Türkiyə-ABŞ qarşıdurması... Dünya

Türkiyə-ABŞ qarşıdurması...

Tofiq Abbasov: "Bu gərginliyin daha da dərinləşməsi qeyri-mümkündür"
Natiq Miri: "Türkiyə ABŞ-ın yedək komandası rolunda çıxış etmək istəmir"
Anar Turan: "AKP hökumətinin ABŞ-la açıq intriqaya gedib-getməyəcəyini indidən söyləmək olmaz"

Türkiyə-ABŞ münasibətləri gərgin olaraq qalır. Bəzi ekpertlərin fikrincə artıq bu, qarşıdurma həddinə çatıb.
ABŞ mediasının da Türkiyəni sərt tənqid etməsi təsadüfi hesab olunmur.
ABŞ-ın "Wall Street Journal" qəzeti Türkiyənin İŞİD terror qruplaşması ilə bağlı siyasəti və Vaşinqtonun liderliyi ilə yaradılan koalisiyadakı mövqeyini qiymətləndirib. Amerikan nəşri Türkiyəni sərt bir dillə tənqid edib. "WSJ redaktorları" imzası ilə qəzetin internet saytında həm ingilis, həm də türk dilində dərc olunan yazıda başlığı da son dərəcə maraq doğurur: "Ankara artıq ABŞ-ın müttəfiqi deyil". Qəzet yazır ki, Ankara Hər Hansı bir hərbi əməliyyatlarda hücum etməməsi ilə yanaşı, Suriya sərHədinin 160 kilometrliyində yerləşən İncilik bazasının terrorçulara qarşı hava Hücumları üçün istifadəsinə icazə verməyəcək. Hesab olunur ki, bu vəziyyət illərlə davam edəcəyi gözlənilən bir əməliyyat öncəsi Pentaqonun qarşısına müəyyən problemlər çıxarır.
"Türkiyə 2003-cü ildə də öz ərazisindən İraqa qarşı hava hücumları təşkil etməsinə icazə verməmiş və ABŞ başqa yollar axtarmağa məcbur olmuşdu. Əlbəttə ki, ABŞ ordusu hava hücumlarını təşkil etmək üçün başqa yollar tapacaq. Amma Türkiyənin yeri başqadır. Türkiyənin İraq və Suriya ilə olan quru sərhədinin uzunluğu təxminən 1200 kilometrdir. Bu isə Türkiyənin İŞİD-lə mübarizədə yalnız simvolik deyil, bundan daha çoxunu verə biləcəyi anlamına gəlir. Ancaq Türkiyənin gəldiyi nəticə təəssüf doğurur", - deyə "WSJ redaktorları" yazır.
ABŞ nəşri həmçinin qeyd edir ki, Türkiyə xarici cihadçıların öz ərazisindən Suriya və İraqa keçməsinə göz yumub: "Ərdoğan hökumətinin Qəzzada Həmasa, Misirdə isə "Müsəlman Qardaşları" Təşkilatına verdiyi dəstək deməyə əsas verir ki, Türkiyə öhdəliklərini yerinə yetirmir. İŞİD türk diplomatları və ailələrini Mosulda girov saxlaya bilər, ancaq vətəndaşları əsir düşən yeganə ölkə Türkiyə deyil. Ankara eyni zamanda İŞİD-in düşmənlərinə göndəriləcək silahların PKK terror təşkilatının əlinə keçməsindən qorxur. Ancaq bu İncirlik hərbi bazasının ABŞ-ın hərbi əməliyyatları üçün bağlanılması üçün səbəb ola bilməz. Belə bir vəziyyətdə isə ABŞ İŞİD-ə qarşı mübarizədə daha yaxşı regional müttəfiq tapmalıdır. Gözlənildiyi kimi, Səudiyyə Ərəbistanı və digər ərəb dövlətləri koalisiyaya qoşulsalar da, ictimaiyyət istəksiz görünür. Bağdadın yeni hökumətinin isə ordunu nə vaxt ayağa qaldıracağı məlum deyil".
"Wall Street Journal" hesab edir, Vaşinqton üçün hazırda ən yaxşı variant hərbi əməliyyatlara əsgər göndərməyə hazır olan kürdlərin önə çıxarılmasıdır: "İncirlik təxminən 60 ildir ki, ABŞ hərbçilərinə ev sahibliyi edir. Ancaq İncirliyi Şimali İraqdakı kürd torpaqlarında qurulacaq bir hərbi hava bazası ilə əvəz etməyin vaxtı gəlib. Amerikanın artıq Ankarada dostları olmaya bilər, ancaq bu Yaxın Şərqdə başqa bir variantımızın qalmadığı anlamına gəlmir".
Yaranmış vəziyyət Ankaranın öz strateji inteqrasiya istiqamətini dəyişməsinə səbəb ola bilərmi?
