Putin ABŞ-ı nüvə silahı ilə təhdid edib Dünya

Putin ABŞ-ı nüvə silahı ilə təhdid edib

Rusiyaya qarşı sanksiyalara daha 6 dövlət qoşulub
Cavid
Ukraynanın şərqində yenidən qızğın döyüşlər başlayıb. Bu haqda Antiterror əməliyyatı mərkəzinin mətbuat xidməti açıqlama yayıb. Bildirilir ki, ordu qüvvələri Luqansk vilayətində Smeloe məntəqəsində separatçıları blokadaya alıb. Bu zaman qızğın döyüşlər gedib. Separatçılara ağır zərbə vurulub.
Ukrayna hərbi qulluqçularının təhlükəsizliyin təmin olunması məqsədi ilə blokpostun yerləşdiryi əraziyə əlavə hərbi texnika və canlı qüvvə göndərilib. Separatçılar da Ukrayna hərbçilərinin mövqelərini minaatanlardan və "Qrad" qurğularından atəşə tutur.
Ukraynanın "112 Ukrayna" telekanalının efirində "Şaxtyorsk" batalyonunun komandiri Andrey Filonenko bildirib ki, Rusiya Federasiyasının hərbçiləri Mariupol şəhəri ətrafındakı bataqlığı qurutmaq niyyətindədir. Onun sözlərinə görə, bataqlığın qurudulmasında məqsəd minalanmış sahələri keçmək və Mariupol şəhəri ətrafında qurulan müdafiəni yarmaqdır. "Çünki Mariupol ətrafında müdafiənin üç xətti tikilib. Bataqlıqdan kənar bütün yollar isə minalanıb", deyə batalyon komandiri vurğulayıb. Onun sözlərinə görə, Mariupol ətrafında yerləşən Rusiya qoşunları şəhəri mühasirəyə almaq niyyətindədir. Xatırladaq ki, avqustun sonlarında Donbas separatçıları Rusiyadan böyük hərbi dəstək alaraq Donetsk vilayətinin Novoazovsk şəhərini ələ keçirib və Mariupola yaxınlaşıb. Mariupol isə Azov dənizi sahilindəki, eyni zamanda Krım yarımadasına gedən quru dəhlizi üzərində strateji məntəqə hesab olunur. Hərbi və siyasi analitiklər isə Rusiyanaın mart ayında özünə birləşdirdiyi Krıma qrupu dəhlizi açmaq üçün hazırlaşdığını iddia edir.
Məsələn, sonuncu dəfə"Baltic Business Forum"da Polşa ordusunun istefada olan generalı, müdafiə nazirinin keçmiş müavini Valdemar Skşopçak bu barədə danışıb. Onun sözlərinə görə, Rusiya qoşunları qış aylarında Krım yarımadasına dəhlizi açmağa cəhd edə bilər. "Minlərlə rus əsgəri öləcək. Bu isə Putin üçün problem yaradacaq. Çünki ölən əsgərlərin anaları övladlarının niyə öldüyünü soruşacaqlar? Putinin və ya Rusiyanın ambisiyaları üçünmü?", - deyə Skşopçak bildirib. Generalın fikrincə, Qərb dövlətlərinin siyasi təzyiqi və Ukrayna ordusunun müdafiə qabiliyyətinin gücləndirilməsi sayəsində Putin Krıma dəhliz açmaq fikrindən imtina edə bilər.
Qərb isə Ukraynada müharibənin yenidən alovlanacağından və Putinin növbəti avantüralarından narahatdır. ABŞ-ın müdafiə naziri Çak Heygel Rusiya qoşunlarının NATO üçün təhlükə olduğunu bildirib. Pentaqon rəhbərinin sözlərinə görə, ABŞ Rusiya ordusunun NATO üçün yarada biləcəyi təhlükənin qarşısını almaq bütün zəruri addımları atmalıdır: "NATO beynəlxalq bir təşkilatdır. Rusiya bu təşkilata qarşı hər zaman mənfi münasibət sərgiləyib. Biz ABŞ hökuməti olaraq Rusiyadan Şimali Atlantika Alyansına qarşı ola biləcək istənilən təhlükənin qarşısını almalıyıq. NATO-nun son zamanlar Rusiya sərhədlərinə doğru irəliləməsi rəsmi Moskvanı ən çox narahat edən amillərdəndir. Ruslar dəfələrlə bəyanat verərək qurumun Rusiyaya qarşı yaradılmış təşkilat olduğunu deyiblər.
Yeri gəlmişkən, yaxın günlərdə Rusiyanın şimal donanması və Qara dəniz donanmasının hərbi gəmiləri Egey dənizinin mərkəzi hissəsində görüşəcəklər. Aralıq dənizinin şərq rayonlarına keçərkən "Vitse-admiral Kulakov" və "Novoçerkassk" hərbi gəmiləri birgə manevr etmək tapşırığını işləyib hazırlayacaqlar. Donanmalararası qarşılıqlı fəaliyyət elementlərinin işlənib hazırlanması – Rusiya hərbi gəmilərinin ekipajının uzaq yürüşlərdə həll edəcəyi ən mühüm vəzifələrdəndir. Rusiya 2013-cü ilin martında Aralıq dənizi regionuna Sakit okean donanmasının gəmi dəstələrini göndərərək Aralıq dənizi eskadrasının yaradılmasına başlayıb. Hazırda Aralıq dənizi qruplaşmasının tərkibində rotasiya əsasında Sakit okean, Şimal, Baltik və Qara dəniz donanmalarının gəmiləri fəaliyyət göstərir. Aralıq dənizi eskadrasının maddi-texniki təchizatı əsasən Tartusdakı (Suriya) stasionar məntəqənin yardımı ilə həyata keçirilir.
Rusiya Prezidenti Vladimir Putin isə Ukraynada yaşanan hadisələrə bir çox beynəlxalq insan hüquqları təşkilatlarının göz yumduğunu deyib. Beynəlxalq hüquq prinsiplərinin tətbiqində böyük maneələr olduğunu deyən Putin Ukraynada baş verən hadisələri "soyqırım" adlandırıb:
"Bu hadisələrdə beynəlxalq hüquq normalarının keçməməsi dünyada bu prinsiplərin qorunmamasını göstərdi. Ukraynanın şərqində baş verən hadisələrə beynəlxalq ictimaiyyət ikili standartlarla yanaşır. İnsanlar işgəncəyə məruz qalır. Qəddar və alçaldıcı rəftar görür. Ayrı-seçkilik və mühakiməsiz edamlar edilir. Təəssüf ki, bir çox beynəlxalq təşkilat da bütün bu gerçəklərə göz yumur".

