Ukraynada kağız üzərində atəşkəs Dünya

Ukraynada kağız üzərində atəşkəs

Poroşenko Putinin Ukrayna ordusunun Luqansk və Donetsk vilayətlərindən geri çəkilməsi tələbini rədd edib

Cavid

Ukraynanın cənub-şərqində atəşkəsin əldə olunması ilə bağlı Minskdə əldə olunan razılaşmadan 5 gün keçir. Ukrayna mediasının məlumatına görə, Ukrayna, Rusiya, separatçıların liderlərinin, o cümlədən ATƏT nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə əldə olunan atəşkəs qərarı icra olunmur.
Atəşkəs birtərəfli olaraq, rusiyameyilli separatçılar tərəfindən pozulur. Atəşkəsin əldə olunduğu saatlardan indiyə qədər hər gün qondarma "Novorossiya"nın hərbi birləşmələri hökumət qüvvələrinin mövqelərini atəşə tutub.
Bundan başqa Rusiyaya məxsus hərbi texnika Ukraynanın Donetsk vilayətinin Mariupol şəhərinə tərəf irəliləməyə çalışıb.
Ukrayna mediası atəşkəs rejiminin monitorinqinin aparılacağına dair xəbər də yayıb.
Rusiyanın Ukraynadakı səfiri Mixael Zurabov də jurnalistlərə bildirib ki, bununla bağlı bütün tərəflərin nümayəndələrinin təmsil olunacağı monitorinq qrupu yaradılacaq.
Xatırladaq ki, sentyabrın 5-də Belarusun paytaxtı Minskdə Ukraynanın Donbas bölgəsində qarşıduramalar son qoymaq, sülhün əldə olunması məqsədilə üçtərəfli görüş keçirilib.
Görüşdə Ukraynanın keçmiş prezidenti Leonid Kuçma, ATƏT-in xüsusi nümayəndəsi Haydi Talyavin, Rusiyanın Ukraynadakı səfiri Mixail Zurabov, o cümlədən qondarma "Donetsk Xalq Respublikası"nın və "Luqansk Xalq Respublikası"nın liderləri iştirak ediblər.
Dünənki məlumatlara görə, Ukrayna antiterror gücləri Luqansk vilayətinin bir sıra yaşayış məntəqələrini tərk edib. "RİA-Novosti"nin verdiyi məlumata görə, bu barədə "Luqansk Xalq Respublikası" separatçı qurumun hərbi qərargahından bildirilib.
Məlumatda qeyd olunur ki, Ukrayna Privetnoe, Pankovo, Stukalova Balka, Svetloe, Xristovo, Markovka, Novopskov, Belovodsk, Novoaydar, Severodonetsk, Starobelsk və Svatovo yaşayış nəntəqələrindən qoşunlarını çıxarır.
Həm Rusiya prezidenti Vladimir Putinin "7 bəndlik" planında, həm də Putinin planı əsasında separatçıların təkrarladıqları planda Ukrayna ordusunun Luqansk və Donetsk vilayətlərinin geri çəkilməsi şərt olaraq irəli sürülüb. Bu planların heç birində Rusiya qoşunlarının və hərbi texnikasının çıxarılması, eyni zamanda separatçıların tərksilah olunması barədə müddəa yer almayıb.
Sözügedən "sülh planları"na sərt reaksiya verən Ukrayna prezidenti Pyotr Poroşenko ötən həftənin şənbə günü "Yespreso.TV" kanalına açıqlamasında bu şərtin qəbueledilməz olduğunu bəyan edib: "Biz bu əraziləri tərk etməyəcəyik. Çünki söhbət bizim ərazilərimizdən gedir".
O, Ukrayna qoşunlarının öz mövqelərində qalacağını və geri çəkilməyə hazırlaşmadığını deyib.
Qeyd edək ki, Poroşenkonin özünün 14 bəndlik sülh planının açıqladığı vaxt separatçılar Donetsk və Luqansk vilayətlərinin əhəmiyyətli hissəsini nəzarətdə saxlayırdı. Uğurlu antiterror əməliyyatları keçirən Ukrayna ordusu separatçıları geniş ərazilərdə geri çəkilməyə məcbur edib. Baxmayaraq ki, bu ərazilərin bir hissəsi son döyüşlərdən sonra yenidən separatçıların əlinə keçib.
"Hazırda separatçıların nəzarətindəki ərazilərin üçdə ikisi geri qaytarılıb. Bu şübhəsiz ki, Ukrayna Silahlı Qüvvələrinin müvəffəqiyyətidir. Ukrayna ordusu geri çəkilmək niyyətində deyil", - deyə Poroşenko vurğulayıb.
