Yanukoviçdən sonrakı Ukrayna Dünya

Yanukoviçdən sonrakı Ukrayna

Növbə Rusiya, Belorusiya və Ermənistanındır

Cavid

Ukraynada baş verən hadisələr müxalifətlə xalqın birliyi nəticəsində Yanukoviç hakimiyyətinin devrilməsi ilə sona yetdi. Bu gözlənilən idi. Rusiyanın planı ilə hərəkət edən Yanukoviç xalqın haqlı etirazı qarşısında aciz qaldığından prezident və parlament seçkilərinin keçirilməsinə razılıq verdi, özü isə postundan kənarlaşdırıldı.
Son məlumatlara görə, onun harada olduğu ilə bağlı dəqiq məlumat yoxdur. Ukrayna mətbuatının yazdığına görə, onun Krımda olduğu ehtimal edilir. Sabiq prezidentin axtarışa verildiyi də söylənilir. Bu hadisələrdən az sonra onun Rusiyaya qaçmaq istədiyi, lakin sərhədçilər tərəifndən saxlanıldığı da məlumatlar sırasında yer aldı. Yanukoviçlə bağlı olayların necə nəticələnə biləcəyini söyləmək çətindir. Bunu hadisələrin gedişatı gstərir. Yalnız onu deyə bilərik ki, Rusiya Ukrayna hadisələri fonunda Qərblə mübarizəsində məğlub oldu. Ukraynadan sonra növbə hansı dövlətə çatacaq, Yanukoviçsiz Ukraynanın gələcəyi necə olacaq? Kreml Kiyevdən əlini birdəfəlik üzəcəkmi? Bu kimi suallar indi aktuallışb.
Politoloq Hatiq Mirinin fikrincə, Ukraynanı itirən Rusiyanın məğlubiyyətlə razılaşacağını gözləmək lazım deyil. Digər tərəfdən, Ukraynadakı proseslər sona yetib: "İnqilab qələbə çaldı, bu məsələdə həlledici sözü xalqın ciddi dirənişi dedi. Amma onu da nəzərdən qaçırmaq lazım deyil ki, xarici faktorlar çox ciddidir. Və bu amil Yanukoviçin hakimiyyətdən getməsində öz rolunu oynadı. Hər bir halda Qərb Ukraynada bu cür dirənişi görməsəydi, maliyyə və digər istiqamətlərdə dəstək verməzdi".
Politoloq Elxan Şahinoğlu isə bildirib ki, Ukraynadakı hadisələr başqa məkanlar üçün detonator rolu oynaya bilər: "Vaxtilə rəngli inqilablar da Ukraynadan başlamışdı, daha sonra Gürcüstan və Qırğızıstana keçdi. Ukraynadakı hadisələrin hazırkı nəticəsi o deməkdir ki, xalq avtoritar hakimiyyətə dirənəndə, müqavimət göstərəndə iqtidar geri çəkilmək məcburiyyətində qalır. Ukraynanın yenidən parlament idarəçiliyinə keçməsi də ətraf aləm üçün ciddi mesajdır. Bundan əvvəl Gürcüstan da prezident üsul-idarəsindən parlament idarəçiliyinə keçmişdi. Amma məncə, proses hələ yekunlaşmayıb. Vəziyyət yenidən dəyişə bilər. Məsələ burasındadır ki, Kreml Ukraynadakı mübarizədə birinci mərhələdə məğlubiyyəti ilə barışmayacaq. Moskva əlindən gələn hər şeyi edəcək ki, Yanukoviç getdikdən sonra yeni hakimiyyət uğur qazana bilməsin. Vaxtilə Qərbpərəst prezident Yuşşenkoya qarşı da eyni siyasəti həyata keçirmişdilər. Ukraynaya qarşı enerji embarqosu elan etmiş, bu ölkəni diz üstə çökdürməyə çalışmışdılar. Moskva yenidən bu siyasətinə qayıda bilər. Digər tərəfdən Şərqi Ukraynadakı və Krımdakı rus separatçılarını hərəkətə gətirə bilərlər. Ancaq əgər Kreml bu təhlükəli oyunlara baş vursa, özünü təcrid etmiş olacaq".
Demokratiyanın İnkişafı Problemləri Mərkəzinin sədri Mütəllim Rəhimli isə deyib ki, Ukraynanın gələcəyi yaxşı görünmür. Dağılmış iqtisadiyyat, siyasi böhran, xarici güclərin toqquşan geosiyasi maraqları hələ uzun müddət bu ölkəni silkələyəcək. O bildirib ki, Ukrayna parçalanmağa doğru gedir: "Hazırda Ukrayna vətəndaş müharibəsi astanasındadır. Çünki ölkədə qarşı-qarşıya duran tərəflərdən birinin digərini qəbul etməsi inandırıcı görünmür. Ona görə də bu barışmazlıq mühitinin ölkəni ən azı iki yerə böləcəyini ehtimal edirəm. Deməli, bu hadisələrdən ukraynalılardan başqa hamının qazandığını və maraqlarına uyğun olduğunu söyləmək olar".
Millət vəkili Zahid Oruc bildirib ki, Ukraynanın hazırda yaşadığı dərin iqtisadi-siyasi böhran, onun ərazi bütövlüyünün təhdidi, bir dövlət kimi varlığının sual altında qalması ölkənin bütövlükdə iflası kimi qorxulu nəzəriyyələrə yol açır: "Biz ümumən burada beynəlxalq qüvvələrin də tərəfləri daha çox qanlı savaşa stimullaşdırmaq deyil, böyük maliyyə vəsaitləri ilə kütlələri təşkil etmək, ayaqda saxlamaq, onları müxtəlif dövlət obyektlərinə qarşı kəskin demarşlara təhrik mövqeyindən çıxmağını arzulayırıq".
