Ukrayna parçalanarsa... Dünya

Ukrayna parçalanarsa...

Rusiya Krımda münaqişə yaratmağa hazırlaşır

Cavid

Son qanlı hadisələrin fonunda Krım Ukraynanın ən zəif nöqtəsi hesab edilir. Ukraynada baş verən məlum hadisələr Krımda separatizm çağırışlarını qızışdırıb. Artıq ölkənin parçalanacağı barədə fikirlər səslənir. Bu ehtimaldır. Amma problem uzandıqca Ukraynanın gələcəyilə və bütünlüyü ilə bağlı optimizm azalır.
Bölünmə ehtimallarının mərkəzində isə hər zamanki kimi Rusiya dayanır. Rusiya Kiyevdən istədiklərini almaq üçün ölkənin şərqinə, xüsusilə də Krım bölgəsinə istiqamətli bir sıra planlar tətbiq etməyi düşünür.
Ukraynada da Moskvanın məkrli planlarının fərqindədirlər. Millət vəkili, Ukrayna parlamenti Milli Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü Yuri Sirotyuk Rusiyada nəşr olunan "Nezavisimaya Qazeta"ya şərhində Krım Muxtar Bölgəsində vəziyyətin Qara dəniz filotunun nəzarətinə keçə biləcəyini söyləyib: "Yanukoviçin mövqeyi Rusiyanı razı etməzsə, o zaman Krım bölgəsində vəziyyət Qara dəniz hərbi qüvvələrinin idarəsinə keçə bilər. O, həmçinin Simferopolda Rusiyanın baş konsulu Vyaçeslav Svetliçnıyın Kremlin tərəfdarı olan siyasi qüvvələrlə bir araya gəldiyini söyləyib. Deputat görüşə Rusiya tərəfdarı olan partiya liderləri ilə yanaşı, Ukraynada iqtidarda olan Regionlar Partiyasının bəzi millət vəkillərinin də qatıldığını vurğulayıb. Sirotyukun iddiasına görə, görüşdə Kiyevdəki məlum hadisələrlə yanaşı, Krımın müstəqiyyliyi ilə bağlı referendum məsələsi də müzakirə olunub: "Yanukoviç Krımdakı hərbi birliklərin böyük qismini Kiyevə çəkdi. Bu an yarımadada tək inzibati binaların işğalına qarşı manevr təşkil etmək üçün müraciət etməyə hazırlanan Qara dəniz desantı var".
Azadlıq Partiyasının lideri Oleq Tyaqnibok da Kremldə Ukraynanın bölünməsi və Krımın ayrılması ssenarisinin hazırlandığını söyləyib.
Krım Tatar Milli Məclisinin sədri Refat Çubarov bildirib ki, Rusiya istərsə Krımı Ukraynadan qopara bilər. Rusiyanın Krımdakı fəaliyyətini və yarımadadakı Rusiya dəstəkçilərinin çox olduğunu xatırladan Çubarov bildirib ki, Moskva istəsə bu planı reallaşdıra bilər: "Kiyevdə bir iqtidar dəyişikliyinin olması və ya mövcud iqtidarın xalqın tələbiylə Avropa Birliyinə inteqrasiya yolunu mənimsəməsi vəziyyətində Krım da öz müstəqilliyi mövzusunu nəzərdən keçirə bilər. Bilirsiniz ki, rəsmi rəqəmlərə görə Krımda Rusiyanın 14 min əsgəri var. Bu əsgərlər Krımın müxtəlif yerlərinə dağılmış vəziyyətdədirlər və onların böyük əksəriyyəti hərbi kəşfiyyat işçilərindən ibarətdir. Onlar çox aktivdirlər və Ukrayna ilə Rusiyanın arasının tamamilə pozulacağı halda Krım faktorundan istifadə edə bilərlər".
Xatırladaq ki, Rusiyanın Qaradəniz donanmasının Ukrayna torpaqlarında qalması ilə bağlı çərçivə razılaşması 1997-ci ilində imzalanıb. Rusiya bunun müqabilində Ukraynaya ildə 98 milyon dollar ödəyir. Qara dəniz donanması 2017-ci il mayın 28-dək Ukraynada qalmalı idi. Lakin 2010-cu il apreldə Ukrayna və Rusiya arasında imzalanan Xarkov razılaşmasına görə Qara dəniz donanmasının Krımda qalma müddəti 25 il daha uzadılıb. Yəni bu müqaviləyə görə, Qara dəniz donanması ən az 2042-ci ilə qədər Krımda qalacaq. Ancaq bu müqavilə Rusiyanın bölgəyə istiqamətli iddialarını reallaşdırması üçün kafi deyil. Çünki Moskvanın təzyiqlərinə baxmayaraq Qara dəniz donanması ilə bağlı detallı şərtlər razılaşdırılmayıb. 2011-2020-ci illər arasında ordunun modernləşdirnilməsi proqramında Qara dəniz donanmasına böyük yer ayıran Moskva yaxın illərdə Krıma 15 yeni gəmi və sualtı qayıq göndərməyi planlaşdırır. 2017-ci ilə qədər 6 dənizaltı gəmisinin əlavə edilməsi, 2025-ci ilə qədər isə Qara dənizdəki müasir döyüş gəmilərinin sayını 35-ə çatdırmaq planlaşdırılır.
