun qorunması, milli ailə dəyərlərinin təbliği, gənclərin ailə həyatına hazırlanması məqsədilə paytaxtda və ölkənin bütün bölgələrində mütəmadi olaraq mütəxəssislərin iştirakı ilə maarifləndirmə tədbirləri təşkil olunur: “Eyni zamanda, ailə dəyərlərinin təşviqi məqsədilə sosial çarxlar hazırlanır, ailə üzvlərinin birlikdə vaxt keçirməsinin əhəmiyyəti vurğulanır, valideyn məsuliyyətinin düzgün şəkildə təbliği üçün müxtəlif layihələr həyata keçirilir”.
Röya İsrafilova