Politoloq Tofiq Abbasov bildirdi ki, Türkiyə-ABŞ qarşıdurması var, amma bu gərginliyin daha da dərinləşməsi qeyri-mümkündür: "Səbəb də ondadır ki, hər iki dövlət anti-İŞİD koalisiyasında yer alıblar, lakin onların haçalanan baxış və yanaşmaları strateji yox, taktiki müstəvidədir. Türkiyə adətən gec anlayır ki, Amerika ondan istifadə edib yarı yolda hərəkət səmtini dəyişdirir. Yəni, Ankara daim aldadılmış vəziyyətdə qalır və sonradan özü bildiyi kimi hərəkət etməyə məcbur olur. Bu münaqişədə qeyri-müəyyənlik yaradan amil ondan ibarətdir ki, Amerika sünni icmalarının müqəddəratını həll etmə hüququnu Səudiyyə Ərəbistanına verib və bu haqda artıq bəzi dairələr, eləcə də rəsmi Ankara da öz narazılığını ifadə edir. Səbəb də ondadır ki, Fars körfəzi krallıqları artıq oyunun dərinləşməsini və bundan qorxunu hiss etdiklərindən Vaşinqtondan kömək istəyirlər. Amerika isə Türkiyəni yanğısöndürən qismində hərəkətə gətirməyə çalışır. Yəni indi Türkiyə bir belə əziyyət çəkib qaçqınları yerləşdirdikdən sonra, öz sərhədlərinin gərginliyini yetərincə dəyərləndirdikdən sonra anladı ki, onun arxasında Ər-Riyadla sövdələşmə olub və hazırda Türkiyəyə ayrılan rol təmizləyici mahiyyət daşıyır.
Odur ki, Ankara indi yenə özgə siyasətinin yedəyində getməsini qıcıqla qarşılayıb vəziyyətdən çıxmaqda çətinliklər çəkir. İnanmıram ki, bu soyuqluq uzunmüddətli olsun, çünki İŞİD-lə qarşıdurma xətti durmadan genişlənir və belə olduqda taktiki ixtilaflar sadəcə radikal islamşçıların xeyrinə işləyə bilər. Ankara əgər nəyisə kardinal sürətdə dəyişdirmək istəsə, gərək rəsmi Dəməşqə olan qəzəbini azaltsın. Çünki Suriya ilə mübarizəyə qoşulsa, onda Türkiyənin vəziyyəti daha da ağırlaşa bilər. Yəni, həm Bəşər Əsəd qoşunları, həm kürd toplumu, eləcədə bölgədə silahı olan digər anti-qərb və anti-İŞİD qruplaşmaları silahı Ankaraya qarşı çevirə bilərlər..."
Politoloq Natiq Miri isə "mən bunu qarşıdurma deyil, daha çox geosiyasi maraqların uzlaşdırılması adlandırardım",- deyə bildirib: "Doğrudur, proses çətin və ağır gedir. Ona görə ki, Türkiyə ənənəvi olaraq ABŞ-ın yedək komandası rolunda çıxış etmək istəmir, öz dövlət maraqlarını öndə tutaraq siyasət yürütmək istəyir. Və bu yöndə Türkiyə gündən günə hərbi cəhətdən ABŞ başda olmaqla Qərb ölkələrindən asılılığını azaltmaqda davam edir. Hərbi-sənaye kompleksini gücləndirir. Və buna da adekvat olaraq getdikcə Türkyə müstəqilliyini artırır. Bu isə təbii ki, ABŞ-ın xoşuna gəlmir. Türkiyə İŞİD-ə qarşı mübarizə kontekstində Suriya ərazisində hava məkanı uçuşa qapalı təhlükəsiz bir zona yaradılmasını istəyir. Belə bir zonanın yaradılması əslində yaşanan humanitar faciənin qarşısını almağa yönəlib. Eyni zamanda, belə bir zonanın yaradılmasıyla Türkiyə prosesdə iştirak edən bütün qüvvələrin əlini daşın altına qoymasını istəyir. Hansı ki, indki vəziyyətdə Suriyadan qaçqın problemini yalnız Türkiyə yaşamaq məcburiyyətində qalıb. Başqa tərəfdən, belə bir zonanın yaradılması həm də quru qoşunlarının bu prosesdə iştirakını nəzərdə tutduğundan ABŞ və Avropa bunu hələlk istəmr. Türkiyə Əsəd rejiminin devrilmədən İŞİD-in aradan qaldırmağın mümkün olmayacağını iddia edir və ona görə də prosesin təkcə havadan bombardmanla olmayacağını və məsələnin kompleks həll olunmasını istəyir. Ancaq ABŞ hələlik buna hazır deyil. Ortada başqa geosiyasi maraqlar da mövcuddur ki, Türkiyə bu gerçəkləri bildiyindən prosesin bu cür inkişafına əngəl olmaq istəyir. O ki qaldı Türkiyənin strateji inteqrasiya xəttin dəyşməsnə, yaxın zaman üçün bunu gözləmək əbəsdir. Çünki dünyada Avroatlantk güc mərkəzinin hələlik alternativi yoxdur. Ortada bir Şanxay təşkilatı var ki, o da bir birinə rəqib olan müxtəlif güclərdən ibarət başsız bir qurumdur. Türkiyə bu quruma inteqrasiya etmək istəsə belə nə hərbi, nə də siyasi anlamda qazancı olmayacaq və bu, ona müsbət mənada heç nə verməyəcək. Əksinə, NATO kimi müttəfiqlərini itirəcək. Bu da indiki dünyanın nizamının pozulduğu bir məqamda Türkiyəyə heç də lazım deyil. Düşünürəm ki, Türkiyənin yürütdüyü bu siyasət öz mövqeyinə uyğun olaraq bəzi iddialarının tədricən dünya güclərinə həzm etdirilməsinə yönəlib. Bu daşların yerinə oturdulması bir xeyli zaman alacaq və qarşıdurma kimi görünən proses də əslində bundan ibarətdir".