Ukrayna ordusunun ölkənin şərqində cinayətlər törətdiyini deyən Rusiya lideri bunların cavabsız qalmayacağını bildirib: "Beynəlxqal araşdırmaçılar, jurnalistlər həbs olunur, öldürülür. Bu bir cinayətdir. Ukrayna xalqı ilə rus xalqı arasında uçurum yaranıb. Bu bir faciədir. Ukrayna xalqı göz yaşlarını bizimlə bölüşməsə də, oturub insanların aclıqdan, əlacsızlıqdan və ya tibbi yardım olmadığı üçün öldüyünə tamaşa etməyəcəyik".
Xatırladaq ki, Birləşmiş Millətlərin hesabatına görə, son 6 ayda Ukraynada davam edən vətəndaş müharibəsi nəticəsində 3700 nəfər öldürülüb, 8800 nəfər isə yaralanıb.
Bu arada Avropa Birliyinə namizəd ölkələr Rusiyaya qarşı AB-nin sanksiyalarına qoşulub. Bu barədə AB-nin yaydığı müraciətdə deyilir. Rusiya bankları və şirkətlərinin AB kapitalı bazarına və eləcə də dərinözüllər, arktik və şist neftinin emalına olan sanksiyalara Çernoqoriya, İslandiya, Albaniya və Ukrayna qoşulub. Lakin Donbasda "separatçı qüvvələrlə sövdələşən" hüquqi şəxslərlə bağlı isə sanksiyalara isə daha çox ölkə qoşulub.
Onu da bildirək ki, Qərbin ağır sanksiyaları altında iqtisadi böhranla üzləşən günlər yaşayan Rusiya Federesiyasının prezidenti Vladimir Putin əsas rəqibi ABŞ-ı növbəti dəfə nüvə silahı ilə təhdid edib. RİA xəbər agentliyinin verdiyi məlumata görə, Belqrad səfəri çərçivəsinə Serbiya mətbuatına müsahibə verən Kreml rəhbəri bildirib ki, ABŞ strateji sabitlik üçün böyük nüvə dövlətləri arasında nifaqın nə ilə nəticələnə biləcəyini xatırlayacaq və Rusiyanı şantaj etməkdən imtina edəcək. O, müsahibəsində həmçinin qeyd edib ki, ABŞ Rusiyaya qarşı düşmənçilik aparır: "Həmçinin bu da faktdır ki, ABŞ prezidenti Barak Obama Ebola virusundan sonra dünya üçün növbəti təhlükənin Rusiya olduğunu bildirib. O, Rusiyanın İŞİD qruplaşmasından belə təhlükəli olduğu qənaətindədir.
Qeyd edək ki, bu, Rusiya prezidentinin ABŞ başda olmaqla Qərbə etdiyi ilk nüvə hədəsi deyil. Putin avqust ayında keçirilən "Seliger-2014 Gənclik Forumu"nda "Rusiyaya qarşı bir hücum olarsa, bunun cavabını çox sərt verəcəklərini bəyan etmişdi: "Ortaqlarımız hansı xarici siyasət yürüdürlərsə yürütsünlər, ancaq onu bilsinlər ki, bizimlə qarşıdurma onlara fəlakət gətirər".
Rusiyanın dünyanın ən güclü nüvə dövlətlərindən biri olduğunu xatırladan Putin qeyd edib ki, Rusiyanı təcrid etmək planı dünyanı genişmiqyaslı qarşıdurmaya aparır.
"Rusiya öz təhlükəsizliyini təmin etmək üçün nüvə sənayesini inkişaf etdirəcək. Rusiya dünyanın ən böyük nüvə ölkələrindən biridir. Bu bir reallıqdır", - deyə Putin bildirib.
Bundan daha əvvəl isə - Krım Muxtar Respublikası və Sevastopolda müstəqillik referendumunun keçirildiyi 16 mart tarixində rusiyalı teleaparıcı, Kremlin ruporu sayılan Dmitri Kiselyov nüvə təhdidi ilə çıxış etmişdi. Teleaparıcı "Rossiya-1" telekanalının "Vesti nedelyi" verilişində Rusiya ilə ABŞ arasında nüvə müharibəsinin mümkünlüyündən danışıb. "Rusiya ABŞ-ı radioaktiv külə döndərə biləcək yeganə ölkədir", - demişdi.