“Türkiyə İncirlik hərbi bazasını ABŞ-ın üzünə bağlaya bilər” Dünya

“Türkiyə İncirlik hərbi bazasını ABŞ-ın üzünə bağlaya bilər”

Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "A Haber" telekanalının efirində bildirib. O, qeyd edib ki, əgər rəsmi Vaşinqton Ankaraya qarşı sanksiyalar tətbiq etsə, Türkiyə bu hərbi bazanı Birləşmiş Ştatlara bağlayacaq. "İncirlik bazasının (ABŞ üçün) bağlanması haqqında qərar bizə aiddir. Əgər bunu etmək lazım olsa, onda biz İncirliyi və Kurəciyi bağlayacağıq", - deyə Türkiyə lideri vurğulayıb.
"Hər iki tərəf üçün çox əhəmiyyətlidir ki, ABŞ bizim münasibətlərimizi düzəltməyə mümkün olmayacaq təşəbbüslər etməsin. Əlbəttə, Türkiyə ABŞ-ın istənilən sanksiyalarına cavab verəcək. Biz qərar verəcəyik. Əgər lazım olsa, onda İncirliyi və Kürəciyi bağlayacağıq", - deyə "A Haber" telekanalının efirində Ərdoğan bildirib.
Qeyd edək ki, Kürəjik bazasında Avropanın raket əleyhinə müdafiə sisteminin elementləri yerləşdirilib. Daha əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da bildirib ki, ABŞ Türkiyəyə ehtimal olunan sanksiyaları tətbiq edərsə, İncirlikdəki, Kürəcikdəki hərbi bazalar bağlana bilər.
“ABŞ Türkiyəyə ehtimal olunan sanksiyaları tətbiq etsə, o zaman İncirlik də, Kürəcik də bağlanar. Hər şey ola bilər. Hipotezlər üzərində danışmaq istəməzdim. Bizim üçün bu məsələdə Konqresin qəbul edəcəyi qərar deyil, hakimiyyətin addımı əhəmiyyətlidir. Ən pis ssenariləri dəyərləndirib qərar verəcəyik. “F-35” və “S-400” arasında hüquqi və siyasi bir bağlılıq yoxdur. ABŞ təkliflərimizə “Xeyr” deyir. ABŞ məsələyə müsbət yanaşarsa, biz də eyni qarşılığı verərik. “S-400” hücum deyil, müdafiə sistemidir. “F-35” almasaq, aletnativlərə baxacağıq. Bu, Rusiya bazarı, başqa bazarlar da ola bilər", - o deyib.
Pentaqondan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İncirlik və Kürecik bazalarının ABŞ üçün bağlana biləcəyinə dair sözlərini şərh edərkən deyiblər ki, ABŞ Türkiyənin hərbi bazalarını, o cümlədən İncirlik aviabazasını yalnız Ankaranın icazəsi ilə istifadə edir. Pentaqondan bildirilib: "ABŞ qüvvələri Türkiyənin hərbi bazalarını, o cümlədən İncirlik aviabazasını yalnız Ankaranın icazəsi ilə istifadə edirlər. Biz Türkiyədəki qüvvələrimizin statusunu NATO üzrə müttəfiqimizlə əməkdaşlığımıza və onu qorumağa bağlılığımızın simvolu kimi görürük".
Qeyd edilir ki, Türkiyə NATO-nun Əfqanıstanda, Kosovoda, İraqda missiyalarına töhfə verir və ABŞ Milli Təhlükəsizlik Strategiyasının məqsədləri üçün vacib rol oynayır: "Biz Türkiyəni S-400 və digər fikir ayrılığı yaranmış sahələr ilə əlaqədar daha konstruktiv siyasət yürütməyə çağırırıq və bu münasibətləri qorumağa çalışırıq".