Politoloq Anar Turan vurğuladı ki, hazırda Ukraynada qeyri-siyasi sabitliyin hökm sürməsi və Suriyada qanlı vətəndaş, məzhəb ixtilaflarının tam başa çatmaması onu göstərir ki, ABŞ və Rusiya arasında yaxın perspektivdə münasibətlərin normallaşması gözlənilmir: "Çünki hər iki dövlət öz qütbünün maraqlarını israrla müdafiə edir və bu mübarizələrdə bir-birini ittiham edirlər. Belə olan təqdirdə NATO ilə eyni blokda olan və uzun illərdir ki, ABŞ-ın və bütövlükdə Qərbin siyasi-strateji tərəfdarı olan Türkiyənin birdən-birə onlara arxa çevirəcəyi inandırıcı görünmür. Düzdür Rusiya ilə Türkiyə arasında geniş miqyasda iqtisadi əməkdaşlıq mövcuddur, hər iki dövlət arasında son zamanlar müəyyən yaxınlaşma görünür. Bununla yanaşı Türkiyənin islam yönümlü AKP hökumətinin ABŞ və digər Qərb ölkələri ilə açıq intriqaya gedib-getməyəcəyini indidən söyləmək olmaz. Bu dövlətlərin birgə təhlükəsziliklə bağlı ümumi maraqları mövcuddur və düşünmürəm ki, bu maraqların üzərindən asanlıqla keçilsin".
"Borçalı Cəmiyyəti" İctimai Birliyinin sədri Zəlimxan Məmmədli isə deyib ki, Türkiyənin İraq əməliyyatında ABŞ-la müttəfiqlikdən imtina eləməsi tarixi yanlışlıqdır: "Əgər zamanında Türkiyə ABŞ-la ortaq əməliyyatlara qatılsa idi Mosul və Kərkük üzərində nəzarəti ələ keçirməklə Şimali İraqda PKK hakimiyyətinin qurulmasını əngəlləyə bilər və dünya düzənində daha üstün yer tutardı. Təəssüf ki, bu uğursuz tarixdir. Kərkükdə türklərin zülmlərə məruz qalması da Türkiyənin vaxtı ilə apardığı yanlış siyasətin nəticəsidir. Türkiyənin İŞİD-ə qarşı və Suriya rejiminə qrşı koalisiyaya qoşulması fikrimcə Türkiyə üçün gec də olsa əlavə şanslar yaradacaq. Bir şey unudulmamalıdır ki, Türkiyənin İsraillə Davosdan başlayan düşmənçiliyinə son verilməsə Türkiyə uduza və daha zəif düşə bilər. Əgər Türkiyə bu vəziyyətdə ABŞ vasitəçiliyindən istifadə edərək İsraillə münasibəti tənzimləyə bilsə, Türkiyənin dünyanın yenidən bölüdürülməsində payı kifayət qədər olar ki, bu da birbaşa və ya dolayı formada türk dünyasının dünyada layiqli yer tutmasına şərait yaratmış olar".
ABŞ-Türkiyə qarşıdurması fonunda PKK-nın fəallaşması maraq doğurur. İŞİD-in Suriyadakı kürd şəhəri olan Kobaniyəni ələ keçirməsindən sonra, PKK tərəfdarları Avropa ölkələrində Türkiyə səfirlikləri üzərinə hücuma keçiblər. PKK-çılar Avstryadakı Türkiyə konsulluğuna hücum təşkil ediblər. Bundan başqa İsveçrədə BMT-nin Cenevrə ofisi qarşısında toplaşan PKK-çılar Türkiyə bayrağını endirmək istəyiblər.
PKK-çılar Fransanın Marsel şəhərindəki Türkiyə konsulluğuna isə Molotov koktelləri ilə hücum çəkiblər.

Əli