Srağagün isə Krım parlamentinin rəhbəri Vladimir Konstantinov bəyan edib ki, vəziyyət gərginləşsə, Krımın Ukraynadan ayrılacağını istisna etmir. Vladimir Konstantinov bildirib ki, hər şey ona doğru gedir. Bununla belə, o, bildirib ki, hələ Ukraynanı xilas etmək şansı var.
Qeyd edək ki, Vladimir Konstantinov dünən günortaya qədər Moskvada olub. O, Rusiya Dövlət Dumasında danışıqlar aparıb.
Bundan başqa qeyd edək ki, Krım Parlamentində fevralın 19-da Krım və Ukrayna Konstitusiyasına dəyişiklik və əlavələrin edilməsi üçün işçi qrupunun yaradılması, həmçinin yarımadanın statusuna dair sorğunun keçirilməsi məsələsini müzakirə edib. Yarımada parlamentinin fevralın 4-də keçirilən iclasında çıxış edən deputat Vladimir Klıçnikov da bildirib ki, əslində Rusiyaya məxsus olan Krım Muxtar Respublikasının Ukraynanın tərkibində qalması yolverilməzdir. V.Klıçnikov qeyd edib ki, ruslara məxsus olan Krım tezliklə Ukraynadan ayrılmalıdır: "Ukraynanın suverenliyi indiki məqamda əhəmiyyətli məsələdir. Lakin Krımın gələcək statusunun müəyyənləşməsi ən vacib faktordur".
Millət vəkili Kiyevdə baş verən hadisələri Ukraynanın rusdilli əhalisi üçün təhdid adlandırıb. V.Klıçnikov Ukraynada baş verən hadisələri Krımın bu ölkədən ayrılıb Rusiyaya birləşdirilməsi üçün tarixi şans adlandırıb: "Parlamentin gündəmində olan əsas məsələ Krım və Ukrayna Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsidir. Məsələ ilə əlaqədar xüsusi işçi qrupu yaradılacaq. Krımın statusunun müəyyənləşdirilməsi üçün Rusiya prezidenti Vladimir Putinə də müraciət ediləcək. Krım Kiyevin siyasi iradəsinin əsiri olmaq, Brüssel və Vaşinqtonda yazılan ssenarilərin oyunçusu olmaq istəmir".
Krımın keçmiş prezidenti Yuri Meşkov da yarımadanın statusunun müəyyənləşdirilməsi üçün rusdilli əhaliyə səfərbərlik çağırışı edib. Məsələ ilə əlaqədar hazırlanmış məktubu parlament üzvü Aleksey Melnikov Krım parlamentinin sədri Vladimir Konstantinova təqdim edib. Məktubda yarımadanın müqəddaratının təyin edilməsi barədə məsələlər yer alıb.
Millət vəkili Sergey Tsekov isə bildirib ki, ABŞ və Qərb Ukraynada baş verən gərgin proseslərə görə məsuliyyət daşıyır: "Qərbdən gələn təhlükəni sovuşdurmaq üçün Rusiyanın himayəsinə sığınmaq lazımdır. Krımın rus muxtariyyətinin olmasını nəzərə alaraq Rusiya Federasiyasına məsələ ilə əlaqədar müraciət etmək artıq vacibdir. Yarımadanın təhlükəsizliyinin qarantı yalnız Rusiya ola bilər. Buna görə siyasi, iqtisadi və himayə məsələlərində Rusiya bizə kömək edəcək".
Parlamentin sədri Vladimir Konstantinov isə müraciət sənədinin hazırlanması üçün tapşırıq verib. Parlament Avromeydanda hakimiyyətə qarşı mübarizə aparan müxalif qüvvələri "faşist" adlandırıb.
Krımın turizm naziri Aleksandr Liyevin isə yarımada parlamentinin Rusiyanı muxtar respublikanı himayəsinə almaqla bağlı çağırışlarını məqbul saymayıb. A.Liyev Krımın Rusiya ərazisi olmadığını deyib. Nazir parlamentin bu addımına kəskin reaksiya verəcəyini bildirib: "Parlamentin qərarı Krım əhalisinin mövqeyi kimi qiymətləndirilə bilməz. Rusəsilli olsam da Krım Rusiyanın deyil".
Krım Tatarları Milli Məclisinin sədri Refat Çubarov isə rusəsilli siyasətçilərin təkliflərinə etiraz edib. R.Çubarov qeyd edib ki, Krımın müqəddaratını yalnız tatar türkləri həll edə bilərlər: "Ukraynada vəziyyətin pisləşməsindən istifadə edən qüvvələr dərhal Krımın Rusiyaya ilhaq edilməsi məsələsini gündəmə gətirdilər. Kiyevdə baş verən hadisələr həmin qüvvələri həyəcanlandırır. Rusiya Ukraynanı tamamilə ələ keçirə bilmədiyi üçün planlarını onun regionlarında həyata keçirmək niyyətindədir. Vəziyyət gərginləşən kimi bəzi siyasətçilərin iç üzü görünməyə başladı. Krım parlamentinin üzvlərinin, xüsusilə Klıçkov və Tsekovun təklifləri Ukrayna üçün təhdiddir".