Bu arada bəlli olub ki, sentyabrın 8-10-u arası Qara dənizin şimal-qərbində Ukrayna və ABŞ hərb-dəniz qüvvələrinin birgə təlimləri olacaq. Bu barədə Ukrayna Hərbi-Dəniz Qüvvələrinin Facebook səhifəsində məlumat verilib. Təlimlər zamanı böhranın mövcud olan ərazilərdə gəmiçiliyin təhlükəsizliyi ilə bağlı beynəlxalq əməliyyatın keçirilməsi də nəzərdə tutulur. Təlimlər "Sülh naminə əməkdaşlıq" adı altında keçiriləcək. Ona görə də belə təlimlərə qonaq qismində xeyli dövlətlər dəvət olunur.
Bu dəfə təlimlərdə İspaniya, Kanada, Ruminiya və Türkiyənin də iştirak edəcəyi gözlənilir. Təlimlərdə 12 gəmi ilə yanaşı Ukrayna Hava Qüvvələrinə məxsus helikopter və təyyarələr də iştirak edəcək.
Bundan başqa bir çox ölkə təlimləri izləmək üçün nümayəndələrini göndərib. Bu sırada Gürcüstan, İsveç, Norveç və Fransa da var.
Təlimlər zamanı ekstremal vəziyyətlərdə müəyyən manevrlərin həyata keçirilməsinə xüsusi diqqət ayrılacaq.
Təlimlər zamanı Ukrayna tərəfinə Aleksey Neijpapa, ABŞ tərəfinə isə Ceymis Eyken rəhbərlik edəcək. Yeri gəlmişkən, 1997-ci ildən 2013-cü ilə qədər bu qəbildən 11 hərbi təlim keçirilib.
Onu da qeyd edək ki, Rusiya tərəfi bu təlimin ləğv olunmasına dəfələrlə cəhd göstərsə də, rəsmi Moskva istəyinə nail ola bilməyib.
Ukraynadakı müharibə səbəbindən Avropa İttifaqı Rusiyaya qarşı növbəti sanksiyaların tətbiqini təxirə salmamağı qərara alıb. "Censor.net" saytının verdiyi xəbərə görə, dünəndən Rusiyaya qarşı yeni sanksiyaların təcili şəkildə tətbiq olunması barədə qərar qəbul edilib.
Avropa İttifaqının saytında Aİ Şurasının prezidenti Herman Van Rompey və Avropa Komissiyasının sədri Joze Manuel Barrozonun qərar barədə açıq məktubu dərc olunub. Onlar bildiriblər ki, Rusiyaya qarşı yeni məhdudlaşdırıcı tədbirlər paketi sentyabrın 5-də COREPER (üzv ölkələrin Brüsseldəki səfirləri) səviyyəsində razılaşdırılıb. Xarici işlər nazirlərinin görüşünü gözləmədən bu paket yazılı prosedurla rəsmən qəbul olunacaq. Sanksiyalar Rusiyanın Ukrayna ilə bağlı siyasətini dəyişdirməyə yönəlib.
Xatırladaq ki, sentyabrın 5-də Ukrayna hökuməti ilə ölkənin şərqindəki separatçılar arasında imzalanan atəşkəs protokolundan sonra Aİ-nin Rusiyaya qarşı sanksiyaları təxirə salacağı bildirilmişdi.
Rəsmi Moskva isə Avropa Birliyinin bu qərarına sərt reaksiya verib. Rusiyanın baş naziri Dmitri Medvedyev "Vedomosti" qəzetinə müsahibəsində bildirib ki, əgər qarşı yeni sanksiyalar tətbiq olunsa, Rusiya bu sanksiyalara cavab verməli olacaq və hətta cavab olaraq Rusiya hava məkanında uçuşların məhdudlaşdırılması da mümkündür: "Əgər bizə məhdudiyyətlər qoysalar, biz də cavab verməli olacağıq. Qərb aviaşirkətlərinin bizim hava məkanımızdan istifadə edə bilməməsi isə onların bir çoxunun müflisləşməsinə gətirib çıxara bilər. Bu, xoşagələn tarix deyil. İstərdik ki, bizim tərəfdaşlarımız da bunu anlasınlar".
Xatırladaq ki, "Vedomosti" qəzeti avqustun əvvəlində məhz aviaşirkətlərin transsibir uçuşlarının qadağası haqqında yazmışdı. Lakin rəsmilər bu xəbəri təkzib etmişdilər.
Qeyd edək ki, Sibir üzərindən uçuşlardan ən çox istifadə edən şirkətlər "Lufthansa", "British Airways" və "Air France" şirkətləridirlər. Bunun sayəsində bu şirkətlər hər uçuş zamanı 30 min dollaradək qənaət edirlər.