Millət vəkilinin bildirdiyinə görə, Rusiyanın Ukraynadakı hadisələrdə kifayət qədər mənfi rolu var: "Əslində ortaya bütövlükdə Ukrayna xalqının taleyi qoyulub. Ancaq onun taleyi üzərində bir kimsənin siyasi oyunlar aparmağa ixtiyarı yoxdur. Bizim burada Azərbaycan tərəfi olaraq mövqeyimiz isə odur ki, yəni, Ukrayna ilə, bizim müxtəlif sahələrdə iqtisadi-siyasi tərəfdaşımızla, GUAM çərçivəsində birliyin çox mühüm ölkəsi ilə, həmçinin, müxtəlif beynəlxalq təşkilatlarda yaxından əməkdaşlıq etdiyimiz dövlətlə və xalqlarımız arasındakı formalaşmış dostluq münasibətlərinə rəğmən deyə bilərik ki, onların bu hadisələrin təhlükələrindən çıxmağını arzulayırıq.
Biz bu mənada stabil bir Ukraynanın tərəfindəyik. Mənim heç bir şübhəm yoxdur ki, əslində Ukrayna üzərində 2004-cü ildə yarımçıq qalmış inqilabın növbəti səhnələri oynanılır. Bu isə ağır dramalara yol aça bilər. Çünki ölkə Şərqlə Qərbə bölünüb və bu bölgünün hüquqi cəhətdən meydana çıxması isə daha da qorxulu bir iş olardı".
Ukraynadakı hadisələrə məşhur siyasətçi Zbiqnev Bjezinski də münasibətini açıqlayıb. O, Ukraynanın bütün həyatının Avropayla bağlı olduğunu bildirib: "Ukraynanın Rusiyadan üz çevirməsi nifrətlə bağlı deyil. O, sadəcə böyük Avropanın ayrılmaz hissəsidir".
Zbiqnev Bjezinski həmçinin tezliklə belə hərəkatın Belarusiyada da başlayacağını qeyd edib.
Bir çox ekspertlərə görə isə Eimənistanı da təlatümlər gözləyir. Erməni ekspertlərindən Akop Bədəlyan bildirib ki, Ukraynadan sonra inqilab növbəsi Ermənistana çatacaq. Onun sözlərinə görə, Rusiya Ukraynanı təsiri altına salmağa çalışsa da buna nail olmadı. Ermənistan isə çalışacaq ki, Rusiyanın təsiri altından çıxsın.
Qeyd edək ki, Ukraynadakı hadisələrdən sonra Ermənistanın paytaxtı İrəvan şəhərində ölkələrinin Gömrük İttifaqına qoşulmasını istəməyən yerli əhali aksiya keçirib. Paytaxt İrəvanın bir neçə prospektində şüarlar səsləndirən narazı kütləni ölkənin xüsusi təyinatlıları qarşılayıb. Aksiayalarda yerli idmançılar və siyasi xadimlər də iştirak edib. Polislə nümayişçilər arasıda yaranan qarşıdurma zamanı xeyli sayda insan yaralanıb. Onlarla aksiya iştirakçısı isə həbs olunub.
Politoloq Elşən Həsənovun sözlərinə görə, dünyanin gözü hazırda Ukraynanın paytaxtı Kiyev şəhərindədir: "Hadisələrin gedişatı onu göstərir ki, Rusiyanın əsas dayaqlarından biri olan Ukrayna artıq onun əlindən çıxıb, gerçəkdən müstəqil bir dövlət olmağa can atır və qısa zamanda da buna nail olacaq.
Bəs görəsən sonra növbə hansı ölkənindir, Belarusiya yoxsa Ermənistanın? Ekspertə görə, MDB-də olan bütün dövlətlər bir-bir Rusiyanin tam olaraq təsirindən azad olaraq, əsl müstəqilliklərinə nail olacaqlar: "Əlbəttə ki, bu Rusiyanın maraqlarına ziddir və Rusiya bacardığı qədər öz siyasətini yürüdəcək. Amma buna nail olmayacaq. Çünki onun siyasəti imperialist xarakter daşıyır".
Politoloq onu da bildirib ki, Yanukoviçin hakimiyyətdən getməsi Kremli təşvişə salıb: "Putin bu məğlubiyyətindən sonra özünə yer tapa bilmir. Soçi olimpiadasında açılışa gedən Yanukoviçi təlimatlandıran Putin niyyətinə çatmadı. Hövbənin ona çatdığını anlayır. Rusiya Ukraynanı parçalamağa çalışacaq, Azərbaycan və Gürcüstanda olduğu kimi separatizmi qızışdırmağa və münaqişə yaratmağa cəhd edəcək. Amma zaman onun xeyrinə işləmir. Bir müddətdən sonra Rusiyanın subyektləri də Ukrayna xalqı kimi müstəqilliklərini tələb edəcəklər. Elə ermənilərin özləri də Kremldən asılı qalmaq istəmirlər. İnanıram ki, tezliklə Rusiyanın imperialist siyasəti iflasa uğrayacaq. Bu zaman regiondakı, keçmiş MDB məkanındakı, Yaxın və Orta Şərqdəki dövlətlər rahat nəfəs ala biləcəklər".