R.Çubarov parlament rəsmilərini Ukraynanı təhlükə altına saldıqları üçün ironik təşəkkür edib. Çubarov qeyd edib ki, rusmeyilli krımlı siyasətçilər əslində tatar türklərinin öz müqəddaratını təyin etmək hüquqlarını görməməzlikdən gəlirlər: "Krımla bağlı qəbul edilən qanunlara yenidən baxılmalıdır. Çünki həmin sənədlərdə tatar türkləri nəzərə alınmır. Bu ərazilərin ən qədim sakinləri tatarlardır". R.Çubarov bildirib ki, məsələnin həll edilməsi üçün Rusiyaya müraciət edilməməlidir: "Krım parlamenti ləğv edilməli, yarımadanın köklü millətinin haqları nəzərə alınmalıdır. Hesab edirəm ki, Krım Tatarları Milli Məclisinin irəli sürdüyü təkliflər məqbul sayılmalıdır".
Politoloq Ərəstun Oruclu hesab edir ki, Krımın Ukraynadan ayrılmasına çağırışların edilməsi Rusiyanın atdığı siyasi addımdır. Ə.Oruclu qeyd edib ki, Qərb ölkələri maliyyə yardımı və kredit vasitəsilə Yanukoviçi öz tərəfinə çəkmək niyyəti güdürlər. Rusiya isə tamam başqa vasitələrdən istifadə edir. Rusiyanın Ukraynada separatçılğı stimullaşdırmağa çalışdığını deyən politoloqun sözlərinə görə, ölkənin şərq hissəsi Rusiya təmayüllü sayılır: "Rusdilli əhali Şərqi Ukraynada Rusiyameyilli yerli hakimiyyət formalaşdırıblar. Rusiya da həmin regionda separatçılıq meyillərini qızışdıraraq Ukraynanı təhdid edir. Əslində əsas təhdid olunan Viktor Yanukoviçdir. Çünki Ukraynada qərar verən birinci şəxs ölkənin prezidentidir. Yanukoviç Vilnüsdə Avropa assosiasiya sazişinə imza atmamaqla özünü hər iki tərəfdən təhdid altına saldı. Hökumət Qərb və Rusiya arasında sıxışmış vəziyyətdədir". Rusiyanın seperatçılıq planının baş tutub-tutmaması məsələsinə aydınlıq gətirən Ərəstun Oruclu bildirib ki, Moskvanın Ukrayna ilə bağlı həyata keçirmək istədiyi plan üzrə proqnoz vermək çətindir. Politoloq hesab edir ki, Rusiyanın Ukraynaya təsir imkanları kifayət qədər böyükdür: "Baş verən proseslərdə əzilən Ukraynadır. Ölkənin hansı nəticə gözləyəcəyini özü də bilmir".
Bəs Krım, Türkiyəyə birləşdirilə bilinərmi?
Tarix elmləri namizədi, BDU-da Türk və Qafqaz xalqları tarixi kafedrasının dosenti Altay Göyüşovun fikrincə, Ukraynanın parçalanma ehtimalı var, amma bu sırada Krımın Türkiyəyə verilməsi variantı keçmir: "Bu, köhnə söhbətdi, amma mümkün olan iş deyil".
Tarix üzrə fəlsəfə doktoru, Azərbaycan Universitetinin dosenti Vasif Qafarov bildirib ki, Krımı Xruşşov Ukraynaya hədiyyə edib: "Krım 1783-cü ildə Osmanlı dövləti tərəfindən Rusiyaya öz-özünə verilməyib, zorla və mərhələli şəkildə Rusiya tərəfindən alınıb. Ukrayna 1654-də Rusiyaya birləşdirilmişdi, XX əsrin 50-ci illərində SSRİ-yə rəhbərlik edən N.Xruşşov özü ukraynalı idi və Ukraynaya xüsusi simpatiyasını da gizlətmirdi. Məhz onun dövründə Ukraynanın Rusiyaya birləşdirilməsinin 300 illiyi təntənəli şəkildə qeyd olundu və bu münasibətlə Rusiya Krımı Ukraynaya hədiyyə etdi. Təsadüfi deyildi ki, Yuşşenkonun hakimiyyəti dövründə Ukrayna NATO-ya üz tutanda Putin açıq şəkildə bildirdi ki, əgər Ukrayna NATO-ya üzv olarsa, Rusiya 1950-ci illərdə Ukraynaya hədiyyə etdiyi Krımı geri qaytaracaq. Ukraynanın dağılması, bölünməsi, Krımın Rusiyaya və ya Türkiyəyə qaytarılması kimi söz-söhbətlər müəyyən dairələrə təsir mexanizmi kimi ortaya atılıb və reallıqdan uzaq fikirlərdir".